Abşeron rayonu Xırdalan şəhəri sakinlərindən redaksiyamıza şikayət daxil olub.
Şəhərin 25-ci məhəlləsində yerləşən bina 1, 2 və 3-ün bir qrup sakinləri Lent.az-a bildiriblər ki, artıq xeyli müddətdir ki, evlərində rahat yaşaya bilmirlər:
“Xüsusən də yayda daha dəhşətli vəziyyət yaranır. Hər üç binanın zirzəmisi bərbad vəziyyətdədir. Zirzəmiyə kanalizasiya suları axır, siçan, siçovul, müxtəlif növ həşəratlar əlindən binanın yanından keçmək belə olmur. Ağcaqanadların dişləməsi səbəbindən uşaqlar müxtəlif növ yoluxucu xəstəliklərə yoluxurlar. Bunlarla yanaşı, kanalizasiya sularının və zibilliklərin iyi nəfəs almağımıza imkan vermir. Qeyd etdiyimiz səbəblərdən pəncərələri aça bilmirik, həyətə düşə bilmirik. Hamı ancaq güclə evinə qaçır və qapanır.
Özümüz bir neçə dəfə aidiyyəti qurumlara şifahi müraciət etsək də müsbət cavab ala bilmirik. İllərdir ki, bu antisanitar vəziyyətdə yaşayırıq. Bu əsrdə şəhər mərkəzində bu vəziyyətdə binaların hələ də olması çox utancverirci haldır. Xahiş edirik ki, bununla bağlı tədbir görülsün”.
Qeyd edək ki, mövzu ilə bağlı "Azərsu" ASC-yə məlumat vermişik. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və tədbir görüləcək.