Bəhram Bağırzadə yenə “kəndçi” “şəhərli” söhbəti ilə özünü gündəmə gətirib. Şəhərli olmaq travması ilə yaşayanlara “o düz deyir”, “kəndçi” olması ilə fəxr edənlərə də Bəhramı söymək şansı tanıyıb. Əslində söyülən, ya da fikrinə tərəfdar çıxılan Bəhram deyil. Burda Bəhramın məşhurluğunun, özünü “bakılı qaqaş” stilində aparmasının da bir əhəmiyyəti yoxdu. Yadınızdadırsa, Bakı Metropolitenində işləyən, ismini-cismini heç kimin tanımadığı bir bacı da “rayonlular çıxıb rayonlarına getsə, bla bla” tipli bir filosofluq eləmişdi, sosial mediadakı xalqımız onu bir həftə ağ yuyub qara sərdi. Hələ üstəlik Bakı Metropolitenində mənasız bir iş görən ( ştat vəzifəsinin adı iki kilometr uzunluğunda idi, yadda qalmırdı) o yazıq qızı dövlət məmuru eləmişdilər)
Yəni, əsas odu ki, kimsə rayonlulara “Bakıdan çıxıb gedin” desin, sosial mediada aktivliyi ilə seçilən xalqımız onun canına oxuyub, meyitini sərməmiş əl çəkməyəcək.
İşin əslinə baxanda isə bu acı həqiqətdi ki, Bakıda şəhər mədəniyyəti yerli-dibli olmayıb. Çünki bu qara şəhərin binəsinə daş qoyanlar güneyli-quzeyli Azərbaycanın müxtəlif rayonlarından neft sorağına işçilik üçün gələnlər olub. Sonra o işçilərdən bir qismi ya zəlzələdən, ya vəlvələdən varlanıblar, burda öz səltənətlərini qurublar. Amma onlar da ölənə qədər başlarının üstündən gəldikləri yeri unutmamaq üçün çarıqlarını asıblar, yəni fəhləliklərini unutmayıblar. Bakı ta qədimdən Sovetə qədər də, Sovet dövründə də, Sovetdən sonra da həmişə böyük bir kənd olub.
İki Azərbaycan boyda olan İstanbul böyük bir kənddi ( köydür), amma İzmir şəhərdi. İzmirin bulvarında gəzəndə, taksisində oturanda, kafesində çay içəndə , toyunda düyünündə iştirak edəndə o şəhər mühitini, o mədəniyyət havasını hiss edirsən. Eyni turistik yerləri olan Antalyada, ya da dünyanın heç şübhəsiz ən əsrarəngiz şəhərlərindən olan İstanbulda mühit olaraq şəhər havasını hiss edə bilmirsən. Bircə dəfə İzmir və İstanbulda olmuş adam, o fərqi dərhal hiss edəcək.
Yəqin bizim Sovetdən qalma adamlar o vaxtın Şuşası, Gəncəsi ilə Bakısı arasında da o fərqi görüblər, hiss ediblər. Şuşada da xeyli texnikumlar vardı, xeyli kəndli uşağı gedib oralarda oxuyub gəlirdi. Amma Şuşanın şəhər havası, şəhər mühiti o vaxtın adamlarının yaddaşında bir başqa qalıb.
Yəni deməyimiz o ki, şəhər mühiti ya olur, ya da olmur. Əgər mühit varsa, gələn o mühitə ya adaptasiya olunur, orda qalır, mühitin adamı olur, ya da o mühitdə özünün yad olduğunu görür və gedir.
Bakıda bu mühit heç vaxt olmayıb, çünki Bakının formalaşması, şəhər olaraq yaranması fəlsəfəsində iş, işçilik dayanırdı. Coğrafi, relyef, iqlim, ekologiya olaraq bura yaşam standartının altında olan yerdir.
Məsələn, Şuşanı xan nəsli yaratmışdı. Və Şuşada yer, məkan, coğrafiya olaraq əkmək, biçmək, işləmək mümkün deyildi. O başından bu başına 2 kilometr olan şəhərdə kəndli, fəhlə gəlib nə edəcəkdi ki? Nə yeyib içəcəkdi? Nə iş görəcəkdi? Bəyin taxıl zəmisi də, mal-qarası da aranda idi. Orda oturan da ya məclis quracaqdı, ya mahnı oxuyacaqdı, ya da kitab. Ağaoğlunun xatirələri ilə bağlı dəyərli bir kitabı var. Yazır ki, atam ruhani idi, bütün günü bir otaqda yığışıb, tənbəkidən çəkib heç vaxt dəbdən düşməyən “dini mübahisələri” hər gün yeniləyib davam edirdilər. Deyir, onlar yan otaqda məclis quranda anam məni qonşudakı xalanın evinə göndərirdi, orda erməni müəllimdən dərs alırdım. Çəmənzəminli də xatirələrində Şuşa bulvarında erməni qizları ilə danışmaq üçün azərbaycanlı oğlanların fəndlərini yazır. Məsələni qoyub, o dəqiqə erməni-azərbaycanlı, “Azərbaycanlı kişisi erməni qızı üçün ölür” söhbətlərinə getməyin. Yəni bulvar var idi, məktəb var idi, məclislər var idi Şuşada. Çünki orda başqa iş də görmək mümkün deyil. Coğrafiya, mühit, şəhərin qurulma fəlsəfəsi, şəhəri quranların təhsili və statusu şəhər mühitinə uyğun idi.
Bakıya isə işləməyə gəlirdilər. Neft çıxartmağa gəlirdilər. Kəndxudaya bənzədib adını neftxuda qoyduqları adamların işçisi olmağa gəlirdilər.
Onda dövlət Gəncədə qurulurdu, məktəblər Qazaxda, Şəkidə açılırdı. Məclislər Şuşada, Şamaxıda yaradılırdı. Qəzetlər, dərgilər Gəncədə, Tiflisdə dərc edilirdi. Sonralar Bakıda bu ənənələr davam etdirildi, YARADILMADI, DAVAM ETDİRİLDİ. Niyə? Çünki kapital Bakıda idi. Bəs o ənənələri Bakıda kim davam etdirdi? Əlbəttə, Gəncədə, Tiflisdə, Şuşada, Şamaxıda o ənənələri yaradanlar. Onlar köçüb Bakıya gəldilər və burda da o ənənələri davam etdirdilər. Yəni, bu gün bizim paytaxtımız, dünyaya açılan nəfəsliyimiz olan gözəl Bakı şəhər kimi ənənələr yaratmadı, olan ənənələri davam etdirdi. Ona görə də Bakının Maştağa kəndində doğulan, yerli bakılı ilə Göyçayın Çərəkə kəndindən Bakıya gəlmiş azərbaycanlı arasında düşüncə, yanaşma, şəhər mühitinə uyğunlaşma baxımdan elə bir fərq yoxdu. Danışdıranda biri Göyçayda ləzzətli nardan, o biri də Bakı bağlarındakı şanıdan danışacaq. O ki qaldı hələ də “hərə öz yerində yaşasın” tezisi ilə danışanlara, onlar arada başlarını qaldırıb (yox, elə başlarını əllərindəki telefona salıb) dünyaya baxsınlar. Bu gün yaşamaq üçün dünya balacalaşıb, nəinki Bakıda, ya Sabirabadda yaşamaq mübahisəsi getsin. Camaat Marsda torpaq alır, biz hələ Füzulinin Aşağı Ədbürrəhmanlı kəndi ilə Balaxanıda doğulmağın insanın düşüncəsi, mədəniyyəti və baxışında nə dəyişiklik edə biləcəyini müzakirə edirik. Çox balaca işdi, vallah.
Müzakirə olunası, bu məsələsinin konteksində dayanası isə budur: Bizdə niyə şəhər mühiti yoxdur? Daha doğrusu, şəhər mühitinin də atributu sayılacaq elita niyə formalaşmadı?
Çox sadə də cavabı var: təhsilimiz və təhsilin formalaşdırdığı xasiyyətimiz imkan vermədi. Şəhər mədəniyyətini, mühitini, ölkə elitasını formalaşdırmalı olan adamların hərəsinə bir məsələni bağışlamayıb linç edən cəmiyyət mərhələ adlaya bilmədi, bizməzdi də. Eynən kənddə qonşusuna bir az çox torpağı, azca geniş yolu, hətta iki artıq uşağı bağışlaya bilməyən adamlar Anara Yazıçılar Birliyinin sədri, Ramiz Rövşənə bir evi, Aqşin Yeniseyə ciyərini dağılmaqdan qurtarmağı, Elçinə baş nazirin müavinliyini, Vaqifə deputatlığı,Polada Şuşada baxıl geyinməyi, Müslümə Moskvada yaşamağı, ziyalıya ziyalılığını, vəkilə vəkilliyini, jurnalistə jurnalistliyini, müğənniyə bir bahalı villanı, rektora bir məclisdə sağlıq deməyi, bir alimə seçilib elçiliyə aparılmağı bağışlamadılar. Din xadiminə “banan satan”, alimə daha pis ayama qoşanda bilmək lazım idi ki, tək-tək şəxslər, şəxsiyyətlər məhv edilmir, linç olunmur, ölkədə elita anlayışı məhv edilir, elitanı mədəni zümrələr yaradır. Adam kimi baxıb, fərqliliyinə görə hörmət qoymalı olduğumuz adamları insanı zövqlərinə, tamahına görə linç eləyəndə mədəniyyət də, mühit də məhv oldu.
Bununla bir dəfəlik barışmaq lazımdı: bu cəmiyyət özündən irəli düşünən, fərqli düşünən adamları sevmir, əksinə, onu ayağının altında xışlamaqdan zövq alır. Əzir, məhv edir, sonra da qəbrində ağlayır.
Bir ziyalıya, yazıçıya, boğazı ilə pul qazanan müğənniyə min vedrə bağlayıb vergisi ilə maaş alan məmurun geyim-geciminə “ o boyda filankəsdi, o da geyinməyib kim geyinəcək ki” arqumenti ilə təsəlli verən cəmiyyətin mədəni mühiti olmayacaq, əzizlər. Bəhramı söyməklə də düzəlsi deyil, tərifləməklə də.
Siz səsi, sənəti olan bir muğam ustası ac qalmamaq üçün toyda bir oynamalı mahnı oxuyanda yaxınlaşıb itin sözünü deyən, amma pulu paçka-paçka Vəfa Şərifovanın, Nəfəsin başına səpən adamlarsınız. Siz-ciddi bir kanalda bir alimlə bağlı videoya tıklamağa belə ərinib, gedib tik-tokda Nianın, Ləmanın başına minlərlə jeton yağdıran adamlarsınız. Guya indi bir qisim özünü cool göstərib, şəhər mədəniyyətinin qeydinə qalan olub. Boş pafosdan başqa bir şey deyil. Elə olmasa bu ölkədə onlarla mədəni, ictimai veriliş sponsor üzündən bağlandığı halda Xoşqədəm, Elgiz, Zaurlar reklam gölündə üzməzdi. Heç elə deməyin ki, pullular pulu o verilişlərə tökür. Xeyr. Pullular pulu səndən qazanır, sosial media istifadəçisi olan milyonlarla azərbaycanlı. Sənin baxdığın yerdə pul qazandığı məhsulunu reklam edir.
Mədəni və səviyyəli mühiti kimdən gözləyirsiniz? Sən axı oxuduğun təhsil sayəsində qarşına çıxan, bir az səndən fərqli və yüksək düşünən hamını linç elədin, küsdürdün, bezdirdin, iyrəndirdin. Sən axı istədin ki, baxdığın, dinlədiyin, oxuduğun adamlara “ahaha, bu ki kütbeyindi, mən bundan çox bilirəm”, “hahaha, bu ki toyuq kimi qaqqıldayır, mən bundan yaxşı oxuyaram” deyib lağ edəsən. Sən istədin ki, baxdığın, dinlədiyin adamlar səndən aşağı səviyyəli olsun. Sən Ağabəy Sultanovu tiktoker Ləmana, instaqram gözəli Samirəyə dəyişən adamsan. Sənin şairin Baləlidi, qəhrəmanın hansısa avtoritetdi, məsləhətçin instaqram gözəli Samirə, tiktoker Ləmandı, özünü cool göstərmək istəyəndə kumirin Qərib Azərdi, intellektualın da Bəhram)))
Sən dəyər, mühit, mədəniyyət, elitlik axtarmadın axı, əziz azərbaycanlı. Sən özündən bir boy yüksək olanı ayağının altında əzməkdən ləzzət aldın. Bütün davaların da predmeti bu oldu. Filan yazıçı niyə acından ölmür? Filan şair niyə maşın sürür? Filan rəssam niyə yaşayır? Filan müğənninin niyə bağı var? Sən özündən barometr düzəltdin. Əsl yazıçı, əsl ziyalı, əsl jurnalist, əsl sənətkar. Hələ bir binəva da sağ ikən bu “əsl” barometrində yüksələ bilməyib. Hamı “badam gözlü” olmağı üçün ölməyini gözləməlidi.
Kəndlərdəki davaları bilirsiniz də. Filankəsin torpağı niyə çoxdu? Filankəsin yolu niyə böyükdü? Filankəsin üzüm bağında niyə 5 dənə artıq tənək var? Filankəsin toyuğu, inəyi mənim biçənəyimə keçdi? Su davaları, arx davaları, toyda zakaz davaları (əslində dava budu, onun azca pulu çoxdu deyə, sifarişi məndən əvvəl oxundu, xeyir ola?)
Eyni davadı, orda torpaq, yol, əkin, heyvan. Burda maşın, ev, vəzifə, qızıl, geyim.
Adam maşını öz yoluyla da sürəndə siz deyən şəhərlidən olmur, Bəhram müəllim. Emin Əmrullayevi görün, bu “şəhərli-kəndli” söhbətinin açarı o müəllimdədi. İndi düzəltməyə başlasa, bir əsr olsa maşını hamı öz yoluyla sürəcək...