İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi sosial şəbəkələrin sürətlə yaranması və yayılmasına təkan verdiyindən müasir dünyada sosial şəbəkələrdə informasiya axını daha sürətli gedir. Bir çox hallarda isə sosial şəbəkələr media resurslarını nəinki üstələyir, bəzən media üçün hansısa məlumatların verilməsində istinad mənbəyi rolu oynaya bilir. Başqa sözlə desək, bu gün dünyada informasiyanın yayılmasında sosial şəbəkələrin media qədər rolu var. Çünki sistemin sürətliliyi və davamlılığı ən informasiya ötürülməsində operativliyi də təmin edir. Belə isə sosial şəbəkələr medianın cəmiyyətdəki rolunu oynaya bilirmi? Bu sahədəki inkişaf cəmiyyətə hansı müsbət və mənfi yeniliklər gətirir?
İlk olaraq onu qeyd edək ki, ötən əsrdə ən yaxşı təbliğat vasitəsi çap mediası idi və insanlar demək olar ki, əksər məlumatlar ya radio və televiziyadan, ya da qəzet və jurnallardan alırdılar. Müxtəlif dövrlərdə dövlət tənzimlənməsi-senzura olduğuna görə bəzən media məlumatları cəmiyyətdəki reallıqla uzlaşmırdı. Azərbaycanın müstəqilliyi əldə etməsindən sonra ölkədə Ulu Öndər Heydər Əliyevin qərarı ilə media üzərindəki senzura ləğv edildi. Senzuranın ləğvi nəinki çoxsaylı media resurslarının yaranmasına səbəb oldu, həm də bir çox məişət xarakterli məlumatların qəzet səhifələrinə və televiziya efirlərinə də yol almasına gətirib çıxardı.
Cəmiyyətin informasiya ilə təmin olunmasında və maarifləndirmə işinin aparılmasında medianın rolu istisnasız böyükdür.
Media sahəsində dövlətin əsas vəzifələri
Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir. Audiovizual media televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media, çap mediası il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media, onlayn media audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır. İnformasiya agentliyi kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır.
“Media haqqında” qanuna əsasən, media sahəsində dövlətin əsas vəzifələrinə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək, Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq, medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq, Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək, ictimai yayımın təmin olunması üçün şərait yaratmaq daxildir.
Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Media sahəsində fəaliyyət azadlığı yalnız “Media haqqında” qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
Beləliklə, media sahəsində dövlətin əsas vəzifələri sırasında istifadəçiləri zərərli informasiyanın təsirlərindən qorumaq yer alıb.
Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu qanunun tələblərinin pozulması halları aşkar edildikdə, Audiovizual Şura və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.
Mediaya dair tələblər
Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər də qanunda əksini tapıb. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
- Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
- dövlət dili normalarına riayət edilməlidir;
- irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
- terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
- əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
- şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
- şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
- sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
- faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;
- parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
- pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
Beləliklə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər sırasında yer alan şərəf və ləyaqətin alçaldılmasına, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına, böhtana, təhqirə və nifrət çıxışlarına, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) və pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair tələblər ilk növbədə ailənin, ailə dəyərlərinin qorunmasına yönəlib. Bu sıraya “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblər də daxildir.
Arzuedilməz hallar
Bununla belə, son illər məişət xarakterli məsələlərin media resurslarında, əsasən də televiziyaların efirlərində müzakirəyə çıxarılması halları artıb. Belə ki, son illər ölkə kanallarında günün müxtəlif saatlarında sosial şoular yayımlanır və bu şouların əsas mövzusu ailədaxili münaqişələr, dağılan ailələr və digər ailə məsələləri ilə bağlı olur.
Sosioloqlar isə hesab edirlər ki, hər hansı şəxsin və şəxslərin şəxsi həyatlarının, əsasən də ailə məsələlərinin milyonlarla auditoriyası olan telekanallarda müzakirəyə çıxarılması cəmiyyət üçün zərərli tendensiyalar yaradır. Azərbaycan xalqı üçün ailə dəyərləri hər zaman müqəddəs olub. Hətta keçmiş zamanlarda ailə quran gənclərə ağsaqqal və ağbirçəklərimiz nəsihət verərkən ailə sirrinin evin kandarından çıxarılmamasını tövsiyə edərdilər. Hesab olunurdu ki, ailə daxilində olan məsələlər leə ailə içində də qalmalıdır. Hətta ailələrdə tərəflər arasında hər hansı anlaşma və ailənin davam etdirilməsi imkanları qalmadıqda belə insanlar nikahlarını rəsmi və sivil şəkildə sonlandıra bilirdilər. Son illər isə ailələrdə olan problemlər az qala ölkə səviyyəsində ictimailəşdirilir. Burada ən pis nəticə isə gənc nəslin belə proqramlardan mənfi istiqamətdə nələrisə örnək götürməsi ola bilər.
Ekspertlər hesab edirlər ki, böyük tamaşaçı auditoriyası olan media resursları əksinə olaraq insanları ailə münasibətləri, ailə qanunvericiliyi, tərəflərin hüquq bərabərliyi, nikahın qeydə alınması və xitamı, uşaqların doğumu, atalığın müəyyən edilməsi və digər bu kimi məsələlərlə bağlı davamlı olaraq cəmiyyəti maarifləndisələr, daha yaxşı nəticələr əldə etmək mümkündür. Ekspertlərin fikrincə, bu cür təbliğat həm videoçarxlar vasitəsilə, həm də bu sahəyə həsr olunmuş televiziya proqramları ilə həyata keçirilə bilər.
Onu da qeyd edək ki, Azərbaycanda ailə məsələləri ilə məşğul olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və bu qurum tərəfindən vaxtaşırı ailə problemləri və ailə münasibətlərinə dair tədbirlər təşkil edilir. Ekspertlər isə hesab edirlər ki, hər il ölkədə nikahlar;n pozulmasının sürətlə artması, eləcə də ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının artması bir daha təsdiq edir ki, bu sahədə həyata keçirilən tədbirlər və təbliğat işləri yetərli səviyyədə deyil. Bu baxımdan da ekspertlər bu sahəyə məsul olan dövlət qurumları və media resurslarının təbliğat sahəsində yaxından əməkdaşlıq etməsini vacib sayırlar. Həmçinin telekanallarda ailə mövzuları ilə bağlı yayımlanan proqramlarla əlaqədar ciddi tənzimlənməyə ehtiyac olduğu bildirilir. Çünki bu proqramlara çıxarılan insanların əksəriyyəti öz hüquqlarını bilmirlər və bu səbəbdən də həmin proqramların iştirakçısına çevrilirlər. Telekanallar isə həmin insanların problemləri üzərində reytinq və daha çox pul qazanmaq yolunu tutublar. Əgər araşdırma aparılsa məlum olacaq ki, həmin proqramın iştirakçılarının heç birində ailə problemləri həllini tapmayıb, əksinə, daha da dərinləşib. Ekspertlər həmçinin ailə və uşaq hüquqları sahəsində sosial şəbəkələrdə də müəyyən tənzimləyici mexanizmlər yaradılmasını vacib sayırlar. Hesab olunur ki, qanunvericilikdə olan boşluqlar bu sahədə çoxsaylı problemlər yaradır. Artıq bəzi ölkələrdə “Facebook”, “İnstagram” və “Tık-Tok”-la bağlı ya müəyyən qadağalar tətbiq olunur ya da onların fəaliyyətinə və istifadəçilərə müəyyən məhdudiyyətlər qoyulur. Bu gün ən bərbad vəziyyət “Tık-Tok”-dadır və bu cür nəzarətsiz şəbəkənin olması həm cəmiyyət üçün, həm də uşaqların təlim tərbiyəsi üçün təhlükəlidir. Ona görə də bu sahədə mütləq qanuni tənzimlənmə aparılmalıdır. Medianında bu sahədə dəstəyi olmalıdır ki, cəmiyyət üçün ziyanlı olan hallar aradan qaldırıla bilsin.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.