Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Lent.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!