Biz kimə baxırıq və niyə baxırıq? Tanınmış "TikToker” Ləman Vəliyeva himnimizi təhrif edərək söyüşlə oxuyub. Camaat da bəh-bəhlə qulaq asıb, ona hədiyyələr göndərib.
Lent.az-ın xəbərinə görə, "TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib. Daxili İşlər Nazirliyinin əməkdaşları dövlət atributunu təhqir eləmiş Ləmanı polis şöbəsinə dəvət edib, “başa salıb”.
Ləman səhifəsindəki videoyazını silsə də, guya səmimi peşman olsa da, biz bilirik ki, qozbeli qəbir düzəldər. Ağzını söyüşlə açıb, söyüşlə yuman, başqalarına ağıl öyrədən bu qadın yəqin yenə bildiyini edəcək. “Ağıl öyrədir”i boş yerə demirəm. Kim olduğunu anlamaq üçün bir neçə dəfə canlı yayımlarına baxmışam. Camaatda da az deyil, oturub bu cahil, dünyadan bixəbər qadından həyat fəlsəfəsi psixologiya dərsləri alırlar. ”Ləman, ərim xəyanət edir nə edim?”, “Ləman, nişanlım məni kafeyə aparmır nə edim?” O da hamısına eyni cavabı verir, həm də ən biədəb şəkildə. “Vur dalına təpiyi getsin. Yığ ağzına zibili”.
Ağası gülüm olanın, başına külüm olar deyiblər. Ondan başqa nə cavab gözləmək olar ki? Ləman belədir bəs sizə nə düşüb, ay izləyicilər, ay bizim boş-bekar insanlarımız? Keçəlin dərmanı olsa, öz başına sürtər. Ləman bütün günü ərinə, qayınanasına yeddi mərtəbəli söyüşlər söyən, orta məktəbi yarım-yamalaq bitirmiş bir qadındır, cahil olmaqla qalmayıb, cahil olduğunu da anlamır.
Başqa vaxt işsizlikdən, pulsuzluqdan gileylənənlər nə əcəb Ləmana jeton atmağa pul tapırlar? Deməli bu ölkədə məşhur olmaq üçün alim, qəhrəman olmaq lazım deyil, başqa cür ortaya çıxmaq yetərlidir. Söy qazan, döy qazan, məmləkət olub qotur dəvənin yaylağı.
Bu gün efirlərə çıxıb, qızıllarını nümayiş etdirən üçüncü cinsin nümayəndələrini əminliklə deyə bilərəm ki, xaricdən LGBT qurumları maliyyələşdirir. Gənc, yeniyetmə baxıb görür ki, filan “kişi” özünü qadın kimi təqdim etməklə qızıllarını, villasını var-dövlətini nümayiş etdirir, yeniyetmə də düşünür ki, belə olsam, yəqin mən də yaxşı yaşayaram.
Qayıdıram Ləmana. Bu qız bəlkə də kimlərinsə əlində güclü vasitədir. Həm qazanc əldə edərək, həm gənclərin beynini yuyur. Onun bu əməli bu himn uğrunda həlak olan şəhidlərə hörmətsizlikdir, bütün Azərbaycan xalqına təhqirdir.
Dövlətimizin himninə, bayrağına hörmət etmək vətəndaş borcumuzdur. Azərbaycanın çörəyini ye, himnini də lağ obyektinə çevir?
Dövlətdən məktəbdə tualet olmadığına görə haqqını tələb edən müəllimə töhmət verilsin, rəqs etdiklərinə görə tibb işçiləri işdən çıxarılsın, amma canlı yayımda durub insanları təhqir edənlər, Tik-Tokda fala baxanlar, narkotik satanlar, əxlaqsızlıq edib bədənini satanlar at oynatsın, millət də baxsın. Əxlaq deyilən o məvhum bu gedişatla 10 il sonra arxaik söz olacaq, mənasını bilən qalmayacaq.