Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.
Lent.az məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub.
Nazir müavininin dosyesini təqdim edirik:
1980-ci ildə İmişlidə anadan olan Rövşən Rüstəmov 1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.
R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb.
2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci illərdə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.