Azıx mağarası
14 aprel 2021 16:01 (UTC +04:00)

Azıx mağarası

Bir mağaranın SİRRİ: Azıxı kim kəşf edib və orda kimlər yaşayıb – Mütəxəssiz yazır

Qarabağda Azərbaycanın zəngin tarixinə aid yüzlərlə arxeoloji abidələr məlumdur. Bunlardan daha məşhuru müasir insanın tarixinə aidiyyəti olmayan Azıx mağarasıdır. Son zamanlar isə bu mağara bəlkə də ən çox adı hallanan abidələrdən biridir və Azıx – qədim daş dövrü (paleolit) mağara düşərgəsi barədə arxeologiya elmindən uzaq olan müəlliflər yanlış yazılar çap edirlər. Təəssüflər olsun ki, belə hallara televiziya kanallarındakı verilişlərdə də rast gəlinir.

Bunları nəzərə alaraq bu məsələyə geniş oxucu auditoriyası üçün müəyyən bir aydınlıq gətirmək istərdim.

1. Azıx mağarası bir neçə milyon il bundan əvvəl, hələ insan mövcud olmayanda, süxurların su ilə yuyulması nəticəsində yaranıb. Azıx mağarasını məhz qədim daş dövrü abidəsi kimi 1960-cı ildə bəzi diletant yazılarda göstərildiyi kimi, çoban, azyaşlı şagirdlər və ya yerli sakinlər deyil, məhz azərbaycanlı arxeoloq alim Məmmədəli Murad oğlu Hüseynov kəşf edib. Sadəcə olaraq, qədim daş dövrünün son mərhələlərinə (150 min əvvələ) aid alətlər 2-3 metr dərinlikdə aşkarlanıb və o daşların arasında insan fəaliyyətini görmək üçün bu dövr üzrə yüksək səviyyəli peşəkar mütəxəssis olmaq vacibdir. 1960-cı ildə isə Azərbaycanda bu dövr üzrə yeganə mütəxəssis Məmmədəli Hüseynov idi. Heç də təsadüfi deyil ki, biz onu Azərbaycanda qədim daş dövrü üzrə elmin banisi adlandırırıq.

2. Azıx mağarasında arxeoloji qazıntılar, 1960-1982-ci illərdə, ərazi işğal olunana qədər, məhz Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılıb. Lakin bu heçdə o demək deyil ki, orada aşkar olunan daş əmək alətləri, heyvan sümükləri və digər tapıntıların təhlili bununla yekunlaşıb. Bu təhlillər bu gün də davam edir və bəlkə on illər sonra da davam edəcək. Çünki elm sahələri inkişaf etdikcə həm daş alətlərin təhlili, həm də onların mütləq yaşını müəyyən etmək üçün yeni tədqiqat üsulları meydana çıxır.

3. Azıx mağarasının qazılmış çöküntülərinin ümumi qalınlığı 14,5 metrdir və onları Məmmədəli Hüseynov 10 təbəqəyə ayırıb. İlk 10 metr 1-6-cı təbəqələri əhatə edir. Qalan 4,5 metr 7-10-cu təbəqələrdir. 

1-ci üst təbəqədə yaşayış olmayıb, lakin son 3-4 min il ərzində, eyni zamanda orta əsrlərdə, mağaraya asan girmək imkanı olana qədər mağarada yağışdan və qızmar günəşdən, əksər hallarda mal-qara otaran çobanlar sığınacaq tapırdılar. Bunu arxeoloq alimlər mağaranın üst təbəqəsində bu dövrlərə aid bir neçə saxsı qırıqları taparaq müəyyən ediblər. Sadəcə olaraq müasir dövrdə çobanlar özləri ilə suyu plastik butulkada daşıyırlar, ondan əvvəl şüşə butulkada, qədimdə isə saxsı qabda daşıyırdılar və qırıntılar da həmin dövrə aiddirlər.

2-ci təbəqədə ümumiyyətlə tapıntı yoxdur, çünki o dövrdə ərazidə insan yaşamayıb, arxeologiya elmində belə təbəqə "lal təbəqə” adlanır. Bu təbəqə təbii üsulla (küləyin çöldən gətirdiyi torpaq və mağaranın tavanından qırılıb tökülən daşlarla) yaranıb.

3-cü 2-3 metr dərinlikdə olan təbəqədə 4 minə yaxın daş əmək alətləri və ibtidai insanların ovladığı minlərlə heyvan sümüklərinin qalıqları aşkarlanıb. Daş əmək alətləri orta paleolit (qədim daş) dövrünə aiddirlər və elmdə bu üsulla hazırlanan alətlər Mustye arxeoloji mədəniyyəti adlanır (ilk dəfə bu adda mədəniyyəti fransız alim Fransua Bord eyni adlı düşərgənin alətlərini sistemləşdirərək elmi dövriyəyə daxil edib). Ümumiyyətlə, Mustye mədəniyyəti dünyada 250 min il bundan əvvəl yaranıb və 40 min il bundan əvvələ qədər davam edib. Azıx mağarasında bu təbəqənin nisbi yaşı (mütləq yaşı müəyyən olunmayıb) 150 min ildir. Dünyanın digər qədim daş dövrü abidələrində bu mədəniyyətlə eyni təbəqələrdə, neandertal tipli insanın qalıqları tapıldığından ehtimal etmək olar ki,

Azıxın 3-cü təbəqəsində də neandertallar yaşayıb. Afrikadan kənarda yaşayan, müasir insanın genlərində neandertalların 4% qədər geni olsa da neandertallar insan növünün dalan qollarından biridir və təxminən 30-40 min əvvəl onlar tamamilə məhv olmuşdurlar. Müasir antropologiya elmi, paleogenetikaya əsaslanaraq, neandertalları müasir insanın əcdadları sırasından çıxarıb.

4-cü təbəqə də "laldır" və orada tapıntı yoxdur.

5-ci təbəqə isə çox zəngindir. Həmin təbəqədən minlərlə heyvan sümükləri, ocaq qalıqları Aşel arxeoloji mədəniyyətinə (yenə də Fransua Bord) aid daş əmək alətləri aşkarlanıb. Məhz 5-ci təbəqədən 1968-ci ildə ibtidai insanın çənəsinin qalığı aşkarlanıb. Həmin tapıntının insan təkamülündə yerini ilk dəfə azərbaycanlı alim biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, paleontoloq, antropoloq Dəmir Vahid oğlu Hacıyev müəyyən edib. Sonradan çənənin öyrənilməsi ilə azərbaycanlı antropoloq, biologiya elmləri namizədi Rəbiyyə Qasımova məşğul olub. Bu çənə qalığı neandertala keçid mərhələsinə (preneandertala) aid olan insanın qalığıdır. Bu tapıntının geniş təhlili 1971-ci ildə Azərbaycanın Tibb İnstitutunun elmi jurnalında dərc olunmuşdur. İllər keçsə də bu təhlil təkzib olunmayıb, bu tapıntı elmdə Heydelberq insanı adı kimi tanınan neandertalın əcdadına məxsusdur. İlk dəfə 1907-ci ildə, Almaniyanın Heydelberq şəhərinin yaxınlığında tapılan insan qalığı belə adlandırılıb. Hal hazırda yer kürəsində bu insan qalıqlarının tapıntılarının sayı yüzlərlədir. 5-ci təbəqənin yaşı 300 min ildir. Azıxantrop adını isə bu tapıntıya Məmmədəli Hüseynov şərti ad kimi verib. İlk dəfə azıxantrop adı M.Hüseynovun 1973-cü ildə nəşr olunmuş "Uzaq Daş dövrü" kitabında qeyd edilib.

6-cı təbəqədə də minlərlə heyvan sümükləri və Aşel mədəniyyətinin daha qədim mərhələsinə aid daş əmək alətləri aşkar olunub. 6-cı təbəqənin döşəməsinin mütləq yaşı 780 min ildir. Bu təbəqədə insan qalığı tapılmasa da ehtimal etmək olar ki, bu dövrdə mağarada elmdə Homo Erektus (Düz Gəzən İnsan) kimi tanınan insan yaşayıb. Çünki dünyada bu yaşda olan Aşel mədəniyyəti ilə bərabər məhz Erektusun qalıqları tapılıb.

Mağaranın qalan 7-10-cu təbəqələri Quruçay arxeoloji mədəniyyətinə aiddir. İlk dəfə bu mədəniyyətin adını elmi dövriyyəyə 1979-cu ildə məhz Məmmədəli Hüseynov daxil edib və  bu ad Azıx mağarasının qarşısındakı dərədə axan çayın adı ilə bağlıdır. Uzun illər dünya elmində belə arxeoloji mədəniyyət adı qəbul olunmurdu. Çünki bu mədəniyyətə xas olan daş alətlər (iri ölçülü, çəkisi 4-5 kiloqram olan zərbə aləti) bir neçə ədəd idi və yalnız Azıxda tapılmışdır. On illər keçdikdən sonra belə alətlər Mingəçevir su anbarının sahilində Qaraca qədim daş dövrü düşərgəsində, Mərkəzi Dağıstanda və Taman yarımadasında qədim daş dövrü abidələrində aşkarlanıb və artıq arxeoloji mədəniyyət kimi bir çox alimlər tərəfindən qəbul olunub. 1970-ci illərdə 10-cu təbəqənin yaşını Azərbaycan və Rusiya alimləri 1 milyon 200 min il əvvələ aid etmişdilər və bu yaş bu gün də yeganə elmi əsaslara söykənən tarixdir. 

O ki, qaldı Quruçay mədəniyyətinin daşıyıcılarına, ehtimal etmək olar ki, orada erkən Erektusun bir növü, ola bilsin Gürcüstandakı Dmanisi paleolit tapıntı yerində aşkar olunan Homo nəslinin bir qolu yaşayıb.Nəticə olaraq bu gün məlum olan elmi əsaslara əsasən demək olar ki, Azıx mağarasında müasir insanın əcdadı yaşamayıb. Sadəcə orada ibtidai insan təkamülünün bir neçə mərhələsinə aid, sona çatmış (nəsli kəsilmiş) qola məxsus olan, insanlar yaşayıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azıx mağara düşərgəsi Azərbaycan ərazisinin bütün dünyada ibtidai insanların məskunlaşdığı ən qədim regionlardan biri olduğunu sübut edən möhtəşəm abidədir.

Azad Zeynalov

AMEA Arxeologiya və Etnoqrafia

İnstitutunun aparıcı elmi işçisi,

Tarix üzrə fəlsəfə doktoru,

arxeoloq, qədim daş dövrü üzrə mütəxəssis.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5691
avatar

Oxşar yazılar