"Bir sual, bir cavab" - Ombudsman insan hüquqlarını pozanları cəzalandıra bilərmi?
09 iyun 2020 19:39 (UTC +04:00)

"Bir sual, bir cavab" - Ombudsman insan hüquqlarını pozanları cəzalandıra bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Yasamalda polisin keçirdiyi əməliyyata Azərbaycanın Ombudsman Aparatının münasibət göstərməsi ilə bağlıdır.

Sözügedən əməliyyat tədbirləri xüsusən, sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb oldu. Bütün bu reaksiyalar və ictimai qınaqdan sonra Daxili İşlər Nazirliyi əməliyyat zamanı qadına kobud ifadə işlədən əməkdaşını işdən qovdu. Qadından üzr istənildi. Gözlənilən reaksiyalardan biri də, Ombudsman Aparatından gəldi. Qurum proseslərin nəzarətdə olduğunu və DİN-ə müraciət edildiyini bildirdi.

Rubrikamızın da “Ombudsman Aparatı insan hüquqlarını kobud şəkildə pozanların cəzalanmasına nail ola bilərmi” sualına hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, Ombudsman Aparatı yalnız müraciətlər əsasında deyil, öz təşəbbüsü ilə də araşdırma apara bilər:

“Ombudsman – əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. O, Konstitusiyada, beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycanın dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilib. Ombudsman işgəncənin, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Müvəkkil təkcə şəxslərin ərizəsi ilə deyil, eyni zamanda insan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda öz təşəbbüsü ilə araşdırma aparır. Ombudsmanın istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi bütün yerlərə daxil olmaq, saxlanılan şəxslərlə təkbətək söhbət etmək, saxlanılan şəxslərin qanuni saxlanması, onlarla rəftara və saxlanma şəraitinə tanış olmaq, protokollaşdırmaq, səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var. Şikayətlə bağlı orqanlardan arayışlar almaq, tapşırıq vermək, ekspert rəyinin hazırlanmasını tapşıra bilər.

Bundan başqa, nəzərə almaq lazımdır ki, müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir. Şikayətə 30 gün müddətində baxılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3214
avatar

Mehman Nəbiyev

Oxşar yazılar