“Azərbaycanda hər kəs istədiyi dinə etiqad edə bilir” - Lavrina Volodkina
26 dekabr 2022 17:39 (UTC +04:00)

“Azərbaycanda hər kəs istədiyi dinə etiqad edə bilir” - Lavrina Volodkina

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə

İndi multikulturalizm termini Avropanın siyasi leksikonunda yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanır. Avropanın aparıcı ölkələrində multikultural dəyərlər bilərəkdən gözdən salınıb. Qloballaşan dünyada sülh və barış üçün multikultural dəyərlərin zəruri olduğu dövrdə bu addımın nəyə hesablandığı aydın məsələdir. Bütün bunların fonunda Azərbaycan dünyaya fərqli dəyərlər sərgiləyir.

Bakı Dağ yəhudiləri dini icmasının nümayəndəsi, Bakı Dövlət Universitetinin müəllimi Elmira Süleymanlı Lent.az-a bildirib ki, Azərbaycanda bir neçə yəhudi icması fəaliyyət göstərir və onların işi üçün lazım olan hər bir şərait yaradılıb.

“Yəhudilər bu ölkədə özlərini daha rahat hiss edirlər. Yəhudi xalqı öz dini və milli ənənələrinə çox bağlı xalqdır. Bəlkə də çoxları bilmir. Bizim həyata keçirdiyimiz dini rituallar, ənənələr bəlkə də başqa millətlər üçün xüsusən, bir çox müsəlman ölkələrində anlaşılmır. Bu mənada Azərbaycanda yəhudilər özlərini çox rahat hiss edirlər.

Tarixə nəzər salsaq, milli azlıqlara qarşı tolerant yanaşma hər dövrdə iqtisadi çiçəklənməyə və inkişafa  səbəb olub.
Məsələn, son 2 əsrdə müxtəlif dini azlıqların İngiltərə, Hollandiya, Almaniya, İsveç kimi ölkələrə gəlməsinə imkan yaradılması onların iqtisadi inkişafda iştirakını təmin edib. Hər iki tərəf bir-birinə lazım olub və fayda gətirib. Bir tərəf məhsuldar işçi qüvvəsi, digər tərəf özünə məskən, ev tapıb. Bu gün bu ölkələrin hansı yüksək inkişaf əldə etməsini deməyə gərək yoxdur.

Tolerantlıq vacib sosial faktordur. Müasir Azərbaycanda tolerantlıq hər bir vətəndaşımızın şüurunda özünə yer edib, dəyərə çevrilib. Bu sözü deməkdən heç çəkinmərəm, Azərbaycanda multikulturalizm və tolerantlıq milli sərvətdir.
Tolerant münasibətlər məhsuldarlıq, mədəniyyətlərin bir-birinə qarışması, yeni ideyalar və güc deməkdir. Bizlər müxtəlif olsaq da, birlikdə güclüyük”- deyə o bildirib.

Bakı Rus İcması sədrinin müavini Lavrina Vitalyevna  Volodkina mövzuyla bağlı Lent.az-a bildirib ki, Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir.

“Azərbaycan dövləti bütün ənənəvi dinlərin nümayəndələrinə diqqət göstərir. Paytaxtda həm pravoslav, həm katolik, həm də protestant kilsələri fəaliyyət göstərir. Bu gün hansısa milli və dövlət səviyyəli bayramda bütün dini icmaların rəhbərləri eyni masa arxasında oturursa, bu böyük mədəniyyətin göstəricisidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu tolerant yanaşma sadə xalqın içində daha çox yayılıb. Dinindən və etik mənsubiyyətindən asılı olmayaraq, biz xeyirdə - şərdə, bayramlarda eyni ocağın başına torlanır, birlikdə rəqs edir, gülüb - danışırıq. Qarışıq etnik tərkibli ailələrin sayı çoxdur. Qaynamışıq, qarışmışıq.

Bu bütövlükdə Azərbaycan xalqının və dövlətinin dini, milli və irqi ayrıseçkilik məsələlərinə həssas yanaşmasının nümunəsidir. Etnik və dini cəhətdən rəngarəng dövlət olan Azərbaycanda bu əsrlər boyu belə olub və gələcəkdə də belə olacağından əminəm”,- deyə Lavrina Vitaliyevna bildirib.

2001-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə keçirdiyi vaxtaşırı tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə görüşlər keçirir, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər aparır, müxtəlif mövzularda müzakirələr açır, yaranmış problemlərin vaxtında aradan qaldırılması üçün tədbirlər görür. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” yaradılıb. 

“Multikuluralizm Mərkəzi” ölkə daxilində və xaricidə konfranslar təşkil edərək, Azərbaycanın Multikulturalizm Modelinini dünya dövlətlərinin diqqətinə çatdırır.

Ölkəmizdə əhalinin təxminən 90.6 faizini Azərbaycan türkləri təşkil edir. Ləzgilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, tatlar, yəhudilər, udinlər ingiloylar və digər etnik qruplar həm kompakt həm də dağınıq şəkildə məskunlaşıblar.

Ləzgilər əsasən, Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ rayonlarında üstünlük təşkil edirlər.
Azərbaycanda yaşayan və ümumi sayı 150 mindən çox olan ruslar Bakı, Sumqayıt və Gəncəylə yanaşı bölgələrdə bir sıra kəndlərdə kompakt şəkildə yerləşiblər.

Gədəbəyin Novosaratovka, Novoivanovka, və Slavyanka, İsmayıllının İvanovka, Goranboyun Rus Borisi kəndlərinin adları dəyişdirilmədən saxlanılır. 

Qədim etnik xalqların kompakt yaşadığı kəndlərdən biri də İsmayıllı rayonunun Lahıc kəndidir. Maraqlıdır ki, həm İvanovka, həm Lahıc yerli və əcnəbi turistlərin diqqətini çox çəkir. Etnik tərkibinə və füsunkar mənzərəsinə görə, insanları öz qoynuna çağıran qədim yurdlarımızdan biri də Qubanın Xınalıq kəndidir. Öz dili və spesifik məişət tərzi olan Xınalıqda yaşayan bu qədim xalq öz dilini və tarixi ənənələrini qoruyub saxlayır.Eyni sözləri talışlar, kürdlər, albanların irsini daşıyan udinlərin barəsində də söyləyə bilərik.

Azərbaycanlılar üçün ən önəmlisi insan amilidir. Millətinin, xalqının adı nə olursa olsun, yaşadığı torpağa hörmət və sevgiylə yanaşan, harmoniya təşkil edən hər insan oğlu bizə doğmadır, əzizidir, bizimdir, bizdən biridir. Birlikdə “dəmir yumruğuq”, ailəyik, bizik.

 Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar