Kəşfiyyatçı qazi:   “Orda hiss etdim ki, ayağım keyiyib”
22 dekabr 2020 12:06 (UTC +04:00)

Kəşfiyyatçı qazi: “Orda hiss etdim ki, ayağım keyiyib”

Vətən Müharibəsinin tarix yazan igid qəhrəmanlarından biri də müddətdən artıq xidmət edən hərbi qulluqçu Bayram Qara oğlu Quliyevdir.

APA TV-nin xəbərinə görə, Bayram 1998-ci ildə Xızı rayonunun Şurabad kəndində anadan olub.

Vətən Müharibəsinin ilk günündən öndə olub. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. Döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak edib.

Füzulidən Şuşaya kimi döyüş yolu keçən Bayram noyabrın 8-də yaralanıb. Hospitalda qələbə xəbərini eşidəndə isə bütün ağrılarını unudub. Kəşfiyyatçı olan döyüşçü sağalaraq evinə dönüb. Uşaq vaxtından hərbiyə maraq göstərib və arzusuna da çatıb.

Artıq doğma yurduna qayıdan qazi döyüş yolundan danışır. Onun sözlərinə görə, Füzuli uğrunda gedən döyüşlərdə də ciddi müqavimətlə rastlaşıblar: “Bizim bir sözümüz var idi ki, ancaq irəli. Hamı bunu fikirləşirdi. Füzulidə döyüşlərdə ermənilərin ön xətti var idi. Ora çox çətin bir yer idi. Biz oranı alana kimi iştirak etmişəm. Düz oranı alana kimi. Getdik biz arxasına da baxdıq ki, bunlar bizə hansı tərəfdən atır, necə bir yerdir. Onlar bir neçə il ərzində elə tunellər qazıblar ki. Şəxsən bir şeyin şahidi oldum ki, səngərin içi ilə gedirsən, gedirsən, bir də görürsən qarşına ev çıxır. Yəni özləri üçün elə şərait qurmuşdular Füzulidə”.

Bayram deyir ki, Daşaltının işğaldan azad edilməsində iştirak edib və sıldırım qayalarla, meşələrlə Şuşaya doğru hərəkət ediblər. O, yaralı döyüş yoldaşlarını da ölümdən xilas edib: “Biz 30 metrliyində düşmənlə atışmışıq. Onda mən ayaq üstə atışırdım. Biz fikirləşmirdik ki, nəsə olar. Hər şey ola bilərdi, şəhid də olardıq. Yəni bu birmənalıdır. Orda hiss etdim ki, ayağım keyidi. Bildim güllə dəyib, onda mən baxmadım. Bizimkilərə dedim ki, heç olmasa, dostlarımızı çıxaraq”.

Bayram 3 nəfər döyüş yoldaşı ilə Şuşa ətrafında olan meşədə pusquya düşərək yaralanıb. Amma buna baxmayaraq, sona qədər döyüşərək pusqudan çıxa bilib. O və bir neçə əsgər bir gün meşədə yaralı vəziyyətdə qaldıqdan sonra xilas ediliblər.

Qəhrəmanımız çox qürurludur, çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, şəhidlərimizin qisasının alınmasında da yaxından iştirak edib. müalicəsi ev şəraitində davam edən Bayram yenidən vətənin xidmətində olacağı günü səbirsizliklə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Oxşar yazılar