“Həkim ananın və uşağın vəziyyətini dəyərləndirir, hər ikisi üçün ən yaxşı variant hansıdırsa, o seçilir. Amma ən yaxşısı təbii doğuşdur...”
Lent.az xəbər verir ki, bunu APA-ya cərrah, mama-gineokoloq Suqra Məmmədova deyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ümumi doğuş sayı 139 423, 2020-ci ildə 124 836, 2021-ci ildə 110 740, 2022-ci ildə 121 011, 2023-cü ildə isə 111 751 olub. Eyni dövrün müvafiq 5 ilində hər yüz doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı isə 2019-cu ildə 37.8, 2020-ci ildə 40.0, 2021-ci ildə 42.2, 2022-ci ildə 44.0, 2023-cü ildə 59.6 olub.
Statistika da göstərir ki, son beş il ərzində qeysəriyyə əməliyyatlarının sayı artan xətti üzrə davam edib. Həkimlərin təbii doğuşa üstünlük verilməsi ilə bağlı çağırışlarına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayında artım tempi diqqət çəkir. Bunun yalnız zərurətdən deyil, fərqli səbəblərə görə seçilməsi, üstünlükləri ilə yanaşı, ana və uşaq sağlamlığına mənfi təsirləri müzakirə predmeti olaraq qalır.
Suqra Məmmədovanın sözlərinə görə, dölün ana bətnindən hansı yolla çıxmasının bir önəmi yoxdur, əsas məsələ uşağın ana bətnindən sağ-salamat doğulmasıdır: “Doğuş kanalı anatomik olaraq elə yaradılıb ki, uşaq bu kanalla yavaş-yavaş irəliləyir, burularaq oradan çıxanda başın sümükləri kanala toxunur. Bu zaman uşaq hiss edir ki, yol gedir, yeni bir dünyaya çıxır. Yəni təbii doğuş zamanı o buna yavaş-yavaş hazırlaşır. Eyni zamanda, sıxılmaya görə onun ağciyərləri də yaxşı açılır, ağciyərlərdəki maye boşalır”.
Qeysəriyyə əməliyyatının seçilməsinə toxunan həkim deyir ki, bunun üçün birbaşa göstəriş sayılan bir sıra səbəblər var:
“Bunlar cift gəlişi, qanama, ciftin vaxtından əvvəl tam və ya hissəvi ayrılması, dölün köndələn vəziyyəti, sağrı gəlişi və s. Həmçinin ananın bəzi somatik xəstəlikləri, ürək qüsurları, yüksək təzyiq, şəkərli diabet kimi hallar da birbaşa qeysəriyyə əməliyyatına göstərişdir. Eyni zamanda, nisbi göstəriş hesab edilən bəzi hallar da var. Məsələn, üçüncü, ikinci dərəcəli dar çanaq problemi, uşağın çəkisinin artıq olması və s. Bir neçə nisbi göstəriş cəm halda varsa, bu zaman yenə də qeysəriyyə əməliyyatı seçilir”.
Qadınlar bu ağrılara dözə bilmir, təbii doğuşdan qaçır, qeysəriyyə əməliyyatı tələb edirlər
O bildirir ki, qeysəriyyə əməliyyatı çox vaxt hamilə qadının öz seçimi olur:
“Doğuş sancısı, adətən, saatlarla uzanır. Xüsusən də, birinci doğuşda. Qadınlar bu ağrılara dözə bilmir, təbii doğuşdan qaçır, qeysəriyyə əməliyyatı tələb edirlər. Bütün hallarda son qərar qadınındır. Həkim ona təbii doğuşun gedişatını, üstünlüklərini, qeysəriyyə əməliyyatının sonrakı ağrılarını izah edir, amma hamilə qadın 8-12 saat davam edən doğuş sancılarına dözmək istəmədiyi üçün təkidlə qeysəriyyə əməliyyatı istəyirsə, burda həkimin razılaşmaqdan başqa yolu yoxdur. Yaxud da qadın təbii doğuşu seçir, amma buna gücü çatmır. Bu zaman uşaq doğuş kanalında ilişir və məcburən qeysəriyyə kəsiyini seçirik. Yəni qadınlar təbii doğuşun çətinliyindən qorxduqları üçün qeysəriyyə əməliyyatlarının sayı artır”.
Uşaq nevroloqu Nadir İsgəndərov deyir ki, qeysəriyyə ilə doğulan uşaqlarda astma, allergiya, immun sistemində zəiflik kimi qeyri-nevroloji problemlər təbii doğuşla doğulanlara nisbətən çox müşahidə edilsə də, nevroloji problemlərin daha çox olmasına dair heç bir tibbi əsaslandırma yoxdur.
Nevroloq onu da qeyd edir ki, anada dar çanaq, plasenta çatışmazlığı, iri çəkili uşaq, sağrı gəlişi kimi problemlər olduqda isə, əksinə, qeysəriyyə əməliyyatı daha məqsədəuyğun seçimdir: “Əks halda, təbii doğuş zamanı uşaq travma ala bilər ki, bu da gələcəkdə bir sıra nevroloji problemlərə gətirib çıxaracaq”.
Yalnız Azərbaycanda yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayı artıb
Mama-gineokoloq Suqra Məmmədova diqqətə çatdırır ki, son zamanlar yalnız Azərbaycanda yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayı artıb: “Bunun səbəbini isə tək həkimlərdə yox, pasientlərin özündə də axtarmaq lazımdır. Əvvəlcə hamilə anlamalıdır ki, bu, fizioloji bir prosesdir, xəstəlik deyil. Hamilə qadın özünü xəstə kimi aparmamalıdır.
Müasir dövrdə fiziki işlə məşğul olmaq azalıb, qadın hərəkətsiz hala keçib, yediyimiz, içdiyimiz qidalar sağlam deyil, aldığımız hava belə çirklənib. Bu da sağlamlıq problemlərinə gətirib çıxarır ki, nəticədə qeysəriyyə əməliyyatı qaçılmaz olur. Digər tərəfdən, fiziki iş görməyən qadın getdikcə zəifləyir, gücsüzləşir və nəticədə təbii doğuş onun üçün çətinləşir”.
Təbii doğuşda ağrı doğuş bitənə qədərdir
Həkimin sözlərinə görə, beyində doğuş ağrısını yaddaşda saxlayan mərkəz yoxdur: “Təbii doğuşda ağrı doğuş bitənə qədərdir. Yəni doğuş bitən kimi o ağrı beyindən silinir. Yəqin ki, dəfələrlə ana olmuş qadınların o ağrını unutmuşam dediyini eşitmisiniz. Lakin qeysəriyyə əməliyyatından sonra güclü ağrılar olur. Əməliyyat 15 dəqiqə ərzində ağrısız halda icra edilir. Sonra isə əməliyyatdan çıxmış ana ağrıkəsici qəbul etməli olur”.
Qeysəriyyə əməliyyatında qan itirmə ehtimalı daha çox olduğu üçün sindromun rastgəlmə ehtimalı arta bilir
Qeysəriyyə əməliyyatının qadın orqanizminin hormonal sisteminə təsirlərindən danışan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova söyləyir ki, bununla bağlı sübuta yetirilən böyük faizli ağırlaşmalar olmasa da, bəzi məqamlar var: “Qeysəriyyə əməliyyatlarının sayının artması autoimmun proseslərin artma ehtimalına təsir edə bilir.
Autoimmun proseslər də özlüyündə endokrinoloji (hormonal) proseslərin əsasında durur. Bundan başqa qeysəriyyə əməliyyatları zamanı itirilən qanın həcminin artıq olması adətən şixan sindromuna səbəb ola bilər ki, bu da hipofizin atrofiyasına gətirib çıxara bilir. Bu isə, müxtəlif endokrinoloji pozğunluqlarla özünü büruzə verə bilər. Lakin bu hal hər bir qeysəriyyədən sonra yox, çoxlu qan itkisi ilə müşahidə olunan qeysəriyyə əməliyyatlarından sonra rast gəlinən ağırlaşmadır. Əgər pasiyent çoxlu qan itiribsə, bu hal təbii doğuş zamanı da baş verə bilər. Qeysəriyyə əməliyyatında qan itirmə ehtimalı daha çox olduğu üçün sindromun rastgəlmə ehtimalı arta bilir”.
Qeysəriyyə yolu ilə doğulan uşaqların bağırsaq mikroflorası təbii yolla doğulan uşaqların bağırsaq mikroflorasından fərqlənir
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Rüstəm Hüseynovun sözlərinə görə, qeysəriyyə kəsiyi ilə doğulan uşaqlar doğuş stressi keçirmədikləri üçün qanda kortizol hormonunun (stress hormonu) səviyyəsi aşağı olur, nəticədə müəyyən problemlər yaranır: “İlk dəqiqələrdə tənəffüs sistemi, ürək fəaliyyəti və arterial təzyiqin tənzimlənməsində problemlər müşahidə olunur.
Cərrahi doğuş eyni zamanda, ananın laktasiyasına (südvermə) da təsir göstərir. Gec və qeyri-müntəzəm döşə qoyma ana südünün azalmasına və əksər hallarda körpənin süni qidalanmasına gətirib çıxarır. Qeysəriyyə yolu ilə doğulan uşaqların bağırsaq mikroflorası təbii yolla doğulan uşaqların bağırsaq mikroflorasından fərqlənir. Ümumiyyətlə, mikroflora tək ananın yox ətraf mühitin də təsirindən formalaşır. Bu da gələcəkdə uşağın immun statusuna təsir edərək immunitet zəifliyinə gətirib çıxarır”.
Doğum sancıları və doğuş ağrısı qadın üçün dəhşətli, dözülməz olmaya da bilər, çünki bu, psixoloji bir haldır
Mama-ginekoloq Suqra Məmmədovanın qənaətincə, doğum sancıları və doğuş ağrısı qadın üçün dəhşətli, dözülməz olmaya da bilər, çünki bu, psixoloji bir haldır: “Qaraçı qadınlar doğuş ağrısını, sancısını hiss etmirlər. Qaraçı dəstəsi yolla gedir, qadın sancı çəkir, amma səsini çıxartmır. Uşaq gəldiyi an dəstə dayanır, uşaq doğulur, göbəyi kəsilir, uşağı büküb ananın qucağına verirlər və yola davam edirlər. Bu da onu göstərir ki, bu ağrı psixolojidir. Qaraçı qadınları görür ki, min illərdir anası da, nənəsi də uşaq dünyaya gətirib, lakin heç vaxt səsini çıxartmayıb. Onlara elə gəlir ki, ağrı yoxdur və onlar psixoloji olaraq bu ağrını beyinlərində həll edirlər. Bizim nənələrimiz də uşaqlarını pambıq tarlasında dünyaya gətirib və işlərinə davam ediblər”.
Bizim qadınlar ağrı çəkmək istəmirlər
Mama-ginekoloq əlavə edir ki, hazırda xəstəxanalarda təbii doğuş prosesinin özü də ağrısızlaşdırma ilə aparıla bilir: “Epidural anesteziya ilə ağrısız təbii doğuş üçün dörd santimetr açılış olmalıdır. Amma güc dövründə ağrısızlaşdırmanı götürürük ki, qadın güc versin. Bizim qadınlar buna da razılaşmırlar. Ağrı çəkmək istəmirlər”.
Həmsöhbətimiz qeysəriyyə əməliyyatının həkimlər üçün daha asan proses olduğu haqqında fikrə aydınlıq gətirərkən qeyd edir ki, həkim üçün təbii doğuş asandır: “Qeysəriyyə əməliyyatında risklər çoxdur. Qarın boşluğu açılır, infeksiyalaşma riski böyükdür, qanaxma riski var, anesteziya (ağrısızlaşdırma) edilir və bunun da riskləri var. Təbii doğuşda isə bu risklərin heç biri yoxdur”.
Təbii doğuşla qeysəriyyə əməliyyatı arasında travma ehtimalı nisbətinə toxunan Suqra Məmmədova deyib ki, təbii doğuşda uşağın başı doğum kanalından keçdiyi üçün başın ölçüləri ilə çanaq boşluğu ölçüləri uyğunsuzluq təşkil edərsə, uşağın travma almaq ehtimalı var: “Lakin xüsusi üsullarla bunu əvvəlcədən ölçüb təbii doğuşa qərar vermişiksə, travma olmayacaq. Birinci, ikinci dərəcəli qansızmalar ola bilər ki, bu da tezliklə sorulub gedir. Qeysəriyyə əməliyyatından sonra fəsadlar ola bilir, hətta çox ağır fəsadlar ola bilər, amma bu ehtimallar milyonda birdir”.
Həkimin sözlərinə görə, hamiləliyin gedişatını izləməklə doğulacaq uşaqda autizm spektr pozuntusunun olub-olmayacağını əvvəlcədən müəyyənləşdirmək mümkündür: “Hamilə qadında Tsh hormonu (qalxanvari vəz hormonu) yüksək olarsa, doğulacaq uşaqda autizm spektr pozuntusunun olma ehtimalı var. Hamiləlikdə bu hormonu 0.3-2.5 arasında saxlamağa çalışırıq. 2.5-dən yuxarı qalxmağa qoymuruq”.
Doğuşdan sonra qadınları narahat edən artıq çəki problemi
Fitnes məşqçisi Xaqani Səlimov bildirir ki, təbii doğuşdan sonra bədən forması daha tez bərpa olunur: “Doğuşdan sonra bədənini formaya salmaq üçün müraciət edən qadınların sayı həddən artıq çoxdur. Həm təbii doğuş, həm də qeysəriyyə əməliyyatından sonra yaranan problemlər demək olar ki, eynidir. Amma təbii doğuşdan sonra qadın orqanizmi daha tez bərpa olunduğu, aktiv həyata daha tez qayıtmaq mümkün olduğu və hərəkətliliklə əlaqədar olaraq çəki problemləri daha sürətlə aradan qalxır. Ümumiyyətlə isə, doğuşdan sonra qalan artıq çəki doğuşun növündən yox, hamiləlik vaxtı alınan çəkiylə əlaqəlidir”.
Qeysəriyyə əməliyyatından sonra qadınlarda yaranan kürək, bel, oynaq ağrıları
Suqra Məmmədova deyir ki, bu ağrıların spinal anesteziya (onurğanın keyidilməsi) ilə heç bir əlaqəsi yoxdur: “Hazırkı dövrdə insanlarda bel yırtığı, onurğa əyrilikləri, osteoxondroz problemləri çoxdur. Hamiləlik vaxtı qadın bətnində uşaqla gəzir və bu təbii ki, bu, onurğaya təsir edir. Təbii ki, əvvəldən mövcud olan ağrılar daha da artır. Üstəlik, bətndəki uşaq qadın orqanizmindən vitamin və mineralları da sorur. Bu da sümüklərə təsir edir. Bədən zəifləyir və doğuşdan sonra bel-kürək, oynaq ağrılarının artmasının səbəb olur”.
Pasiyentə hansı növ narkoz veriləcəyini ginekoloq yox, anestezioloq təyin edir
Son dövrlər qeysəriyyə əməliyyatı zamanı ümumi anesteziyadan istifadə hallarının artımına gəlincə, Suqra Məmmədova qeyd edir ki, pasiyentə hansı növ narkoz veriləcəyini ginekoloq yox, anestezioloq təyin edir: “Qadının belində səpki ola bilər. Bu vaxt spinal anesteziya etmək olmur, çünki iltihabı onurğa kanalına yaymaq ehtimalı var. Yaxud anada ürək qüsuru ola bilər. Bu zaman spinal anesteziya seçilmir. Bəzən də bu, qadının öz istəyi olur. O, ümumi narkoz istəyir. Bir sözlə, istər təbii doğuş, istərsə də qeysəriyyə əməliyyatı olsun, seçim və son qərar qadınındır. Həkim sadəcə ona məlumat verə bilər”.
Ölkə xəstəxanaların birində suda doğuş həyata keçirilib, amma bu həkimin işini çətinləşdirir
Dünya praktikasında təbii doğuşu asanlaşdırmaq üçün suda doğuş kimi üsullardan istifadəyə toxunan mama-ginekoloq bildirir ki, ölkə xəstəxanaların birində suda doğuş həyata keçirilib, amma bu həkimin işini çətinləşdirir: “Bu zaman həkim də suya girməlidir. Uşaq doğularkən qan suyla qarışır. Suda doğuşun məqsədi ağrını nisbətən azaltmaqdır. Lakin bu üsullar işə bir az şou qatmaqdır”.
Qeysəriyyə əməliyyatından sonra qadınların mental vəziyyəti
Psixoloq Nizami Orucov deyir ki, qeysəriyyə əməliyyatı və sonrakı proseslər özündə bədən, psixologiya üçün müəyyən təsirə malikdir:
“Qarın nahiyəsinin kəsilməsi, əməliyyat sonrası ananın toparlanması, yeni həyata adaptasiya olması dərin bir prosesdir. Bəzi qadınlar bədənindəki qeysəriyyə izini özü üçün maneə hesab edə bilərlər. Belə olduğu halda qarışıq emosional və fiziki bir situasiyada qadında cinsi istəyin azalması ola bilər. Xüsusilə əvvəlki bədənin olmaması, qadının bədənində gördüyü fərqliliklər, yara izi və s. buna gətirib çıxaran səbəblərdəndir. Bunun aradan qaldırılması üçün ən birinci şərt həyat yoldaşının bu prosesdə ona qarşı doğru yanaşması və anlayış göstərməsidir. Çünki qadın artıq ana olaraq yaşamağa başlayıb və qadın olaraq da yeni bədəninə, ruhuna alışmağa çalışır. Məcburiyyət olmadan, hisslərini yaşamasına imkan verməklə prosesi yüngülləşdirmək olar. Əgər bu da kömək etməsə, həm qadının, həm övladın sağlamlığı üçün psixoloji dəstək almaları daha yaxşıdır”.