Hamilələrin peyvəndlənməsi ilə bağlı SUALLAR  – Rəsmilər cavablandırır
26 oktyabr 2021 12:35 (UTC +04:00)

Hamilələrin peyvəndlənməsi ilə bağlı SUALLARRəsmilər cavablandırır

Hamilələrə vaksin vurulması ilə bağlı çox suallar yaranır.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla bağlı qrumun ekspert-mütəxəssisi ginekoloq cərrah Emin Haqverdiyev bütün sualları cavablandırıb.

Həmin sualların cavablarını sizə təqdim edirik:

COVID-19 hamilə qadınlara necə təsir edir?

Hamiləlik fizioloji olaraq immun sistemin zəiflədiyi dövrdür. Bu səbəbdən hər hansı bir bakteriya və ya virus xəstəliyini hamilələr daha ağır keçirirlər. Eyni zamanda COVID-19-da istisna deyil. Hamilə qadınların digər əhali qrupu ilə müqayisədə COVID-19-a yoluxma ehtimalı daha yüksək olmasa da, araşdırmalar COVID-19-un hamiləlikdə daha ciddi nəticələrə səbəb olan risk faktoru olduğunu ortaya qoyur. Hamiləliyə bağlı piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəlikləri olan qadınlarda risk daha da artır.

18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19 olan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib.

Xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib.

COVID-19-a yoluxmuş andan körpəyə virus ana südü ilə keçə bilərmi?

Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir. Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına bununla bağlı çox suallar daxil olur. Onlardan biri də hamilə qadınların niyə hamiləliyin 12 həftəsindən sonra peyvənd olunması məsləhət görülür sualıdır. Bu necə izah olunur?

Çünki 12 həftəyə qədər bətndaxili körpənin orqanlarının yaranma prosesi sona çatır. Daha sonrakı mərhələ isə yaranmış orqanlarının inkişaf və böyümə mərhələsidir. İlk 12 həftə hamiləliyin hər hansı təsirlə qarşı-qarşıya qaldığı halda risk daşıyan mərhələsidir. Bu səbəbdən peyvəndlərin tövsiyə olunduğu mərhələ 12 həftədən sonrakı zamandır.

COVID-19 peyvəndlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir. ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olduğu bütün hallarda COVID-19 peyvəndlərinin istifadəsini tövsiyə edir.

Aparılan təcrübələrin nəticələri və COVID-19 peyvəndi tətbiq edildikdən sonra əldə edilən məlumatlar peyvəndin hamiləlikdə zərərli təsirlərinin olmadığını göstərdi. Eynilə, hamiləlik dövründə peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu ortaya qoydu.

Aytəkin Cəlali

# 1383
avatar

Oxşar yazılar