BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində 1 nömrəli tam orta məktəb, Kimya-Biologiya Təmayüllü Lisey və 3 nömrəli xüsusi təhsil müəssisəsi ətrafında piyada təhlükəsizliyinin artırılması məqsədilə işlər görülüb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, aparılan işlər nəticəsində məktəblərin ətrafında:
sürət həddi 30km/saat-a endirilib;
yol kəsişmələrində müvafiq yol nişanları quraşdırılıb;
yeni eyni səviyyəli piyada keçidləri təşkil edilib;
sürət həddinə riayət olunmasının təşviq edilməsi üçün məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;
təhlükəsizliyin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.
Əlçatanlığın təmin edilməsi məqsədilə həmin məktəblərin ətrafında pandusların quraşdırılması istiqamətində işlərə başlanılacaq.
Qeyd olunan təhsil müəssisələri ətrafında maarifləndirmə işləri "Nəqliyyat Könüllüləri" tərəfindən davam etdirilib. Könüllülər hərəkət iştirakçılarını təhlükəsizlik qaydaları haqqında maarifləndirib, "Həyat dolu küçələr" şüarı ilə sürücüləri ehtiyatlı olmağa çağırıblar.