1999-cu il mart ayının 19-da Biləsuvarda qaçqın və köçkünlərin yerləşdiyi 4 saylı şəhərcikdə bir toy məclisi quruldu. Həmin toyun səsi-sədası çox ellərə yayıldı, uzun illər unudulmadı. Bu toyda iki bəy, iki gəlin var idi. Ən əsası isə toyda o zamanlar Azərbaycan Prezidenti olan Heydər Əliyev iştirak edirdi.
Lent.az-ın müsahibi həmin gün toyu olan Arzu Cavadovdur. O 24 il öncə baş tutmuş toy məclisi barədə xatirələrini danışır:
“Bizim toydan bir müddət öncə Heydər Əliyev Biləsuvara gəlmişdi. Təsadüfən həmin gün çadır düşərgəsində toy var idi. Heç bir şərait olmayan yerdə insanlar məclis qurmuşdular. Yağış yağmış hər yer palçığa bulanmışdı. Heydər Əliyev o çətin şəraiti görüb tapşırıq verdi ki, şəhərcikdə təcili xeyir-şər evi tikilsin. İcra başçısına 1 ay vaxt verdi, dedi gəlib özüm maraqlanacam. Xeyir-şər evi hazır olandan sonra qərar verildi ki, nişanlı cütlüklərin orda toyu edilsin. Camaat danışırdı ki, Heydər Əliyev özü toya gələcək. Həmin gün mən və Fizulidən olan Qarabağ əlili Tuqay Rzayevin toy məclisi quruldu. O keçmiş döyüşçü, mən şəhid ailəsiydim. Hadrut əməliyyatında şəhid olmuş 8 kəşfiyyatçıdan biri, Fariz Cavadovun qardaşıyam. Toyumuzun bütün xərcini mərhum liderimiz öz üzərinə götürmüşdü. Toya gəldi. İnsanlar onu böyük həyəcan və sevgiylə qarşıladılar. Çox səmimi, mehriban idi. Sanki bizlərdən biriydi, çox doğmalıq hiss edirdik. O toyda onun mühafizəçiləri var idimi, yox idimi, bilmirəm. Biz görmədik, hiss etmədik. Aramızda idi. Hər kəs onu qucaqlayır, bağrına basırdı. 3 saat toyda iştirak etdi. Xeyir – dua verdi. Öz toyunun necə keçməsindən danışdı. Bir onu bilirəm ki, mən şoka düşmüşdüm. İlk dəfə prezidentlə qarşılaşırdım və o mənim toyumda iştirak edirdi, çiyin-çiyinə rəqs eləyirdik. Bu böyük sevinc idi. Rəqs havası çaldırdı və rəqsə qalxdı. Çox ürəklə rəqs elədi. O anları heç vaxt unuda bilmərəm”, - deyə Arzu Cavadov bildirib.
Həmin toyda müğənni kimi iştirak edən Əlikram Bayramov Lent.az-a verdiyi açıqlamada deyib.
“O günə qədər rayon toylarında oxuyurdum. Çox həyəcanlıqdım, ölkə başçısının qonaq olduğu toyu mən idarə edirdim. Həyəcandan da çox sevgi var idi. Onun üzündə qəribə nur var idi, istər – istəməz görən kimi doğmalıq hiss edirdin. Heydər Əliyevin o toyda iştirakı taleyimi dəyişdi. O toydan sonra məşhurlaşdım”.
Onun xeyir-dua verdiyi gənclər indi kök salmış ailələrdi. O gün o toyda iştirak etmiş hər insanın ürəyində müharibəsiz, qansız-qadasız, gözəl bir gələcəyə ümid işığı yandı.