"Çoxunun psixkası yerində deyil"  – "Məmurların davranış kodeksi"nə ehtiyac varmı? 
19 iyul 2022 17:14 (UTC +04:00)

"Çoxunun psixkası yerində deyil" – "Məmurların davranış kodeksi"nə ehtiyac varmı? 

Son günlər Lənkəran rayonunda icra başçısının məktəblini döyməsi və direktorun da həmin hadisə baş verdiyi anda tamaşaçı kimi iştirak etməsi gündəmdir. Yox, bu o demək deyil ki, bu bizim cəmiyyətimizdə nadir rastlanan hadisədir. Demək olar ki, bizim hər həftə gündəmimizdə ən az bir dənə də olsa, məmur özbaşınalığından bəhs olunan xəbər olur. Bəs, hardandı bu cəsarət? Cahil cəsarəti dedikləri budur, yəni?

Nə qədər “cəsarətə” gəlmiş olmalısan ki, məktəblini evinə çağırtdırıb döyə biləsən?! Və yaxud da nə qədər “kor” olmalısan ki, sənə təhsili üçün əmanət edilən uşağın döyülməsinə laqeydcəsinə tamaşa edəsən?!

Doğrudan bizim cəmiyyətdə məmur anlayışını getdikcə gözdən salırlar. Amma halbuki məmurun vəzifəsi, məsuliyyəti xalqa xidmətdir... 

Bəs, necə dəyişək bu vəziyyəti? Məmurları necə seçməliyik? Ölkəmizdə “Məmur kodeksi”- onlar dair müəyyən qayda-qanunlar hazırlanmalıdırmı?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən deputat Fazil Mustafa deyir ki, “məmur kodeksi” olsa da, bu məsələlər dəyişməyəcək. 

Fazil Mustafa

““İnsanlıq kodeksi”olmalıdır. Təyin olunan kadrların necə, hansı metodla təyin olması vacibdir. Məmurlar çox vaxt sağlam meyarlarla təyin olunmurlar. Kiminsə tanışı, yaxını, qohumu prinsipləri ilə təyin olunurlar. Bu cür adamların təyinatı da sonradan problem yaradır. Özü də bu problem bütün ölkəni əhatə edir. Ona görə də bu təyin olunan insanları testdən keçirilməsinə ehtiyac var. Məmuru təyin edəndə 5-10 nəfər baxmalıdır ki, bunun ağlı başındadır ya yox? Bir başçı müavini məktəblini evə çağırıb döyür. Araşdırmaq lazımdır ki, onu ora kim təyin edib?” 

Onun sözlərinə görə, yüksək vəzifədə olanların çoxunun psixoloji durumu yerində deyil:

“Təyin olunan kadrlara baxmaq lazımdır ki, onun psixi vəziyyəti yerindədir ya yox. İndi yüksək vəzifədə olanların çoxunun psixi durumu yerində deyil. Amma bunlara baxan yoxdur. Elə kimsə tapşırır, kimlərsə də həmin adamın heç üzünə baxmadan vəzifəyə qoyurlar. 

Ona görə də, lap kodeks oldu, insan olmadıqdan sonra ona kim əməl edəcək ki? Məsələnin mahiyyəti onda ibarətdir ki, insan doğru seçilməlidir. Xeyli təyin olunan kadrların və yaxud da vəzifəyə gətirilən insanların diplomu saxtadır. Guya xaricdə təhsil alırlar. Gedib orda yalandan pul ödəyib, sertifikat alıb gəlirlər. Aydın Mirzəzadə də öz süpürgəçisini elə bir kursa yazdırmışdı qəsdən. Baxın, süpürgəçi də akademik ola bilir deyə. Bu qohumluq, yaxınlıq prinsipləri yox, gerçək vətəndaşa xidmət edən kadrların olması vacibdir”. 

Sosioloq Əhməd Qəşəmoğlu da deyir ki, məmurlarla bağlı indiki vəziyyətimiz lənətlədiyimiz sovet dövründən də pisdir:

Əhməd Qəşəmoğlu

“Bizim indiki dövrdə ən böyük problemimiz məmurlardı. Məmur xalqı, öz işini sevməlidir, nümunəvi davranışa malik olmalıdır. Hər adamı məmur kimi işə götürmək olmaz. Bizdə məmurların seçilmə meyarları hər kəsi təəccübləndirir. Lənətlədiyimiz sovet rejimində belə məmurlar davranışı, savadı ilə seçilən insanlar olublar. Onlar bu vəzifələrə pillə-pillə gəlirdilər. 

İndi isə baxırsan ki, bir adam təsadüfü işdə işləyirdi, yarım ildən sonra isə məmur olur. Müasir sivil cəmiyyətlərdə məmur olmaq üçün müəyyən etaplardan keçilməlidir. O dediyim sovet rejimində də bu var idi. Amma indi birdən-birə kiminsə, qohumu, tanışı olur məmur. Məmur olmaq üçün insanlarla düzgün əlaqə, psixoloji vəziyyətinin yerində olması vacibdir”. 

Sosioloq qeyd edir ki, Azərbaycanda məmurların seçilmə meyarları dəyişilməlidir:

“Son vaxtlar isə təyin olunan məmurlar elə bilir ki, onları ora pul yığmaq, rüşvət almaq, biznes qurmaq üçün qoyublar. İcra başçılarının, generallarının və sair həbsi bunlar hamısı göstərir ki, Azərbaycanda məmurların seçilmə meyarı dəyişilməlidir. Məmur savadlı, vətənpərvər, mənəviyyatlı, insanları, xalqını sevən adam olmalıdır. Birdən-birə havadan götürüb məmur təyin etmək olmaz. Aşağıdan başlamalıdırlar. Çünki insan aşağıdan başlayanda özü haqqında fikir formalaşdırır. Azərbaycan cəmiyyəti elə də böyük deyil. Hamı hamını tanıyır. Ona görə də anidən, dünən universiteti bitirən birini vəzifəyə təyin etmək olmaz”. 
 

# 3540
avatar

Aytəkin Cəlali

Oxşar yazılar