Deputatlar karantin qaydalarını pozduğu üçün cərimə oluna bilərmi?
11 fevral 2021 15:13 (UTC +04:00)

Deputatlar karantin qaydalarını pozduğu üçün cərimə oluna bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu deputatların inzibati xətaya görə cərimələnməsi ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, deputat Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verəcəyi barədə mediaya açıqlama verib. O, ötən il Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün 400 manat cərimələnməsini doğru hesab etməyib. S.Novruzov açıqlamasında qeyd edib ki, karantin qaydaları üçün tətbiq olunan cərimələr deputatlara şamil olunmur.

Görəsən, həqiqətən deputatlar karantin qaydalarını pozduğu üçün cərimə edilə bilməz?

Rubrikamızın sualını hüquqşünas Şamil Paşayev cavablandırıb. O, bildirib ki, deputatların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələnməsi qanuna uyğundur:

“Məsələn, avtomobil sürərkən hamı kəmər taxır, kəmərdən istifadə etməmək inzibati pozuntudur. İndi bu məntiqlə deputat kəmər taxmasın ki, mən toxunulmazam?

Qanun deputatın fəaliyyətinə müdaxilə edilməsi, fəaliyyətində sıxışdırılması və təqibi üçün məsuliyyətə cəlb edilməsini istisna edir. Lakin deputat və ya Ombudsmanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimə edilməsi tam qanuna uyğundur. Konstitusiyaya görə, Milli Məclisin deputatı toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İndiki halda isə deputatı məhkəmə deyil, mərkəzi icra hakimiyyəti orqanının - bu halda Daxili İşlər Nazirliyinin qərarı ilə yov, İXM-in 211.1-ci maddəsi ilə cərimələnib. Burada da heç bir qanun pozuntusu yoxdur”.

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ötən ilin avqust ayında sərt karantin dövründə keçirilib. Bu barədə sosial şəbəkədə görüntülər paylaşılandan sonra toyda iştirak edən bir neçə məmur DİN əməkdaşları tərəfindən cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6627
avatar

Mehman Nəbiyev

Oxşar yazılar