“Düşündüm ki, ermənilər kuklama, evciyimə dəyməzlər” – Səbuhi Məmmədli “Yurd yeri”ni yazır
07 yanvar 2021 16:15 (UTC +04:00)

“Düşündüm ki, ermənilər kuklama, evciyimə dəyməzlər” – Səbuhi Məmmədli “Yurd yeri”ni yazır

Lent.az yeni layihəyə başlayır – “Yurd yeri”. İllər öncə erməni vandalizminə məruz qalmış insanların yurdundan, evindən-eşiyindən. İndi evlərin yerində heç nə qalmayıb...sadəcə elə yeri qalıb. Evləriylə bağlı xatirələrini bölüşəcəklər həmsöhbətlərimiz. O evdə keçirdikləri son günlərini, saatlarını xatırlayacaqlar. Ağır olacaq. Amma sonda...

Sonda hamı öz evinə qayıdacaq. İllər öncə zörən tərk etdikləri evlərinə...

 ***

 

 

“Bizim məhəllənin başında “Yədullanın budkası” deyilən bir dükan vardı. Oradan addım sayı ilə bilərəm ki, evimizə neçə addıma çatacam. Təbii, indiki Vüsalənin addım sayı ilə yox. Bir vaxt o məhəllədə oynayan uşağın, balaca Vüsalənin addım sayı ilə”.

Tanınmış teleaparıcı, Lent.az-ın yazarı Vüsalə Məmmədova danışır “Yurd yeri”indən. Ağdamdakı Süleyman Sani küçəsində yerləşən evlərindən. Hə, o ev yoxdu indi, bir neçə daşı qalıb. Daha doğrusu, evin yeri. Dağıdılıb, viran qoyulub, həyətdəki ağacları belə kəsilib.

- Babam öz həyətini üç oğlu arasında bölmüşdü. Böyük oğul olan atam öz payına düşən yerdə - həyətin lap yuxarı başında ev tikmişdi. İkinci əmim Azərbaycanda yaşamırdı. O vaxtdan köçmüşdü, qayıtmağı da planlaşdırmırdı. Ancaq babam övladları arasında ədalət prinsipini qoruyub, Əli əmimin payı olan sahədə heç bir tikinti aparmamışdı. Həyətin girişində isə babam ona öz atasından qalan evdə kiçik əmimlə yaşayırdı. Bu videoda “Hacı müəllimin evi” deyilən yer də babamın evidi. Bax, öz evimiz tikilənə qədər mən orada böyümüşəm. Müharibə xəbərini də orada almışam. O qoşa pəncərəni xatırladan daş-divarın sağında böyük qonaq otağı var idi, ortasında da yemək masası... Müharibə xəbərini alanda qaçıb o masanın altında gizlənmişdim...

Vüsalə deyir ki, yaşadıqları Süleyman Sani küçəsi Ağdamın ən uzun küçələrindən idi. Süleyman Sani Axundovun doğulduğu, onun ev muzeyi yerləşən Seyidli kəndinə qədər uzanıb gedirdi. Həmkarımızın dediyinə görə, Ağdam viran qoyulduğundan indi həmin küçədəki evlərin kimlərə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyil, hətta bütün ağacları belə kəsiblər.

- Tək bizim həyətdə yox, ümumiyyətlə Ağdama baxanda heç yerdə ağac görmürəm. Ancaq nar ağacı var. Hətta sinif yoldaşım bu videonu çəkəndə mənə Ağdamdan zəng eləmişdi ki, Vüsalə, dəqiqləşdirə bilmirəm, sizin həyətdə çoxlu nar ağacı var idi, hə? Nar ağacları durur. Amma o birilər yoxdur. Məsələn, baxıram “Hacı müəllimin evi” deyilən divarın yanında bir vaxtlar sıra ilə çinar ağacları əkilmişdi, qarşısında böyük tut ağacı var idi... Altında da skamya... İndi sadəcə paslı dəmirlərlə hasara alınan dağıntılar var...

Vüsalə deyir ki, hətta evlərinin yerinin qalması belə onun üçün möcüzədi.

- Bilirsənmi, 30 il əvvəl desəydilər ki, sənin bu cah-cəlallı evin belə vəziyyətə düşəcək, inanmazdım. Amma indi normal qarşıladım. Çünki artıq hamımız Ağdamın o halda olduğunu bilirdik. Hətta evimizin yerinin qalması mənim üçün bir hadisədi. Onu da gözləmirdim. Açıq deyirəm, mən özümü daha betərinə hazırlamışdım. Videoya diqqətlə baxanda, bacılarım ümumiyyətlə qəbul etmədilər. Deyirdilər ki, çəkən səhv yerə gedib. Ora bizim evimiz deyil, ola bilməz. Onları da qınamıram, hamımızın yaddaşında öz evi tərk etdiyi şəkildədir, heç kəs evini viranə təsəvvür etmir... İndi özüm də hərdən təsəvvür edə bilmirəm ki, orada insan yaşayıb.

Vüsaləylə 27 il əvvələ, indi yeri qalan həmin o evdəki son saatlarını, dəqiqələrini xatırlamasını xahiş edirəm.

- 1993-cü ilin iyun ayının əvvəli idi. Səhərə yaxın bombardman başladı. Biz adətimiz üzrə yatağımızdan sıçrayıb, zirzəmiyə qaçdıq... Əksər səhərlər belə açılırdı deyə analar övladlarını axşamdan geyindirib yatırırdılar... Bir az keçdi, gördük ki, yox, bombardman səngimir. Başa düşdük ki, artıq şəhərdən çıxmaq lazımdı. Belə olanda bizi bir neçə günlüyünə təhlükəsiz yerə aparırdılar... Avtomobilə doğru qaçdıq... Babamgilin evi ilə bizim evin arasında, o biri əmim üçün olan həyətdə, daim axan bir bulaq var idi. Düz bulağın yanına çatanda, elə bil kimsə məni silkələdi, kimsə mənə dedi ki, sən bir də bura qayıtmayacaqsan. Ayağın sonuncu dəfədir bu torpağın üzərindədir. Uşaq ağlımla geri çevrilib gördüyüm hər şeyi kadr-kadr yaddaşıma köçürməyə çalışırdım. Elə bil ki, fotolarını çəkməyə çalışırdım. Vaxt da az idi. Göydən bomba yağırdı. Anam da qışqırırdı tez ol, harada qalmısan, hamı mindi maşına. Hamısı yadımdadı: yamyaşıl bir həyət idi. Artıq yay idi, ağaclar bar gətirmişdi. Ərik ağacından yelləncəyim asılmışdı... Ağ daşdan hörülən evimizin qapı-pəncərəsi ağ boya ilə rənglənmişdi. Evimiz yaşıllığın arasında “Ağ ev” kimi yaddaşımda qalıb.  Sonra yaşamaq asan olsun deyə bu mənzərəni yaddaşımdan silməyə çalışırdım. İndi mənim yaddaşımdakı o evdən bu videodakı xarabalıqda, nar ağaclarının arasından görünən ağ daşlar qalıb. Yəni, tutuşdurmaq çox çətindir.

Hə, gözlərimlə evin və həyətin bütün şəkilini yaddaşıma həkk edib maşına qaçdım. Kuklam da qucağımda. 9 nəfər bir maşına yerləşdik. Ağdamdan çıxdıq.

Bəs görəsən indi, bu saat Ağdama getsə, evlərini tapa bilərmi? “Yox” deyir.

- Bizim məhəllənin başında “Yədullanın budkası” deyilən bir dükan vardı. Oranı tapsam,  addım sayı ilə bilərəm ki, evimizə neçə addıma çatacam. Təbii, indiki Vüsalənin addım sayı ilə yox. Bir vaxt o məhəllədə oynayan balaca Vüsalənin addım sayı ilə. Amma əvvəlcə gərək məni ora qədər aparalar. Çünki Ağdamın mərkəzindən ora qədər gələ bilmərəm. O qədər tanımıram. Ağdamlılar çox mühafizəkar olur. Məni də elə böyüdüblər. Evimizlə məktəbin arasındakı yolu əzbər bilirəm, gözüyumulu taparam. Bu videoda nəsə tapmaq mümkün deyil. Amma mən intuisiya və addım sayından çox yaxşı bilirəm ki, haradan gedib, haradan dönməliyəm. Məktəbimi də, evimi də tapa bilərəm. Amma əvvəlcə gərək heç olmasa “İmarət”in yanına çatam ki, oradan evimizə gedib çıxa bilim.

Deyir, Ağdam azad olunandan sonra insanlar Ağdama gedib ağlaya-ağlaya öz evlərini çəkirdilər. Bəziləri isə evinin kafel qalığından tanımışdı ki, bura onun evi olub.

- Evini tanımayan insanlar var idi. Çünki tanınmaz halda idi. Mən sosial şəbəkələrdə yazmışdım. Bütün bunları sənədli film üçün toplamaq lazımdır. Müharibəni, onun fəsadlarını, insan psixologiyasına vurduğu zərbəni, onun insan həyatını necə məhv etməsini bu görüntülər qədər heç nə dəqiq deyə bilməz.

Vətən müharibəsindən sonra mən savaşa artıq yetkin bir qadının gözü ilə baxıram. Amma Tovuz hadisələrinə, Aprel döyüşlərinə, Qarabağla bağlı bu 32 ildə baş verən hər şeyə, hətta jurnalist olaraq hazırladığım materiallara, əsir düşərgəsindən bəhs edən iki kitabıma da müharibə xəbərini alanda qaçıb masanın altında gizlənən uşağın gözü ilə yanaşmışam. Noyabrın 10-da sanki mən 32 il sonra o masanın altından çıxıb, ətrafa baxdım...

...2014-cü ildə Lent.az-da “Əsir düşərgəsi” layihəsinə başlayanda ilk müsahibim dedi ki, Ağdamı ev-ev, kərpic-kərpic sökdük. O zaman jurnalist olduğumu unudub, həmin uşaq kimi soruşmuşdum ki, ərik ağacından asılan yelləncək görmədiniz? Mənə elə gəlirdi ki, onlar evi söksələr də, uşaq yelləncəyini dağıtmazlar. Evimizi qarət etsələr də, mənim evciyimə dəyməzlər. Lap yandırsalar da, alov uşağın oyuncağına çatanda öləziyər...

O masanın altında gizlənib, müharibə başa çatanda çıxacağını gözləyən uşaq hesab edirdi ki, yəqin körpələri savaşlardan uzaq tutarlar. Baxmayaraq ki, bu savaşın on minlərlə uşağın həyatını zədələdiyini bilirdim... Ancaq bütün bunlara rəğmən qəlbimin bir küncündə cüzi inam işartısı var idi ki, uşaqlar üçün hər şey bitə bilməz... Heç olmasa uşaqlara yaşamaq üçün ikinci bir şans veriləcək...

İndi yetkin bir qadının gözü ilə doğma evimə baxanda düşünürəm ki, arxada yaşanmamış bir ömür, qarşıda isə viran qalmış bir yurd var...

Uşaqlar evcikləri ilə gələcək evlərinin modelini yaradırlar. İndi əlində nə evciyin var, nə evin... Yurdun var! Bu gözəldir, fəxarət yaşadır! Ancaq o yurdu evə çevirmək üçün ömür lazımdır... Ömür isə masanın altında savaşın bitməsini gözləyə-gözləyə yaşanıb gedib...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8160
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar