Çimərliyin ziyanı xeyrindən çoxdu? - MÜTƏXƏSSİS DANIŞIR
21 iyun 2023 15:00 (UTC +04:00)

Çimərliyin ziyanı xeyrindən çoxdu? - MÜTƏXƏSSİS DANIŞIR

Bu gündən rəsmi olaraq ölkəmizə yay mövsümü daxil olub. İsti yay günlərini qarşılayan insanlar sərinləmək üçün çimərliklərə üz tutur və günəşlənməyə başlayırlar. Elə bu səbəbdən də insanları ən çox narahat edən məsələlərdən biri də qızmar günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. 

Onların müalicəsi necə aparılmalı, hansı dərman vasitələrindən istifadə edilməlidir? Bu problemlərlə qarşılaşmamaq üçün nələri bilmək lazımdır?

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən dermatoloq Bəxtiyar Paşayev yay aylarında dəri xəstəliklərinə yoluxmanın artdığını deyib:

“Yay zamanı əsasən çimərliklərdə dəri xəstəlikləri ilə yanaşı, infeksiyalara da yoluxa bilərlər. Ən qorxduğumuz günəş yanıqları və günəşə qarşı allergik reaksiyalardır.  

Əgər bir insan iki ildən bir dəfə günəş yanığı keçirirsə, bu gələcəkdə dəri xərçəngi olma ehtimalını üç dəfə artırır. Ona görə də günəşdən qorunmağın bu qədər önəmi vardır. Bununla yanaşı, günəş foto qocalmaya səbəb olur, dəridə xərçəng riskini yüksəldir və günəş yanığı yaradır. Buna görə də mütləq şəkildə günəşdən qorunmaq çox önəmlidir. 

İkinci ən böyük problemlərdən biri pseudomonas infeksiyalarının dəriyə düşməsidir. Bu hal əsasən çirkli sularda daha çox olur. Əgər dəridə zədələnmə varsa, bunun nəticəsində dəridə müxtəlif yaraların olmasına, sızanaqların əmələ gəlməsinə gətirib çıxara bilər. Şişkinlik və dəri infeksiyalarına təkan verir”.

O bildirib ki, ən çox yayılan göbələk xəstəliyi dəmirovdur: 

“Daha sonra, dəniz mövsümündə göbələk infeksiyalarının artması müşahidə olunur. Əsasən, bu ayaq göbələkləridir. Ən çox yayılmış növü isə dəmirovdur. Bu hallarla qarşılaşmamaq üçün başqalarının paltarlarını geyinməmək, paltarları tez-tez dəyişmək məsləhət görülür. 

Qeyd etmək istəyirəm ki, kimdə çox xal varsa və ağbənizlidirsə, onlar maksimum günəşdən qorunmalıdır. Günəşə çıxmamışdan ən azı 20 dəqiqə qabaq günəşdən qoruyucu kremlərdən istifadə etməlidir. Bu ultrabənövşəyi şüaların dəriyə birbaşa təsirindən qoruyur. Və gələcəkdə dəri xərçənginə yoluxmanın qarşısını alır”.

Çimərlikdə yoluxan xəstəliklərdən danışdıq. Amma insanlar günəş şüası, D vitamini qəbul etməlidir. Ümumiyyətlə, çimərliyə getməyin faydası nədir? İnsanlar dəniz suyuna nə qədər qala bilərlər? 

Bu sualımıza cavab olaraq dermatoloq vurğulayıb ki, günəş şüalarının aktiv olmadığı bir dövrdə insanlar çimərliyə gedə bilərlər:

“Nəyinki çimərliyin, günəş şüalarının insan orqanizminə faydaları çoxdur. Günəş şüalarının bizə verdiyi ziyanlarından danışdım: Fotoqocalma, dəridə xərçəngin yaranması və s. 

Müsbət tərəfləri isə dəridə günəş şüalarının təsiri altında orqanizmdə Vitamin D sintezi baş verir. Yay vaxtı insanlar vitamin deposunu bərpa edir. İkinci psixoloji bir amil vardır. Günəşin ultrabənövşəyi şüaları təsirindən bizim əhvalımız yaxşılaşır.

Əsas məsələ isə insanların günəş şüalarını qəbul etmə vaxtıdır. Məsləhət görülür ki, günəş şüalarının aktiv olmadığı bir dövrdə: səhər saat 11-ə kimi və axşamtərəfi saat 4-dən sonra çimərlikdə günəşlənə bilərlər. Günəş şüalarını 2 saatı keçməmək şərti ilə qəbul etməlidirlər. Eyni zamanda, kölgədə, yəni çətirin altında günəşlənmək daha məsləhətlidir. Çünki şüanın birbaşa dəriyə təsir etməsi fəsadlara yol aça bilər”. 

Bilindiyi kimi, ağbənizli insanlar günəş şüaları altında qızarır və yanıqlar alırlar. Buna görə də çox zaman onlar süni qaralmaya, yəni solariuma üz tuturlar. Bunun insan orqanizmi üçün zərəri nədir?

Həkim solariuma gedənlərin dəri xərçənginə yoluxması barədə xəbərdarlıq edib:

“Bu proses lampalar vasitəsi ilə dərinin şüalanmasıdır. Süni şəkildə günəş şüaları yaradırlar. Ümumiyyətlə, solariuma getmək məsləhət görülmür. Çünki dəri xərçəngi riskini yüksəldir. 

Ən birinci səbəb budur, yəni fotoyaşlanma artıq ikinci plana keçir. Nəinki ağbənizli, heç kəsə məsləhət görülmür. 

Yay aylarında insanlara bir neçə tövsiyə verə bilərəm. İlk növbədə çimərliyə getməzdən öncə və sonra duş almaq lazımdır. Həm əvvəl, həm də sonra dənizə girməmişdən duş almaq lazımdır. 

İnsanlarda “Bu nə üçün edirik?” deyə sual yaranır.  

Duş almağa əsas səbəbimiz birinci dərini nəmləndirməkdir. Dəri nəmli olduqda sudakı həmin zərərli maddələrin birbaşa dəriyə hopmasının qarşısını alırıq. Dərimiz əgər daha yaxşı qorumaq istəyiriksə, suya girməmişdən qabaq nəmləndirməliyik. Bu nəmləndirmə adi yağ və ya uşaqlarda istifadə olunan kremlər ola bilər. Bu yağlar sudakı həmin zərərli maddələrlə birbaşa təmasının qarşısını almaqdan ötrü bir qoruyucu bir təbəqə yaradır. Və dənizdən sonra mütləq duş alınmalıdır. 

Günəşdən qorunmaq çox önəmlidir. Günə çıxdıqda eynək taxmaq, papaqlardan və qoruyucu kremlərdən istifadə etmək lazımdır. Məsləhət görülür ki, günəşlənmədiyinizi zamanlarda geyimlərdən istifadə edəsiniz. Uzun müddət yaş paltarlarda oturmaq olmaz. 

Əgər dəridə zədələnmələr, cızıq və ya kəsiklər varsa, dənizə girmək ümumiyyətlə məsləhət deyil. Həmin yerlərə infeksiya keçə və yaralar aça bilər”. 

Qeyd edək ki, son illər elm adamları da günəş şüalarının insan dərisinə mənfi təsiri barədə xəbərdarlıq edir: Aşırı gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər, dəri xərçəngi melanomaya belə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

Fidan İlqar

Oxşar yazılar