Erməni əsirliyindən qayıdan nələr danışdı: "Bizi armaturla döyürdü..."
02 iyun 2021 14:42 (UTC +04:00)

Erməni əsirliyindən qayıdan nələr danışdı: "Bizi armaturla döyürdü..."

"1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunanda yaralanaraq ermənilərə əsr düşmüşəm".

Bu sözləri azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlıların cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Həbib Kazımov deyib. O, 1 il 9 ay erməni əsirliyində olduğunu bildirib: "Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəyənəklə, çəkiclə bizi döyüb, zülüm veriblər. Bu gün burda mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, biri “Alyoşa” ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik "Yoxa" ləqəbi daşıyırdı. O burda deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə o danışırdı, bizi Azərbaycan dilində təhqir edirdi".  

Zərərçəkən onu da deyib ki, o əsirlikdə saxlanan kamerada 40-a yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar".  

Erməni əsirliyində olmuş Həbib Kazımov

"1999-cu ildə əsir düşmüşəm. Mkrtiçyan Lüdvik Mkrtiçoviç əsirlikdə şəxsən mənə işgəncə verib".

Bunu isə azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlılarının cinayət işində zərərçəkən kimi tanınan Qərib Rövşənoğlu deyib.

O bildirib ki, Mkrtiçyan Lüdvik istintaq zamanı onu tanıyıb: "O biz əsir olan zaman həm tərcüməçilik edirdi, həm də bizə işgəncələr verirdi. Azərbaycan dilini yaxşı bilir. Bizi armaturla döyürdü, daha ağır işgəncə verirdi". 

Erməni əsirliyində olmuş Qərib Rövşənoğlu

Qeyd edək ki, bu gün birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 9-na təyin edilib. /APA/

# 2037
avatar

Oxşar yazılar