Jurnalist Araz Zeynalov
07 iyul 2021 13:45 (UTC +04:00)

Jurnalist Araz Zeynalov

Bizim Araz müəllim - SƏBUHİ MƏMMƏDLİ YAZIR

“Mən özümü jurnalistikadan ayrı təsəvvür eləmirəm. Hərdən dostlarım da zarafatla mənə deyir ki, sən adamlara da mövzu kimi baxırsan. Bundan sonra jurnalistikadan getsəm də, jurnalistika hər zaman mənimlə olacaq”. 

Amma bu dəfə Araz müəllim özü mövzudur. 60 yaşı tamam olur axı… 

Düz 28 ildir onu tanıdığım. Hə, 28 il, 1993-cü ildən. “And” adlı qəzet vardı, zamanlarda. Millət vəkili Sabir Rüstəmxanlının qəzeti. Ora yazı aparırdıq, bir vaxtlar. Yazı deyəndə ki, adi dəftər vərəqində cızma-qara. Və o cızma-qaralar sonradan məhz yazı kimi o qəzetdə dərc olunurdu. Səhəri yazımızı, imzamızı qəzetin səhifəsində görəndə necə sevinərdik, ilahi, uşaq kimi. İndiki jurnalistlər bilməz bu sevgini, bu sevinci. İndiki jurnalistlər nə bilsin, çap sexi nədi, “qoryaçi nabor” nədi, dozakl nədi. Təzə çıxmış qəzetin iyi bəlkə də dünyanın ən bahalı ətrindən də xoş idi bizlərə. Və bu sevinci bizə yaşadan bir nəfər vardı həmin qəzetdə. Düzü, heç vəzifəsini də bilməzdik. Sadəcə, Araz müəllim deyərdik, vəssalam. 

Mən mətbuatda iki nəfərə müəllim demişəm; bir, sözün həqiqi mənasında müəllimim Mehman Cavadoğluna, bir də Araz Zeynalova. Və mübaliğəsiz deyə bilərəm ki, hər ikisi Azərbaycan mətbuatına onlarla jurnalist bəxş edib. Belələrinə isə USTAD deyirlər. Və bu gün USTAD Araz müəllimin 60 yaşı tamam olur...

Yuxarıda qeyd etdim ha, onu tanıyanda 32 yaşı vardı. Arıq, enerjili, pozitiv. Üstündən 28 il keçib, heç nə dəyişməyib: enerjisi daha çox, həmin qamət, həmin incə yumor, həmin pozitivlik və hazırcavablıq. Hə, dəyişən bir yaşıdı, yaşın isə məşhur mahnıda deyildiyi kimi, nə fərqi var? 

Zeynalov - biz bəzən onu belə də çağırırıq - təpədən-dırnağa jurnalistdi. Bir maraqlı fakt, sonradan qayıdarıq Araz müəllimin jurnalistliyinə. Ümumiyyətlə, Zeynalovlar ailəsi Azərbaycanda yeganə və unikal ailədir - ailənin başçısı olmuş, atası bir zamanların “Kommunist”inin şöbə müdiri mərhum Hidayət müəllim, Hidayət müəllimin həyat yoldaşı, həmin qəzetin əməkdaşı olan rəhmətlik Məryəm xanım, özü, qardaşı Aqşin Zeynalov, hər ikisinin də həyat yoldaşı. Bir ailədə 6 jurnalist. 

Hə, jurnalistliyindən danışırdıq axı; adamın Azərbaycan mediası tarixində iki şah əsəri var. Biri artıq tarixin arxivin qovuşmuş, 90-ların əfsanəvi “Panorama” qəzeti, bir də Allah uzun ömür versin vesti.az! 

Gənc nəsil nə bilsin “Panorama” nədi? Əslində qınamaq da olmaz. Əslində, elə bəzən haqlı-haqsız irad tutduğum gənc jurnalistlər neyləsinlər ki, gec doğulublar, bu imzalarla bir yerdə çalışmayıblar. Diqqət yetirin, Adil Qaçayoğlu, Elşən Əliyev, Şakir Yaqubov, Xanlar Məmmədov, İlqar Hüseynov, Müsəllim Həsənov, Rövşən Binnətli, Faiq Novruzov, Süleyman Qaradağlı, Mətin Yaşaroğlu, İlhamə Novruzova, Aida Eyvazlı və baş redaktorları Araz Zeynalov. Eh cavanlar, bilirsiniz bu insanlardan nələr öyrənə bilərdiz? 

Ölənlərə Allah rəhmət eləsin. Qalanları da artıq 60-ı, 70-i keçib - bizim Araz müəllim kimi. 

Araz müəllim indi də qəzet rəhbəridir: vesti.az adlı İnternet qəzetinin. Vesti.az-ın onun rəhbərliyi altında necə populyarlaşdığını gördük, şahidi olduq, bu illər ərzində. Ən güclü operativ İnternet resurslardandı Azərbaycanda.  

Araz müəllim, gözəl dostdu. 
Araz müəllim səmimidi. 
Araz müəllim yalan danışmaz. 
Araz müəllim pislik etməz. 
Araz müəllim ancaq və ancaq yaxşılıq üçün yaranıb.

Bunu onu tanıyanlar gözəl bilir. Tanımayanlar isə eşidib. 
Adamın peşə intiusiyasına sadəcə həsəd aparmaq olar. Təsəvvür edin, bir dəfə mənə dedi: “İş üçün yanıma gələnlərin gözlərinin içinə baxanda bilirəm ki, ondan jurnalist alınar, alınmaz. Gözünün içində azca da olsa işıq varsa, ona “hə” deyirəm. 

Etiraf edim ki, gözdə işıq görüb kəşf etməyi də ondan əxz eləmişəm. Və yanılmamışam heç vaxt. 

Araz Zeynalovun 60 yaşı tamam olur bu gün. Səhhətində problem var, şükürlər olsun dövlət də onun problemini həll etmək üçün hərəkətə keçdi. Çünki o bir DƏYƏR! 

Allah dualarımızı da qəbul etdi. İndi hər şey yaxşılığa doğru gedir. Onu gözləyirik . Ənənəvi cümə günümüzü (Bunu bilənlər bilir. Və mən əminəm ki, Araz müəllim bunu oxuyanda qımışacaq). Bayaq telefonla təbrik edəndə özünə də dedim, dekabrın 31-dək yubileydi. Ürəkdən güldü. Həmişə üzün gülsün, LƏYAQƏTLİ ŞƏXSİYYƏT, BÖYÜK MÜƏLLİM. Düz deyirlər, sənin kimi insanlar yer üzünə çox az gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5214
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar