"Azərbaycanlılar havada allahlıq edirdi... hər gün onlarla əsgər dəfn edirdik" - Ermənistandan REPORTAJ
13 mart 2021 14:00 (UTC +04:00)

"Azərbaycanlılar havada allahlıq edirdi... hər gün onlarla əsgər dəfn edirdik" - Ermənistandan REPORTAJ

Rusiyanın “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Ermənistanın paytaxtı İrəvanda olub və təəssüratlarını qələmə alıb.

Lent.az həmin məqaləni ixtisarla təqdim edir:

İrəvanda hara baxsan, arxa şüşəsinə hərbi formalı cavan oğlanların ağ-qara fotoları yapışdırılmış avtomobillər görərsən. Bunlar 44 günlük Azərbaycan-Ermənistan müharibəsi zamanı Qarabağda ölən ermənilərin atalarının, qardaşlarının və ya oğlanlarının maşınlarıdır.

Rəsmi məlumatlara görə 4 min, qeyri-rəsmi məlumatlara görə isə 7 min erməni müharibədə öldürülüb. Üç milyondan az əhalisi olan ölkə üçün bu böyük itkidir.

“Elə bil hər yeri vəba bürümüşdü – müharibə başlayanda səfərbərliklə orduya çağırılmış Armen Mnatsakanyan əlini göstərə-göstərə danışır, iki barmağı yoxdur – Heç döyüşməyə belə macal tapmadım. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşuq, konyak içirik, birdən yüngül vızıltı eşidildi və part! Gözümü açdım ki, hospitaldayam. Məlum oldu ki, pilotsuz uçan aparat (PUA – red.) zərbə endirib. Yoldaşlarım tikə-tikə oldu, mənsə möcüzə nəticəsində sağ qaldım”.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Qarabağ müharibəsi göstərdi ki, müharibədə təkcə cəsarət kafi deyil. Rəqibin gücünü ayıq başla dəyərləndirməklə yanaşı ciddi intizam və müasir texniki təchizat da gərəklidir.

“Azərbaycan hələ 1994-cü ildən silahlanmağa başlamışdı”. –Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan etiraf edir: “Təkcə son 9 il ərzində Azərbaycan hərbi müdafiəyə 24 milyard dollar sərf edib, bu ölkə büdcəsinin 11 faizini təşkil edirdi. Azərbaycanlılar Rusiyadan ən yeni vertolyotlar, zirehli daşıyıcılar, tank əleyhinə texnikalar, Türkiyə və İsraildən isə pilotsuz uçan  aparatlar alırdılar. Onların ordusuna ən yaxşı türk, İsrail, Amerika hərbi mütəxəssisləri təlim keçirdilər”.

O, daha sonra erməni xalqının axmaqlıq etdiyini bildirir: “Biz əvvəlki müharibənin eyforiyası ilə yaşayırdıq. Guya yenə müharibə olsa, azərbaycanlılar bu dəfə də darmadağın olub qaçacaqlar. Gülürdük ki, guya azərbaycanlılar vuruşmağı bacarmırlar, qoy cəhd eləsinlər, biz onları bu dəfə Bakıya qədər qovarıq. Bu da gülməyimizin nəticəsi”.

Qarabağdakı təmas xəttində qarşıdurma 26 il boyu davam etsə də, tez-tez atışmalar, snayperlərin “duel”i olsa da belə görünür ki, ermənilər genişmiqyaslı hücuma hazır olmayıblar. Onlar düşmənlə asanlıqla baş edəcəklərinin arxayınlığını yaşayırdılar. Azərbaycanda isə Qarabağın qaytarılması ümummilli məsələyə çevrilmişdi. Mən özüm Bakıda olarkan də bunun əyani şahidi olmuşdum. Azərbaycanlılar uşaq vaxtından belə müharibənin yenidən başlamasını arzulayır və qurban verməyə mənən hazır olduqlarını göstərirdilər. Ermənilər isə bu illər boyu Azərbaycan tərəfinin müasir bahalı silahlar almağına baxaraq lağa qoyur və belə düşünürdülər ki, azərbaycanlılar qorxaqdırlar, bir daha müharibə aparmağa cəsarət etməzlər.

İrəvanın mərkəzindəki kafedə Levon Melkonyanla söhbət edirəm. O, ötən il oktyabrın əvvəlində könüllü olaraq Qarabağda döyüşməyə gedib. Levon rusca bilmədiyi üçün söhbətimiz ingilis və ərəb dillərində gedir. Çünki o, Livanın paytaxtı Beyrutun ermənilər yaşayan məhəlləsində doğulub. “Azərbaycanlılar müharibənin ilk günlərindən havada allahlıq edirdilər. - O xatırlayır, - tank və zirehli texnikanın heç bir köməyi dəymədi: onları pilotsuz aparatlarla vurub yandırırdılar. Komandirlərin məşvərət üçün yığışdıqları sığınacaq və binaları raketlə məhv edirdilər. Döyüş sursatlarını daşımaq olmurdu. PUA-lar döyüş sursatı daşıyan yük maşınlarının ovuna çıxırdılar. Mən sərhəddəki toplama məntəqəsində bir ay qaldım, bizi heç yerə göndərmədilər. Yola çıxan maşınlar hava hücumuna məruz qala bilərdilər”.

Mən bu cür oxşar fikirləri İrəvandakı bir çox döyüşçüdən eşitdim: Ermənistan on minlərlə əsgəri toplasa da onlarla nə etmək lazım olduğunu bilmirdi. Çünki əsgərləri cəbhəyə göndərmək üçün lazımi fürsəti qaçırmışdı. Bundan başa döyüş bölgəsində nizam-intizam da yox idi. Məqalənin əvvəlində söhbət etdiyim könüllü də gizlətmir: ön cəbhədə oturub konyak içirmiş. Aydındır ki, müharibədə spirtli içkisiz  keçinmək çətindir, lakin əsgər Araik Xaçikyan etiraf edir: “Dəhşətli idi axı. Mən səhərdən vurmağa başlayırdım. Çünki əsəblərim PUA-ların törətdiyi partlayışların səsini eşitmək gücündə deyildi. Hətta deyirlər ki, bir yüksək çinli erməni siyasətçisi generallara zəng edərək nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürürdülər. Və öz bildikləri kimi edirdilər.”

İrəvanın hər küncündə gül-çiçək satılır: “Qırmızı qızıl gül, qərənfil çox bahalaşıb - satıcı Qayane astadan deyir. – Əlbəttə oktyabr-noyabr aylarında hər gün onlarla uşaq dəfn edirdik... Sonra da yas... Qəbir üstünə çiçək qoymaq lazımdır... Bu günə qədər də dəfn edirlər, ölmüş əsgərləri tapırlar... Min beş yüz əsgər itkin düşüb... Mən bir məsələni başa düşmürəm, niyə “İsgəndər”ləri istifadə etmədilər”?

Ermənistan ordusunun eks-kapitanı Suren Ter-Qukasyan isə izahat verir: “Qətiyyən göstərib “İsgəndər”lə Azərbaycanın neft sənayesinə zərbələr endirmək lazım idi. Lakin heç kəsin belə bir əmr verməyə cəsarəti çatmadı. Hamı problemi bir-birinin üstünə atırdı, nəyə arxayın idilər, bilmək olmur”.

# 6651
avatar

Oxşar yazılar