İnsanlar 14 gün evdə qalmamaq üçün bunu edirlər, amma... -  Koronavirus HİYLƏSİ
24 sentyabr 2021 17:30 (UTC +04:00)

İnsanlar 14 gün evdə qalmamaq üçün bunu edirlər, amma... - Koronavirus HİYLƏSİ

Koronavirusun təyin olunmasında istifadə edilən testlərdən biri olan PZR (Polimeralı Zəncirvari Reaksiya) üsulu ilə yuxarı tənəffüs yollarından götürülən  materialda virusun olub-olmadığı müəyyən edilir. 

Qeyd edək ki, PZR istifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatında təsdiqləyici test kimi qəbul olunub. Hazırda Azərbaycanda da ancaq sözügedən test növünün cavablarına əsasən koronavirus xəstələri qeydiyyata düşə bilirlər.

Lent.az məlumat verir ki, PZR testlərinin qiymətləri arasında fərqlər böyükdür. Məsələn, bəzi klinikalarda sözügedən testlərin qiyməti 30 manatdan başlasa da, bəzilərində hətta 100 manata qədər də ola bilir.

Bundan başqa burundan götürülən yaxma testinin digəri isə antigen testləridir. Hazırda bir çox ölkələrlə birlikdə, Azərbaycanda da insanlar özləri ev şəraitində bu testlərdən istifadə edirlər. Bəzən insanlar isə elə düşünür ki, antigen testi PZR testidir və onun nəticəsi dəqiqdir. Bu isə elə deyil.

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan Azərbaycan Tibb Universitetinin (ATU) tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Həyat Əliyeva bildirib ki, PZR testinin nəticəsi 100 %-dir:

“Sözügedən testin işlənilməsi üçün xüsusi texniki təchizat tələb olunur. Burada virusun genetik materialını (DNT və ya RNT) müəyyən etmək mümkündür. Bunun nəticəsi isə ən tezi 3 saat müddətinə bəlli olur.

Testlərin qiymət fərqləri isə koronavirusun genlərinin təyin edilməsinə görədir. Hazırda Bakıda bəzi klinikalarda təyin edilən genlərin sayı üç, bəzilərində isə birdir. Genlərin sayının çox olması isə daha çox dəqiq məlumat deməkdir”.

H.Əliyeva qeyd edib ki, hamiləlik testlərinə bənzər olan antigen testlərinin nəticələri isə düzgün deyil:

“Bu testlərin cavabları tez olsa da, cavabları dəqiq olmur. Məsələn, antigen testlərində qrip olan xəstəyə də COVID-19 nəticəsi çıxa bilər. Sözügedən test növü PZR-dən zəifdir.

Bəzi klinikalar sözügedən testləri insanlara PZR testi kimi təqdim edirlər. Bundan başqa antigen testləri ucuzdur deyə hər kəs ona müraciət edir. Ancaq unutmaq lazım deyil ki, sözügedən nəticələri təsdiqləmək üçün PZR mütləqdir”.

Fəlsəfə doktoru əlavə edib ki, insanların nəticələri dəqiq olmayan antigen testlərinə müraciət etməsinin bir səbəbi də sistemə xəstəliklərinin düşməməsi ilə bağlıdır:

“Nəticələri düzgün olmayan şəxslər isə əmin olmadan koronavirusa görə müalicə də ala bilərlər. Bir daha xatırladıram ki, antigen testlərinin nəticəsi dəqiq deyil. Bunun dəqiqləşməsi üçün mütləq PZR testinə ehtiyac var”.

# 8337
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar