“Ermənilər bütün tarixi, mədəni abidələrimiz, eləcə də həmin ərazilərdəki inzibati infrastrukturu necə vəhşicəsinə dağıdıblarsa, bizim seysmik stansiyaların aqibəti də elə olub”.
Bunu Lent.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. O qeyd edib ki, 2000-ci ildən sonra Azərbaycanda yeni peyktipli seysmik stansiyalar quraşdırılmağa başladı. RSXM tərəfindən Ağdamda Quzanlı qəsəbəsində və Füzulidə - Horadizdə seysmik stansiyalar quraşdırıldı. Həmin stansiyalar müasir stansıyalardı. Bu gün normal işləyirlər. Vətən müharibəsi zamanı hətta Ağdam stansiyamızın yaxınlığına mərmi də düşmüşdü və bir əməkdaşımız yaralanmışdı. Amma stansiya normal şəkildə işləyir və məlumatlar Monitorinq Mərkəzinə ötürülür”.
Vüsalə Rafiqqızı deyir ki, Vətən müharibəsindəki Qələbədən sonra Qarabağda quruculuq işləri başlanıb.
“Həmin bölgə özü də seysmik baxımdan aktivdir. Ona görə də Mərkəz tərəfindən Qarabağda 10 seysmik stansiyanın quraşdırılması plana salınıb. Bu ildən başlayaraq 2025-ci ilə qədər bu proses getməlidir”.
İlkin olaraq Şuşa və Cəbrayılda seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur.
“Daha sonra Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində. Bilirsiniz ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin çoxu minalardan təmizlənməyib. Ermənilər hələ də minalanmış ərazilərin xəritəsini vermirlər. Seysmik stansiyaların quraşdırılması üçün gərək mütəxəssislər əraziyə baxış keçirsinlər. Çünki bu cihazları hər yerdə qoymaq olmur. Müəyyən parametrlər var ki, onlar olmalıdı. İndiki şəraitdə həmin ərazilərdə belə axtarış aparmaq təhlükəlidir. Ona görə də biz müvafiq dövlət qurumlarının icazəsini gözləyirik. Nə vaxt icazə verilsə, işlərə başlanılacaq”.
Vüsalə Rafiqqızı onu da qeyd edir ki, müəyyən yerdəyişmələrin də olması gözlənilir.
“Verilən icazədən asılı olaraq, stansiyalar qoyulacaq yerlərdə vaxt baxımdan mümkündü ki, müəyyən yerdəyişmə olsun. Ancaq Qarabağ Azərbaycanın seysmik zonalarından biridir və biz dövlətimizin dəstəyi ilə müvafiq şərait yaranan kimi həmin bölgədə tədqiqatlar aparacağıq”.