Fədakarlıqları qiymətləndirilən yanğınsöndürənlərimizdən Prezidentə TƏŞƏKKÜR  - VİDEO
01 sentyabr 2021 20:45 (UTC +04:00)

Fədakarlıqları qiymətləndirilən yanğınsöndürənlərimizdən Prezidentə TƏŞƏKKÜR - VİDEO

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin qardaş Türkiyə Respublikasında baş verən meşə yanğınlarının söndürülməsi üçün ezam olunan əməkdaşları Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıblar. Yanğınların söndürülməsində müvəffəqiyyətlə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları göstərilən xüsusi diqqət və qayğıya görə, ölkə başçısına təşəkkür edib, sevinc hisslərini APA TV ilə bölüşüblər.

FHN-in əməkdaşı, gizir Sahil Mahmudov bundan sonra da qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməyə hazır olduqlarını deyir: “Mən və Türkiyədə yanğınların söndürülməsində iştirak edən digər yanğınsöndürmə qruplarının əməkdaşları bizə göstərilən yüksək dəyərə görə təşəkkür edirik və bundan sonra qarşıya qoyulan tapşırığı dəqiq, vaxtında yerinə yetirməyə hazırıq”.

Baş leytenant Səfərəli Səfərəliyev isə Türkiyə Respublikasının Muğla vilayətində meşə yanğınlarının söndürülməsində iştirak edib: “Bu tapşırığı uğurla yerinə yetirdik. Cənab Ali baş Komandan İlham Əliyev Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarının yüksək qiymətləndirdi. Öz adımdan və Fövqəladə hallar nazirliyinin əməkdaşları adından Cənab Ali Baş komandana təşəkkürümüzü bildiririk”.

Nazirlik əməkdaşları qarşıya qoyulan tapşırıqların yetərincə çətin olmasına baxmayaraq, öz peşə məsuliyyətlərini rəhbər tutaraq, qarşıya qoyulan tapşırıqları vaxtından əvvəl icra etdiklərini deyirlər. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkür ediblər. Kapitan Şəmsəddin Gəncəliyev FHN əməkdaşları adından ölkə başçısına təşəkkür edir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında yanğınların söndürülməsi və daha geniş miqyas almaması məqsədi ilə, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası Muğla şəhərinə ezam olunmuşdur. 31 iyul tarixindən Marmaris bölgəsi və Muğla şəhəri ətrafında meşə yanğınlarının söndürülməsi və kəndlərin mühafizə olunması işinə başlanılmış və yanğın söndürülmüşdür. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması və işimizə verdiyi yüksək qiymətə görə FHN əməkdaşları adından ölkə başçısına təşəkkür edir və əmin edirik ki bundan sonra da xidməti vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.

Baş çavuş Azər Əliyev də Türkiyədə yanğınların söndürülməsinə görə, mükafatlandırılan əməkdaşlardandır: “Türkiyədə baş verən meşə yanğınları Muğla şəhərindən 90 km məsafədə Milas bölgəsində yerləşən Kəmər köy və Yeni köy yaşayış məntəqələrində su elektrik stansiyalarının işinə təhlükə yaratdı. Göstərişə əsasən FHN-nin 30 ədəd yanğın texnikası və 250 nəfərdən çox canlı qüvvəsi yanğınların söndürülməsi işinə cəlb olundu. Qarşıya qoyulan tapşırıqların öhdəsindən şərəflə gəldik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işimizə verdiyi yüksək qiymətə görə, FHN əməkdaşları adından təşəkkür edir və əmin edirik ki, bundan sonra da xidməti vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.

Çavuş Rüstəm Məmmədov isə deyir ki, topladığımız təcrübə və yüksək fiziki döyüş hazırlığı Türkiyədə yanğınların söndürülməsi işində bəhrəsini verdi: “Türkiyədə olduğumuz gündən etibarən qarşıya qoyulan tapşırıqların öhdəsindən məharətlə gəlmişik. Gündəlik işimizdə topladığımız təcrübə və eləcə də yüksək fiziki döyüş hazırlığı Türkiyədə yanğınların söndürülməsi işində bəhrəsini verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işimizə verdiyi yüksək qiymətə görə, FHN əməkdaşları adından təşəkkür edir və əmin edirik ki, bundan sonra da xidməti vəzifələrin öhdəsindən layiqincə gələcəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

# 1695
avatar

Oxşar yazılar