Azərbaycanda Ramazan bayramı qeyd edilir.
APA-nın məlumatına görə, Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edib.
Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1 – may ayının 13-də qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır.
Bayram namazı da mayın 13-də Zöhr namazına qədər qılına bilər.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Qazılar Şurası tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.