ONLAR belə işlərdə kişilərdən daha cürətlidir...
30 noyabr 2019 16:00 (UTC +04:00)

ONLAR belə işlərdə kişilərdən daha cürətlidir...

 

1988-ci ilin mart ayı təzəcə başlamışdı. Qarabağda vəziyyət getdikcə gərginləşirdi. Fevral ayında Stepanakertdə ilk nümayiş oldu. Bizimkilər isə, hələ də çözümü dostluqda tapırdılar. Qəribə zaman idi - rəsmi kişilərimiz həmişəki kimi, ağızlarına su alıb oturmuşdular, danışmağa cəsarətləri yox idi...

O vaxt mən "Dalğa" verilişi ilə yanaşı, "Aktual ekran" proqramını aparırdım. Mart ayının 8-də verilişə Qadınlar bayramı münasibətilə 5 alim qadın dəvət etmişdik. Təəssüf ki, bəzisinin adını unutmuşam, amma Adilə Namazova, Elmira Süleymanova və Şərqiyyə adlı bir kimyaçı qadını yaxşı xatırlayıram. Verilişdən əvvəl, fürsət oldu, on beş dəqiqə dərdləşdik və təbii ki, bayram qaldı bir qıraqda, Qarabağdan o ki, var, odlu-alovlu danışdıq...

Nə başınızı ağrıdım, veriliş həmişəki kimi canlı idi. İlk top atəşini Adilə Namazova guruldatdı... Cəsur qadınlarımız bütün növlərdən olan ağır-yüngül silahdan atəşə başladılar - onlar çox, mən tək, üstəlik də bayram günü; xətirlərinə dəyməyəcəkdim ki... 

Nə isə... Ayaq verdim, geninə-boluna düşməni bombaladılar. İlk dəfə erməniyə düşmən deyən də, elə o qadınlar oldu.
Bir də ayıldım ki, yarım saatdır döşəyirik – ağız-burun, qabırğa-filan qalmayıb ermənidə; burdan – ora, şülküt eləmişik hamısını, Şaxnazarov qarışıb Aqambekyana, Zori Balayanı çiləyirlər, bu tərəfdən də, şüşənin dalından beş-altı kişi mənə əl eləyib, üz-gözünü lezvalayır ki, verilişi bu dəqiqə bitir. Onda sevindim ki, nə yaxşı qulağımda qulaqcıq yoxdur, özümü anlamazlığa vura bilərəm.

Haşiyə: Məsələ ondadır ki, qulaqlarımın yekəliyinə baxmayaraq, içinin deşiyi çox balacadır, anadan olandan, qulaqcıq saxlamır şöğərib…

Hə... Özümü vurdum anlamazlığa, gözümü rejissor pultunun qabağındakı pəncərədən çəkib, bir az da qaz verdim, qadınlarımız son akkordlarını vurdular - on dəqiqə də danışıb, verilişi bitirdik.

Studiyanın qapısı açıldı, bayaqdan şüşə arxasından mənə əl eləyən kişilər artıq sakitləşmişdi; içəri elə girdilər, sanki, ya yasa gəliblər, ya da eşafot ayağına - "mıqq" eləyən də olmadı. Bircə Elşad müəllim əlini çiynimə vurub, acı-acı qımışdı, ağzını qulağıma dirədi: "Lap əcəb elədin, amma, bu işin altından çıxa bilməyəcəyik".

İş-işdən keçmişdi deyəsən. Qadınlarımız da çaşmışdı. Bircə, Adilə Namazova ilə həmin o Şərqiyə xanım hələ də inqilab havasında idi. Onda, Elmira xanım lap yumağa dönmüşdü. Onsuz da yazıq qadın veriliş zamanı sağdan-soldan atılan hərcayi güllələrdən yaman qorxmuş, matı-qutu quruduğundan kəsərli bir söz deyə billməmişdi, amma, hiss edirdi ki, bu söhbətlərin şətəli mütləq ona da keçəcək. 
Gördüm, əşhəddü-ehtiyacı var, ürək-dirək verdim ona, dedim ki, Elmira xanım, siz niyə narahat olursunuz; çox müdrik mövqe nümayiş etdirdiniz. Mən bunu deyəndə, Adilə Namazova bayaqdan erməniyə atdığı bombalardan birini də mənə ünvanladı – qınayıcı baxışları ilə…

Nə isə… Bunları bir-təhər yola saldıq, qayıtdım Elşad Quliyevin otağına. Mən günahkar görkəm ala bilmirəm, amma bir təhər aldım - nə edəydim, bilirdim ki, SSRİ KQB-sinin nümayəndələri elə bu məsələ ilə əlaqədar Bakıdadırlar, işlər fırıq olacaq.

Televiziyada işləyənlər bilir, o vaxtlar efirə gedən hər verilişin papkası olurdu, ona məsul şəxslərdən biri imza atıb, efirə icazəsini verirdi; bu verilişin də papkasını hazırlamalıydıq. Elşad müəllim gülümsünə-gülümsünə papkanın üstünü yazıb, imzasını atdı. Bir kəlmə də danışmadan, mənə uzatdı ki, proqram şöbəsinə təhvil verim. 
Otaqdan çıxanda ayaqlarım yerimirdi, amma, başım saat kimi işləyirdi. Çox fikirləşmədim, papkanın ən böyük tikəsini Adilə xanımın erməniyə atdığı güllələrdən biri boyda eləyib, zibil yeşiyinə tökdüm. Otağıma qalxdım, təzə papka götürdüm, üstündə "Под личную ответственность Ильгара Гасымова" yazıb, mübarək imzamı qoydum, qaça-qaça Məmmədəli müəllimə apardım və dedim ki, Elşad müəllim verdi...

Bir saatdan sonra moskvalılar tökülüşdü televiziyaya. "Şmon" başlandı, sorğu-sual getdi, sənədlər gəldi ortaya. Məni də çağırdılar Elşad müəllimin otağına – verilişin aparıcı kimi. İçəri girəndə, gördüm ki, Elşad müəllim vəziyyəti izah edir, proqramın canlı olduğunu, aparıcının günahkar olmadığını anlatmağa çalışır. Mən də, sakit durmuşam, dinmirəm, amma, moskvalılar mənə elə baxır, gəl görəsən! 

Bu şəbihin kulminasiyası papka ortaya gələndə başlandı. Rusların biri dilləndi ki, veriliş efirə aparıcının şəxsi məsuliyyəti altında buraxılıb, sədrlik bir şey yoxdur. Elşad müəllim çaşıb qaldı. Papkanı götürüb üstünə baxdı, Başını möhkəm silkələyib, imzamı gördü...


Ruslar gedəndən sonra, məni bir də çağırdı yanına, soruşdu ki, bu nə işdir tutmusan. Cavabım əvvəldən hazır idi. Dedim ki, Elşad müəllim, bir şey olsa, mən səni qoruya bilmərəm – mən kiməm ki? Amma indi, sən məni qoruya bilərsən...

Nə isə, axırı salamatlıq oldu – düzdür, KQB-də işləyən bizimkilər xeyli əziyyət çəkdilər bizi qorumaq üçün.

Bunu yazdım ki, professor Cümşüd Nuriyev də daxil olmaqla, hamı bilsin: Azərbaycanda bütün ictimai-siyasi prosesləri qadınlar başlayır - onlar belə işlərdə kişilərdən daha cürətlidir...

Sözüm əsassız görünməsin deyə, yaxın yox, nisbətən uzaq tariximizi yadınıza salıram. 1905-ci ildə Bakıda hökümət əleyhinə inqilabi hərəkatın qızışması Novruz bayramı ərəfəsində Pasaj bazarında qoz ləpəsinin qiymətini süni şəkildə qaldırdıqlarına görə şəkərbura-paxlavaya həsrət qalmış evdar qadınların etirazından başlanmışdı; bolşeviklər-filan, sonradan qoşuldu… 

Bir dəstə İçərişəhərli qadın bazara hücum çəkib bütün alverçilərin qoz-fındıq ləpəsilə dolu kisələrini yerə aşıraraq, qəzəblə ayaqları altında əzmişdi. 15 dəqiqədən sonra isə, artıq, bəzzaz, baqqal dükanları yanırdı. O günün axşamı iğtişaşlar bütün şəhərə yayılmışdı, Kömür meydanı da yanırdı. Həmin iğtişaşlar, üç gün sərasər davam etmiş, şəhəri xaraba qoymuş, yalnız əlavə kazak dəstələrinin Bakıya gətirilməsi ilə sakitləşmişdi...

Bunu da deməliyəm ki, axtarış-istintaq tədbirlərində dindirilən zərərçəkənlərin heç biri mallarının övrətlər tərəfindən dağıdıldığını boynuna almamışdı…

Nə isə… Qadın böyük qüvvədir.

İçəri-Şəhərdə 40-ci illərədək, “Qozdağıdanlar” məhəlləsi - o vaxt Pasaj bazarını kor qoyan qadınların lideri Xanımbacının yaşadığı məhəllə həmin hadisədən sonar, məhz bu adla tanınırdı... 

Qadınlarımıza, xüsusilə də, Xanımbacı xanımın əziz xatirəsinə misilsiz hörmət və sayğı ilə, Sizin İlqar Əlfioğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2157
avatar

İlqar Əlfi

Oxşar yazılar