Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr., İ.Qayıbov küçəsində fəaliyyət göstərən "Dan ulduzu" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Qurumdan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.