“Uzun ömür hər insana nəsib olmur. Şükür Allaha ki, bizə qismət olub. Bu illəri birgə addımlaya bilmişik”.
Gülbala bəy və Liliya xanımgildəyik. Sevgi dolu bir ailədə. 61 yaşı var bu sevginin. İllər bu sevgini heç azaltmayıb. Onlar qocalsa da, sevgiləri ilk gündəki kimi təravətlidir.
Liliya xanım gülərüz qarşılayır bizi. Şən ovqatı ilə bizim də əhvalımızı xoş edir. Evin hər bucağından sevgi tökülür. Kiçik, təmiz və səliqə ilə döşənən bu ev insana qəribə rahatlıq da bəxş edir. Oturar-oturmaz suallarımı yağdırmağa başlayıram. “Gülbala baba, necə tanış olmusunuz Liliya xanım ilə?”
Gülbala bəy, Liliya xanım və Lamiyə Məmmədova
- Mən özüm Astara rayonunda anadan olub, orada da böyümüşəm. 1957-ci ildə əsgərliyə çağırıldım. Sovet dönəmi idi həmin vaxtlar. Mən də gedib Yaroslavl vilayətinə düşdüm. Yaroslavl vilayətinin Rıbinisk şəhərində qulluq edirdim. Həftə sonları bizə 2-3 saatlıq istirahət verirdilər. Bizdə təmiz və səliqəli geyinib çıxırdıq şəhərə. Sonra ən çox da getdiyimiz yer oradakı klub idi. İstirahət günləri həmin klubda rəqs saatı olurdu. Elə gənc Liliya ilə də orada tanış olmuşdum. Həftənin sonunu həsrətlə gözləyirdim. Kluba gedəcəm və onu görəcəm. Biz birlikdə rəqs edirdik. Vaxt necə keçirdi bilmirdim. Sonra onu evlərinə qədər ötürürdüm. Beləcə düz üç il biz görüşdük. Aramızda məhəbbət yaranmışdı. Mənim 23, onun isə 21 yaşı var idi. 1960-cı ildə Vətənə dönən vaxt gəlib çatdı. Ona öz hislərimi açdım, evlənmək istədiyimi dedim. Gedib nikah üçün müraciət etdik. Oktyabrın 15-i idi. Nikahı bağladıq və gəlib elə öz aramızda toy mərasimi də təşkil etdik. Noyabr ayında Liliyanı da alıb gəldim Azərbaycana. Əlbəttə, əvvəlcədən evlə danışıb onlara tək gəlməyəcəyimi də demişdim. Gələndən sonra burda da bizim üçün evdə məclis təşkil etdilər. Onda şadlıq sarayı yox idi.
Gülbala bəy və Liliya xanım
Gülbala babanın 84, Liliya xanımın isə 82 yaşı var. Bu yaşda bütün tarixləri dəqiq xatırlaması insanı valeh edir. Əlbəttə, xatırlayar. Axı həmin tarixlər onun xoşbəxt günlərinin bir növ simvoluna çevrilib. Söhbətə davam edirik:
- Bir neçə ay əyalətdə qaldıq. Sonra gəldim Sumqayıta. Burada müxtəlif işlərdə çalışdım. Zavodda işlədim. Burada ev tapıb yerləşəndən sonra Liliyanı da yanıma gətirdim. O vaxta qədər anamgil ilə idi. Liliya texnikum oxumuşdu. O da mənimlə çiyin-çiyinə çalışdı. Bir müddət kirayədə qaldıq. Sonra bu evi aldıq. 1964-cü ilin 26 aprelindən bu evdə yaşayırıq. Bu günə qədər bu evdə. Düz 57 ildə bütün xoşbəxt günlərimiz də elə bax, bu divarlar arasında keçib.
Gülbala bəy və Liliya xanım
Biz Gülbala baba ilə söhbət edirik. Liliya xanım da kənardan təkid edir ki, “çayını soyutma, iç”. Amma rus dilində. Bu an mənə maraqlı gələn sualı verirəm: “Baba, 61 ildir evlisiniz və Azərbaycanda yaşayırsınız. Bəs, niyə Liliya nənə hələ də rus dilində danışır? Deyəsən heç bizi başa da düşmür...”
- Hə, əslində bu elə bir şeydir ki, gərək insanın öz həvəsi olsun. Dili öyrənmək üçün əsas şərt həvəsdir. Birdəki axı onun çalışdığı yerlərdə də elə rus dili lazım olub. Yəni şərait elə gətirib.
Gülbala bəy , Liliya xanım və qonaqları
Gülbala baba deyir ki, onu tez-tez öz vətəninə də aparıb.
- Liliya evin tək qızı olub. Orada anası, xalası, xalası uşaqları var idi. Gedirdik birlikdə onları görməyə. İndi də xalası qızları var. Arada əlaqə saxlayırlar.
3 oğul övladı, 3 nəvəsi, 2 nəticəsi var onların.
- Uşaqların hər üçü oxuyub. Ali təhsilləri, işləri var. Böyük oğlum İsraildə yaşayır. Digər iki oğlum isə Leninqradda (İndiki Sankt- Peterburq). Xoşbəxt ailələri var. Çox şükür vəziyyətləri də yaxşıdır. Bir ildir nə biz gedə bilirik, nə də onlar gəlir. Pandemiya hər şeyə təsir etdi. Amma bir il öncə gəlirdilər. Biz də gedib aylarla qalırdıq. Bizə yaxşı qulluq edirlər. Gözəl bağçaları da var. Hər şey əkirlər. Amma mən çox darıxıram. Bax, bu balaca evim üçün darıxıram. Bundan başqa axı bizim bir qızımız da var.
- Qızınız?
- Bəli, bəli…
Gülbala bəy ,Liliya xanım və qonaqları
Elə bu an gülərüz bir xanım girir otağa. Əlində də pürrəngi çay.
- Səbinə xanımdır. Sosial Xidmətlər Agentliyinin nümayəndəsi. Həftədə iki dəfə gəlməlidir əslində. Amma o, 4-5 dəfə gəlməsə ürəyi rahat olmur. Gəlib bizə baş çəkir. Ehtiyacımız olan hər şeyi hazır edir. Allah ondan da, o qurumdan da razı olsun. Düz 14 ildir bizi tək qoymurlar. Elə bilirəm ki, heç uşaqlarım uzaqda deyil. Hər bayram yanımızda olurlar.
Gülbala bəy və Liliya xanım
Gülbala baba, bəs bura gələndən sonra darıxmırsınız? Orada başınızı qatan övladlar, nəvələr var. Burada isə sadəcə ikiniz.
- Əlbəttə, ilk günlər onlar üçün darıxırıq. Amma ikimizin tək qalmasının nəyi pisdi ki? (Gülür) Liliyanı da götürüb gedirəm dəniz kənarına. Təmiz hava qəbul edirik, gəzirik. Birlikdə televiziyaya baxırıq, şirin kökəylə çay içirik.
61 il az müddət deyil. Bu illər ərzində bir-biri ilə yola getmək, evliliyi davam etdirmək asan iş deyil. Bəs, onlar bunu necə bacarıb?
- Qızım, evlilikdə əsas şərt ikitərəfli münasibətlərin uzlaşmasıdır. Tək tərəfin çalışması ilə olmur. Gərək hər ikisi bunun üçün nələrisə fəda etsin. Bir-birini eşitsin. Onun dediyi sənin, sənin dediyin də onun ulğumundan keçsin. Ediləcək hər şeyə birlikdə qərar verilməlidir. Bir-birindən gizlin nəsə etmək düzgün deyil. O işdə xeyir də olmaz. İndi görürəm ki, bir çox evliliklərin müddəti bir il belə sürmür. Gənclərə məsləhətim budur ki, evlənməzdən əvvəl bir-birinizi çox yaxından tanıyın. Haqqında nə lazımdırsa bilin. Onun da bilməsinə imkan yaradın. İki insan bir-birini sidq ürəklə sevirsə, onların xoşbəxtliyinə heç nə mane ola bilməz. Sevginin ömrü yoxdur. Ay üç il sonra bitir, uşaq olandan sonra sevgi qalmır kimi söhbətlər boşdur sadəcə. Əksinə daha da artır. Çoxalır.
Gülbala bəy və Liliya xanım
Hə, əlbəttə, onlar da dalaşıb. Bir müddət ayrı da qalıblar.
- Hər ailədə söz-söhbət olur. Elə bizdə də olub. Əsas odur ki, bunu daha da böyütməmişik. Bəzi şeyləri görməzdən gəlib, üstündən keçmişik. Məsələn, mən təmizliyi sevən adamam. Xoşuma gəlmir evin içi səliqəsiz, tozlu olanda. Geyimlərimin hamı təmiz və ütülü olmalıdır. Özüm də həmişə buna riayət etmişəm. Qarşımdakının da buna əməl etməsini arzulamışam. Ayrı qalmağımızın səbəbi isə dalaşmaq, küsmək olmayıb. İşləmək üçün 4-5 ay uzaq qalmalı olmuşuq. Ailəm üçün nə işdə olsa çalışmışam. Buna görə həsrət qalmışıq bir-birimizə.
Bir-birlərində sevmədikləri xasiyyətləri də olub deyirlər. Amma zamanla bunlara alışıblar. Hətta indi bu xasiyyətlər onlara xoş da gəlir.
- Mənim xanımımın bir xasiyyəti var. Əgər yuxusu gəldisə, baxmır hardadır. Başını qoyub yatır. Qonaq gedirdik. Yuxusu gələn kimi başını qoyub mürgüləyirdi. Buna əvvəllər çox əsəbiləşirdim. Deyirdim ki, belə olmaz axı, dözümlü ol. Evimizə gedərik nə qədər istəsən yatarsan. Mənim isə diqqətsiz olmağımdan şikayətlənirdi həmişə. Hə, cavanlıqda bir qədər diqqətsizlik etmişəm ona. Bu da yəqin iş-gücə görə olub deyə düşünürəm.
Gülbala bəy və Liliya xanım
Gülbala baba deyir ki, gərək ailədə bir-birinə kömək də edəsən.
- İnsanın xəstə olan vaxtı da olur. Onda bəs köməyi kim etməlidir? Əlbəttə, ömür-gün yoldaşı. Özüm də etmişəm. Mən belə şeylərə pis baxan adam deyiləm. Lazım gəlsə kömək etmək lazımdır. Yemək də bişirmişəm, zibil də atmışam.
Xəstə olmaqdan söz düşmüşkən onu da deyək ki, bir neçə ay öncə Fərzəliyevlər ailəsi bədbəxt hadisə yaşayır. Qaz sızması nəticəsində partlayış olur. Partlayışdan Liliya xanımın əlləri, üzü yanır.
- Həkimlərə apardım onu. Müxtəlif dərmanlar yazdılar. Özüm çəkirdim əlinə, üzünə kremləri. Qulluğunda dururdum. Amma həmin hadisədən çox qorxdu. Travma qaldı sanki onda. İndi unutqanlıq yaranıb. Bir şeyi dəfələrlə soruşur. Qoyduğum əşyaları yerində tapa bilmirəm. Yerini dəyişir, sonra özü də tapa bilmir.
Gülbala bəy və Liliya xanım
Gənc Liliya xanım oğlu ilə
Gülbala bəyin gəncliyi
Liliya xanım
Gülbala bəy və Lamiyə Məmmədova