Azərbaycandan Rusiyaya aparılan kartofda xəstəlik aşkar olundu
19 avqust 2021 17:45 (UTC +04:00)

Azərbaycandan Rusiyaya aparılan kartofda xəstəlik aşkar olundu

Ölkəmizdən Rusiyaya ixrac olunan kartof məhsulunda kartofun qonur çürüməsi bakteriyasının aşkarlanması ilə bağlı daxil olan bildiriş əsasında Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kompleks tədbirlər keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı bildirişin daxil olduğu 2 yük partiyası kartofun Rusiyaya yerli logistika şirkəti ”ATRO Co” MMC-nin daşıdığı məlum olub. Agentlik əməkdaşları logistika şirkətinin təchizatçısı Alim Əliyevin Masallı rayonunun Təklə kəndi ərazisində yerləşən təsərrüfatında fitosanitar müşahidələr aparıblar. Müşahidələr zamanı kartof yığımı artıq başa çatdığından və ixrac olunan məhsul partiyası Azərbaycana qaytarılmadığından məhsullardan laborator analizlər üçün nümunələr götürmək mümkün olmayıb.

İxrac olunan məhsulun Rusiya mənşəli toxumdan ("Udacha" çeşidi) yetişdirildiyi müəyyən edilib. Lakin nümunə qalmadığından toxumun da müayinəsini keçirmək mümkün olmayıb. Bu bakteriyanın suvarma sularında öz mövcudluğunu saxladığı nəzərə alınaraq, həmin şəxsə məxsus ümumi sahəsi 10 hektar olan təsərrüfatdan, ətraf sahələrdən, habelə ərazidən keçən sulardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində fiziki şəxs Alim Əliyevə məxsus təsərrüfatdan götürülmüş torpaq nümunəsində kartofun qonur çürüməsi bakteriyası aşkarlanıb.

Bununla əlaqədar olaraq, Azərbaycanın baş dövlət fitosanitar müfəttişi tərəfindən sirayətlənmiş sahədə yerləşən torpaqlarda 5 il müddətində qeyd olunan xəstəliyin əsas sahib bitkiləri - kartof, pomidor, badımcan, tütün, yerfındığı, bibər və pambıq əkininin dayandırılması, həmçinin bu müddət ərzində təmiz par, buğda, yonca, lobya və qarğıdalı daxil olmaqla növbəli əkinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərara əsasən, müvafiq sahədə yerləşən torpaqlarda istifadə edilən texnika və alətlərin yalnız təmizlənərək dezinfeksiya edildikdən sonra digər sahələrdə istifadə olunmasına icazə verilir. Eyni zamanda sirayətlənmiş sahədə yerləşən torpaqda qalan kartof toxumları və qalıqların cücərtiləri göründüyü təqdirdə dərhal məhv edilməsinin təmin olunması və hər 6 aydan bir torpaq və qrunt sularından nümunələr götürülərək kartofun qonur çürüməsi bakteriyası üzrə laborator müayinələrin həyata keçirilməsi qərara alınıb. Həmçinin əkin sahəsinin ətrafında 3 km radiusda ərazinin bufer zona olaraq müəyyənləşdirilməsi qərarda öz əksini tapıb.

Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizəsi tədbirlərinin görülməsi və bu barədə agentliyə məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb, aparılan araşdırmaların nəticələri və görülən tədbirlər barədə Rusiyanın müvafiq qurumuna məlumat verilib.

Bununla yanaşı, kartof idxalı üzrə agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi Təşkilatına fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun kartofun qonur çürüməsi bakeriyasından azad olmasını təsdiq edən laborator protokolun fitosanitar sertifikatı ilə müşaiyət olunmasına dair məktublar ünvanlanıb. Qeyd olunan tələblərin gözlənilmədiyi hallarda məhsulun ölkəmizə idxalına icazə verilməyəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar