Sosial şəbəkələrdə Bakıda vətəndaşa istifadə müddəti bitmiş “pfizer” vaksini vurulması barədə iddialar yayılıb.
Lent.az-ın məlumatına görə, iddialarda göstərilir ki, “Caspian İnternational Hospital”da vətəndaşa istifadə müddəti sentyabr ayında bitən “pfizer” vaksini vurulub.
Digər bir iddiaya görə isə başqa bir şəxsə “Leyla Medical Center”də son istifadə tarixi noyabrın əvvəlində bitən eyniadlı peyvənd vurulub.
İddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün TƏBİB-lə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Elnarə Baxış Lent.az-a bildirib ki, “pfizer/biontech” vaksininin istifadə müddəti bütün ölkələrdə dekabr ayının sonunadək uzadılıb:
“Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.
Məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir”.