Bir neçə ay nazir olan "Qara Tofiq" necə həbsə düşdü? - UNUDULAN MƏMURLAR
21 fevral 2022 19:28 (UTC +04:00)

Bir neçə ay nazir olan "Qara Tofiq" necə həbsə düşdü? - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə ən çox ləqəbi ilə - "Qara Tofiq" kimi tanınan sabiq Kənd Təsərrüfatı naziri Tofiq Hüseynlidən bəhs edəcəyik. 

Tofiq Hüseynli 30 mart 1952-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, Politexnik institutunun Texnologiya fakültəsini bitirib.

Tofiq Hüseynli Tovuz rayon İstehsalat Kombinatında Texniki-Nəzarət şöbəsinin rəisi, Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini, Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

O, 1992-ci ildə Şəmkir rayon icra Hakimiyyətinin başçısı, 4 mart 1993-cü ildə isə Kənd Təsərrüfatı naziri təyin edilib. Bir neçə ay nazir olan Tofiq Hüseynli həmin ilin iyun ayında qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.

Tofiq Hüseynli 25 mart 1994-cü ildə qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək həbs olunub. O, 18 yanvar 1995-ci ildə isə azadlığa buraxılıb.

Qara Tofiqin yaxın dostu Ehtiram İlham onun haqqında deyir:

“Tofiq bəy 5 ildən çoxdur ki, İsveçrədə yaşayır. Bildiyim qədəri ilə tezliklə qayıtmalıdır. Orada xüsusi bir işlə məşğul olmur, sadəcə yaşayır. Bu yaxınlarda səhhətində bir az problemlər yaranmışdı. Çox şükür ki, indi yaxşıdı. Martın 30-da 70 yaşı tamam olacaq”.

Tofiq Hüseynli hazırda İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var. 

# 13047
avatar

Aytəkin Cəlali

Oxşar yazılar