“Hansı xəstəni birinci əməliyyat etməliyəm? Bunun üçün ...” - Baş travmatoloq  MÜHARİBƏDƏN DANIŞDI
20 may 2021 18:48 (UTC +04:00)

“Hansı xəstəni birinci əməliyyat etməliyəm? Bunun üçün ...” - Baş travmatoloq MÜHARİBƏDƏN DANIŞDI

Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov müsahibə verib.

Lent.az həmin müsahibədən bəzi hissələri təqdim edir:

Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov


- Ortopediya və travmatologiya sahəsində ümumi dəyərləndirsək, ağır əməliyyatlar hansılardır?
 
- Onurğa cərrahiyəsi - bu travmalar uzun saat baş tutan əməliyyatlardır. Daha sonra, çanaq sınıqları çox ağır əməliyyatlardan sayılır. Çünki daxili orqanlar var və multidissplinar yanaşma tələb edir. Ümumi cərrahla, uroloqla yanaşı aparılmalı əməliyyatlar sırasındadır. Süni oynaq əməliyyatları qısa müddət çəksə də, çox dəqiqlik və həssaslıq tələb edən əməliyyatlar arasındadır. Əl, mikrocərrahiyyə 17 saata bərabər əməliyyatlardır və həkim bir-bir damarları tikir.

Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn, bəzən müraciətlərə baxırıq, yol qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir. Düşünürəm ki, yol hərəkət qanunları, sürət həddi ölkəmizdə çox yaxşı tənzim olunub. Niyə bizə müraciətlər bu ehtiyatsızlıqdan olamlıdır? Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, ölkəmizdə yol qəzalarında hər 100 min nəfərdən 2018-ci ildə 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişir.

- Mütəxəssislərin belə bir fikri var ki, qəddar yanaşma olsa da travmatologiyanın inkişafına səbəb olan amillərdən biri də müharibələrdir. Bununla razısınızmı?
 
- Bəli, belədir. Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmalar 60-70 faiz ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək, burada bizim əsas 3 komponentlə qurulur.

Dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer - həm təcili yardım maşınları, həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər fədakarcasına və yüksək xidmət göstərdi. Düşünün, gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar