"Təxminən 3-4 il əvvəl bahalı evləri, xüsusən də villaları almaq istəyən şəxslərin sayı çox idi".
Bu barədə Lent.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, hətta həmin evlərin qiymətləri reallıqdan uzaq olsa belə, tezliklə alıcı tapılırdı:
Əmlak eksperti Elnur Fərzəliyev
"Məsələn, bəzən maya dəyəri təxminən 500 000 olan evlər 1 milyona satılırdı. Ancaq indi vəziyyət elə deyil. Bahalı evlər, villalar satılmağa davam etsə də, əvvəlki kimi alıcıların maraqları yoxdur. Artıq bahalı bağ evlərinə tələbat da çox azdır. Çünki imkanlı şəxslərin demək olar ki, hamısının öz bağ evləri var".
Ekspert qeyd edib ki, hazırda şəhərin mərkəzində kvadratı 5 000 manata satılan evlər də var:
"Onların alıcıları isə bəzi kontingentə daxil olan şəxslərdir. Burada söhbət keyfiyyətdən getmir. Əgər keyfiyyətdən danışsaq, ölkədə inşa olunan bütün binaların daşı da, betonu da, kərpici və s. yerli istehsaldır. Sadəcə, burada qiymət prestijdən, binaya göstərilən xidmətdən, yaşayan təbəqədən və s. gedir.
Bunu da qeyd edim ki, alıcı qiyməti ölçmək üçün əvvəlcə almaq istədiyi yaşayış yerinin yerləşdiyi ərazidə torpağın, evin qiymətini öyrənilməlidir. Sonra evdə istifadə olunan materiallar barədə geniş məlumat almalı və dəqiqləşdirmə aparılmalıdır. Yalnız bundan sonra mənzilə düzgün qiymətin qoyulub-qoyulmamasını anlamış ola bilər”.
Lent.az hazırda satışda olan və dəyəri 3 500 000 manatdan çox olan evlərlə bağlı araşdırma aparıb.
1. Səbail rayonunda olan yeni tikilidəki 7 otaqlı (1000 m²) mənzilin qiyməti 3 500 000 manatdır.
2. Şəhərin mərkəzində, Nəsimi heykəlinin yanında olan binadakı 6 otaqlı mənzilin qiyməti 3 500 000 manata təklif edilir.
3. Gənclikdəki yeni hündürmərtəbəli binada olan 4 otaqlı mənzili almaq istəyənlər (285 m²) 3 999 000 manat ödəməlidirlər.
4. Nərimanov rayonunda yerləşən yeni tikilidəki 8 otaqlı (784 m²) mənzilin satış dəyəri 4 665 000 manatdır.
5. Atatürk prospektində yerləşən üçmərtəbəli villa (10 otaqlı - 1000 m2) isə 5 000 000 manata təklif edilir: