REYHAN TOPÇUBAŞOVA
(1905-1970)
Azərbaycanın ilk qadın rəssamı, əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1943-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Portret, məişət, mənzərə janrlarında əsərlər yaradıb, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkib. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlayıb. Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib.
HƏSƏN ƏLİYEV
(1907-1993)
Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabrın 15-də Qərbi Azərbaycanın Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasında təhsil alıb. Müxtəlif illərdə Şirvan Zona-Təcrübə Stansiyasının direktoru, Azərbaycan Elmlər Akademiyasının akademik-katibi, Botanika və Coğrafiya institutlarının direktoru, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri vəzifələrində çalışıb. Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan KP MK-nın katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 25 monoqrafiyanın müəllifidir. Azərbaycan SSR Dövlət Mükafatı, “Lenin” ordeni, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz”, “Şərəf nişanı” ordenləri ilə təltif edilib. Həsən Əliyev 2 fevral 1993-cü ildə dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük qardaşı, əməkdar memar Rasim Əliyevin atasıdır. AMEA-nın Coğrafiya İnstitutu onun adını daşıyır.
SƏTTAR BƏHLULZADƏ
(1909-1974)
Azərbaycanın xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu ilin bu günü Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. Müasir Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və başqa şəhərlərin muzeylərində saxlanılır. İki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunan Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib və Əmircan kəndində dəfn olunub.
İSMAYIL HÜSEYNOV
(1910-1969)
Azərbaycanın əməkdar elm xadimi, akademik, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı alim İsmayıl Abbas oğlu Hüseynov 15 dekabr 1910-cu ildə anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin hüquq şöbəsində, Moskva şəhərində Millətlər İnstitutunun tarix ixtisası üzrə aspiranturasında və Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. SSRİ Xalq Komissarları Sovetində redaktor-tərcüməçi, SSRİ EA-nın Maddi Mədəniyyət İnstitutunda elmi əməkdaş, Ümumittifaq Dövlət Kitabxanasında elmi məsləhətçi, SSRİ EA-nın Tarix İnstitutunun elmi işçisi, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktor müavini, Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Azərbaycan SSR EA-nın İctimai elmlər bölməsinin akademik-katibi, 40-dan artıq namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olub. Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə təltif edilib. İsmayıl Hüseynov 8 noyabr 1969-cu ildə Bakıda vəfat edib.
ŞƏFAƏT MEHDİYEV
(1910-1993)
Əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Şəfaət Fərhad oğlu Mehdiyev 1910-cu il dekabrın 15-də Cənubi Azərbaycanın Sərab qəzasında anadan olub. Azərbaycan Neft İnstitutunun Geoloji-kəşfiyyat fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb. 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak edib. Azərbaycan EA Geologiya İnstitutunun şöbə müdiri və direktoru, Azərbaycan Dövlət Universitetinin rektoru, Neft və Kimya İnstitutunun kafedra müdiri vəzifələrində çalışıb. 400 elmi əsərin, 40 monoqrafiyanın müəllifidir. “Şərəf nişanı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunan Şəfaət Mehdiyev 1993-cü il dekabrın 15-də Bakıda vəfat edib.
AĞABACI RZAYEVA
(1912-1975)
Azərbaycanın ilk qadın bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci ilin bu günü Bakıda dünyaya gəlib. Pedaqoji texnikumda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Üzeyir Hacıbəyovdan bəstəkarlığın incəliklərini öyrənib. Azərbaycanda və Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır. Yaradıcılığında mahnı və romanslar mühüm yer tutub. Musiqili komediya, simli kvartet üçün pyes, simfonik əsərlərin müəllifidir. Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunub. Ağabacı Rzayeva 1975-ci il iyulun 5-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda torpağa tapşırılıb.
SONA NURİYEVA
(1915-1986)
İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Piri qızı Nuriyeva 15 dekabr 1915-ci ildə Bakının Əmircan kəndində anadan olub. Bakı təyyarəçilər klubunda və Bataysk təyyarəçilik məktəbində təhsil alıb. Azərbaycanda mülki aviasiya idarəsində, Zabrat aeroportunda işləyib. SSRİ Ali Sovetinin deputatı olub. 1945-ci ildən beynəlxalq hava xətlərində uçuşlar yerinə yetirib. "Lenin ordeni", "Şərəf nişanı", “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Sona Nuriyeva 1986-cı ildə Bakıda vəfat edib.
RAMİZ RÖVŞƏN
(1946)
Azərbaycanın xalq şairi Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Moskvada Ali ssenari kurslarında təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında ssenarist və baş redaktor, "Mozalan" satirik kinojurnalında redaktor işləyib. Bir neçə şeir kitabının müəllifidir. Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir. Onun ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nün, Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının laureatıdır. O, yazıçı Yaşar Əliyevin qardaşı, tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.
GÖYÜŞ QARAYEV
(1970-1994)
Şəhid Göyüş Adil oğlu Qarayev 1970-ci ilin bu günü Bakıda anadan olub. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub. Daxili Qoşunların hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Görüş Qarayev 26 yanvar 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Badamdar qəsəbəsinin küçələrindən birinə onun adı verilib, yaşadığı binaya isə barelyefi vurulub.
ANAR BABAŞOV
(1972-1992)
Şəhid Anar Əlibaba oğlu Babaşov 1972-ci il dekabrın 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə iştirak edib. 1992-ci il oktyabrın 29-da Ağdam rayonu istiqamətində gedən qızğın döyüşlər zamanı şəhid olub və Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
YUSİF MƏMMƏDƏLİYEV
(1905-1961)
Dünya şöhrətli Azərbaycan alimi, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anım günüdür. O, 1905-ci il dekabrın 31-də Ordubad şəhərində doğulub. Azərbaycan Ali Pedaqoji İnstitutunda və Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Gəncədə pedaqoji texnikumda və İrəvan Pedaqoji İnstitutunda kimya müəllimi, Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb, Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilib. İkinci Dünya Müharibəsi illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub. 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. “Lenin”, "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilən Yusif Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
İSMİXAN RƏHİMOV
(1925-2004)
Görkəmli tərcüməçi, dilçi alim İsmixan Məmməd oğlu Rəhimovun xatirə günüdür. O, 18 sentyabr 1925-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər İnstitutunda və Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1948-ci ildə sovet rejimi tərəfindən həbs edilib, 7 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilərək 25 il azadlıqdan, 5 il seçki hüququndan məhrum edilib, bütün əmlakı müsadirə olunub. Stalinin ölümündən iki il sonra – 1955-ci ildə azadlığa buraxılıb, 1956-cı ildə isə bəraət alıb. 1956-cı ildən 2004-cü ilə kimi Azərbaycan Dillər Universitetində müəllim, baş müəllim, dosent, tərcümə kafedrasının müdiri, İngilis dili fakültəsinin dekanı vəzifələrində çalışıb. Bir çox dərslik, dərs vəsaiti, lüğət, elmi məqalə və tərcümələrin müəllifidir. “Şöhrət” ordeni ilə təltif olunan İsmixan Rəhimov 2004-cü il dekabrın 15-də Bakıda vəfat edib.
RÜFƏT ƏHMƏDZADƏ
(1933-1988)
Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi Rüfət Zülfüqar oğlu Əhmədzadə də bu gün xatırlanır. O, 1933-cü il martın 25-də Bakıda dünyaya gəlib. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyətinə erkən yaşlarında orada başlayıb. 13 yaşında səyyar kinomexanik, Bakıya döndükdən sonra isə Pionerlər Evində direktor işləyib. Daha sonra "Kirpi" satirik jurnalına dəvət edilib və ömrünün sonuna qədər bu jurnalda çalışıb. 11 kitab, 4 musiqili komediya, 3 televiziya tamaşası və yüzlərlə satirik telenovella-səhnəciklərin müəllifi olub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də Bakıda vəfat edib. O, jurnalist-prodüser Zülfüqar Rüfətoğlunun və əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin atasıdır.
MİKAYIL CƏBRAYILOV
(1950-1990)
Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov da bu gün xatırlanır. O, 1950-ci il aprelin 27-də Şəki rayonunun Oxud kəndində Fransanın Milli Qəhrəmanı, İkinci Dünya Müharibəsində əfsanəvi partizan olan Əhmədiyyə Cəbrayılovun ailəsində doğulub. Səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib, 1978-ci ildə isə Milis məktəbini bitirərək leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib. Dörd nəfər polislə Cəmilli kəndini müdafiə edən Mikayıl Cəbrayılov 1990-cı il dekabrın 15-də Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları tərəfindən basqına məruz qalıb, əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub və Şəki rayonunun Oxud kəndində dəfn edilib.