İki dükan arasında tualet, toyuq ayaqları, mikrob yuvası... - “Vasmoy bazarı”ndan FOTOREPORTAJ
05 may 2022 14:04 (UTC +04:00)

İki dükan arasında tualet, toyuq ayaqları, mikrob yuvası... - “Vasmoy bazarı”ndan FOTOREPORTAJ

Nizami rayonunun 8-ci kilometrliyində yerləşən məşhur bazara yəqin ki, yolu düşənlər az deyil. Süfrələrimizə ərzaqlar hansı şəraitdən çıxıb gəlir? Sağlamlığımızı kimlərə etibar edirik?

Bax, bu sualların cavabını tapmaq üçün Lent.az-ın əməkdaşı “Vasmoy bazarı”nda olub.

Bazarın bir başından ətrafı müşahidə edə-edə gəldik, çıxdıq ərzaq məhsulları olan hissəyə. Maşallah olsun, burada nə desən var - hər cür məhsul satılır. “Gəl, ay xanım, gəl, təzə kənd çolpası burdadı!”, “Öz həyətimizdən təzə xiyar, badımcan var!”, “Təzə Gədəbəy kəklikotusu qurtardı!” -, satıcılar müştərini piştaxtaya səsləyirdi. Müştəri çox, məhsul çox, alan az idi. Sən demə, ora qədər gördüklərimiz az imiş. Bazarda məhsullardan çox qarşımıza hər cür zibil çıxdı: zibillə dolu yeşiklər və arabalar, su butulkaları, toyuq ayaqları, balığın pulcuq və quyruqları, xarab olmuş göy-göyərti və s. O üfunətli qoxunu sözlərlə ifadə etmək asan deyil. Bu zibillər əsas da başını aşağı salıb çörək pulu qazanan satıcıların ayaqlarının, piştaxtalarının altına yığılmışdı. Konkret antisanitariya yuvasına çevrilmiş yerdə çalışan satıcıların sözlərinə görə, “hava” onlara xoşdur, hətta əvvəl burada daha çox zibil var imiş. Onları qınamaq olar, ya olmaz, onu oxucular biləcək. Ancaq təmizlik işçilərinin arada gəlib baş çəkdiklərini, əraziyə təzəliklə zibil konteynerlərinin qoyulduğunu dilə gətirdilər. 

Yaxşı, bəs yerdə bizə baxan zibillərin kiməsə dəxili yoxdur? Bu məsələ yəni, heç kimi maraqlandırmır? Alverçi məsuliyyətsizliyi, yoxsa...?

Bu cavabsız suallarla birlikdə bazarın içərisinə doğru irəliləyirik. İrəlilədikcə, yenə başqa bir mənzərəyə şahid oluruq. Bu dəfə meyvə ilə tərəvəz satılan yer arasında ayaq yolu salınmışdı. Bəs bunun hansı məntiqi açıqlaması ola bilər? Bazardakı bu cür bərbad vəziyyətə aidiyyatı qurumlar səssiz qalsalar da, biz səssiz qala bilmərik. Söhbət əhalinin süfrəsinə yol açan mikroblardan, bu vəziyyətdən kimlərinsə sui-istifadə etməsindən gedir. 

Bu vəziyyət mediada hələ nə qədər işıqlandırılacaq? Sualın cavabını almaq üçün aidiyyatı qurumlara sorğu göndərdik. Cavab əldə olunan kimi bununla oxucularımızı da tanış edəcəyik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

# 4668
avatar

Nigar Namiq

Oxşar yazılar