Bakının 9 məktəbində həftənin 5 GÜNÜ DƏRS OLACAQ
18 may 2021 12:22 (UTC +04:00)

Bakının 9 məktəbində həftənin 5 GÜNÜ DƏRS OLACAQ

Bakının bəzi məktəblərində həftənin 5 günü əyani dərslər olur.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində Təhsil nazirinin müvafiq əmrinə əsasən, pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir:

“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”.

Qeyd edək ki, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil edilir.

Xatırladaq ki, mayın 8-də Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda da qeyd edib ki, mayın 17-dən 5 regionda da həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə başlanacaq: “X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək. Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verdiyi halda, qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar