Erməni yaraqlıları Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşa
03 iyun 2021 13:59 (UTC +04:00)

Erməni yaraqlıları Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşa

"İşgəncələrə dözməyib intihar edənlər oldu" - Erməni yaraqlılarının məhkəməsində dəhşətli faktlar açıqlandı

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 
İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib. İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. 
Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib. Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib. Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub. İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib. 
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib. 
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Onların cinayətlərindən danışan zərərçəkən Kamil Babayev bildirib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan əsirlikdə qaldığı müddətdə azərbaycanlılara zülm verən şəxslərdən olublar. 
“Şuşa həbsxanasında olarkən onlar bizə zülm verib, qan uddurublar. Anadan əmdiyimiz südü burnumuzdan gətiriblər. Elə işgəncə yoxdur ki, bədənimdə izləri qalmasın. Bədənimdə siqaret söndürüb, xaç şəkli çəkiblər”. 
“Mən 1 il 9 ay erməni əsirliyində olmuşam. 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı zaman yaralı halda ermənilərə əsir düşmüşəm”. Bunu isə zərərçəkmiş Həbib Kazımov deyib. O, əsirlikdə saxlanıldığı müddət ərzində ermənilər tərəfindən məruz qaldığı işgəncələrdən danışıb. Bildirib ki, əsirlik dövründə ermənilər tərəfindən dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyülüb: 
“Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri "Yoxa", digəri isə "Ayoşa" ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik "Lyoxa" ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi”. 
Kazımov bildirib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də, işgəncələrə dözməyib intihar edənlər də oldu. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər”. 
“Mən 1994-cü il martın 7-də yaralandım və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində qaldım. Martın 8-də ermənilər gəlib məni həmin ərazidən götürdülər. Məni əvvəlcə Xankəndidəki hospitala apardılar. Ay yarım müalicə olunduqdan sonra Şuşa həbsxanasına gətirdilər”. 
Bunu məhkəmə iclasında zərərçəkən qismində dindirilən Zahid Həsənov deyib Zahid Həsənov bildirib: “Əsirlikdə olduğumuz müddətdə həm Lüdvik Mkrtiçyan, həm də Alyoşa Xosrovyan tərəfindən ağır işgəncələrə məruz qalırdıq. Təkcə məni yox, bütün azərbaycanlı əsirləri incidir, döyürdülər. Mən hospitalda olanda Alyoşa oraya da gəlirdi və orada da bizi – yaralıları, xəstələri döyürdü”.

Məhkəmə prosesi davam edir.

# 6516
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar