…Biz ora “Diri baba”nı ziyarət edib getdik. Qədimliyini qoruyub saxlamış bu yerlərin müqəddəs ziyarətgahından. Oradan Xilmilliyə üz tutacayıq. Başqa bir qədim yurd yerimizə.
Sündünü keçirik. Daha bir qədim kəndi. Sündü Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Kəndin tunc dövründə salınması belə ehtimal olunur. Elə tarixi mənbələr, yer adları da bunu təsdiq edir. Sündünün qədimliyini sübut edən məqamlardan biri də burada mövcud olan məscididir. 920-ci ildə tikilən bu məscid hazırda da fəaliyyət göstərir.
Sündü ilə Xilmilli kəndi arasındakı “Dikdaş”dan gözəl bir mənzərə açılır. Sanki başqa bir dünyaya düşmüsən. Ətraf kəndlərə bənzəmir buralar, buraların evləri. Və bu da təsadüfi deyil. Vaxtıyla tipik rus kəndi olub Xilmilli. Rusiyadan, uzaq Tambovdan buralara köç etmiş molokanların kəndi.
Kimdi molokanlar? Necə gəlib çıxıblar buralara? Əvvəlcə bir qədər tarixə qayıdaq. Təxminən 250 il əvvələdək bu yerlər Qozluçay adlandırılıb. Yaxınlıqdan eyni adlı çay keçdiyinə görə. Bu kəndin qonşuluğundakı Sündü və Nabur kəndləri arasında Xilə adlanan yaşayış məskəni olub. Sonradan Xilə sakinlərinin bir hissəsi daha yaxşı və rahat həyat arzusu ilə Bakının indiki Əmircan kəndinə köç edib. Bir qismi isə aşağı kəndlərdə məskunlaşıblar. Həmin kəndlər isə zamanla dağılaraq, sıradan çıxıb. Hazırkı Xilmilli toponiminin etimoloji mənasının da məhz elə "Xilə” adı ilə bağlılığı var.
Molokanların hazırkı Xilmilliyə gəlişi isə 1840-cı illərdən sonraya təsadüf edir. Onlar əvvəlcə Altıağaca, oradan da digər ərazilərə, o cümlədən Xilmilli ərazisinə köçüblər. İlk mərhələdə Sankt-Peterburqdan xüsusi göstərişlə gələn mütəxəssislər kəndin planını hazırlayıb, ilk infrastruktur yaradıblar. Bunun ardınca sakinlər yeni yaşayış məntəqələrinə köçürülüblər. O dövrə kimi isə bu ərazi ətraf kənd sakinlərinin otlaq sahələri olub.
Molokanlar əslən rusdurlar. Xristianlığın pravoslav qoluna mənsub olsalar da, sonradan dini baxışlarına görə fərqlənərək, özlərinə fərqli təriqət seçiblər. Həmin təriqətin banisi isə Rusiyanın Tambov quberniyasında yaşamış dindar kəndli Semyon Uklein sayılır. XVIII əsrin 80-ci illərində meydana gəlmiş bu təriqətin nümayəndələri öz təlimlərinin mənbəyi kimi yalnız Bibliyanı qəbul edir, kilsəni, ikonanı isə rədd edirlər. İslamda olduğu kimi, onlarda da donuz əti yemək haram sayılır. Fərqli dini görüşlərinə görə, molokanlar Rusiya imperiyası dövründə mütəmadi olaraq təqib və zorakılığa məruz qalıblar. XIX əsrin ortalarından onların Sibir, Uzaq Şərq, Mərkəzi Asiya, nəhayət, Qafqaza, o cümlədən Anadoluya köçləri başlayıb. Yeri gəlmişkən, bir maraqlı fakt: Həmin dövrdə indiki Qars ərazisində 32 molokan kəndi salınıb. Sonradan sovet hökuməti həmin kəndlərdən 30-u SSRİ-yə köçürmüşdü. Və bu da səbəbsiz deyildi. Sovetlərin fikrincə, molokanlar xristianlığın düşməniydilər.
Qeyd etdiyimiz dövrdən başlayaraq, Azərbaycan ərazisinə köçürülən molokanlar indiki Gədəbəy, İsmayıllı, Cəlilabad, o cümlədən Şamaxı rayonunda məskən salmışlar. Hazırkı Şamaxı və Qobustan rayonlarının ərazisindəki Çuxuryurd, Nağaraxana (Kirovka), Qızmeydan (Astarxanka), Yeni Qızmeydan (Novoastarxanka), Xilmilli kimi yaşayış məntəqələrində vaxtilə xeyli sayda molokan yaşayıb.
Xilmillidə yaşayan 70 yaşlı Yekaterina Nikolayevna Sapleva həm də yerli icmanın sədridir. Bizi ənənəvi rus stilində tikilmiş evində qarşılayır. Gülümsər, bir az da utancaqdır. Həm də qonaqpərvər. Bizə sobanın yanında oturdur. “Soyuqdur, xəstələnərsiz” deyir. Ənənəvi rus sobasıdır. Elə nağıllarda gördüyünüz kimi. Sanki orta əsrlərdəsən.
- Uşaq vaxtı qışda, qar düşəndə bu sobanın üstündə yatardıq. Bir ləzzət edərdi ki?
- Bəs idi niyə yatmırsız ki?
- (Uğunub gedir) İndi qar yağır ki?
Yekaterina Nikolayevna deyir ki, onların əcdadları bura Stavropoldan və Tambovdan gəliblər.
- Əvvəl bura kolxoz idi. Sovet hökuməti dağılandan sonra insanlarımız tədricən köçüb getməyə başladı. Yox, nə danışırsız? Nə incitmək. Azərbaycanlılarla iki əsrə yaxındı bir yerdə yaşayırıq. Biz qardaş azərbaycanlıların və Azərbaycan dövlətinin diqqət və qayğısı altındayıq. Azərbaycan mənim vətənimdir. Biz ruslar vətənimiz Azərbaycanı sevirik. Gözəl ölkədir, biz burada yaxşı şəraitdə, problemsiz yaşayırıq. Heç kimdən pislik görməmişik. Bizim əcdadlarımız 200 il öncə buraya gəliblər. Biz molokanların müxtəlif adət-ənənələrimiz var. Onlar bizim adətlərimizə hörmətlə yanaşırlar, biz də onların. Siz elə bilirsiniz burdan köçənlər Xilmilli üçün darıxmır? Kolxoz sədrimiz olub, Timofey Nikolayeviç Smolnikov. Bircə keçən il gəlməyib kəndə. Pandemiyaya görə. Hər yayda gəlir kəndə. Bu səliqəli çarpayıları görürsünüz? (Bizi başqa bir otağa dəvət edib, səliqəylə yığılmış yatağı göstərir) Bu otağı hər il yayda bizə qonaq gələn yerlilərimiz üçün saxlayırıq. Bu həm də adət-ənənələrimizin yaşamasıdır.
90-cı illərdə Azərbaycandan, xüsusən də Qobustan və Şamaxıdan Rusiya ya köç edən molokanlar bu ölkənin Stavropol diyarının Açikulak, Kazminsk, Koçubeyevsk kəndlərində məskunlaşıblar. Xilmilli molokanlarının əksəriyyəti isə Kazminskdə yaşayır və demək olar ki, hər yay öz tarixi vətənlərini ziyarət edirlər.
Azərbaycan ərazisində məskunlaşmış molokanlar yerli kəndlilərin təcrübəsini öyrənməklə yanaşı, necə deyərlər, özləri də öyrədiblər. Məsələn, Azərbaycanda ilk dəfə pomidor, kartof, günəbaxan kimi bitkilərin yetişdirilməsi məhz molokanlarla bağlıdır.
Molokanların özlərinə məxsus adətləri var. Onların yemək süfrəsi, bir qayda olaraq, çay mərasimi ilə başlayır. Fincanlara çay süzüldükdən sonra Tanrıya şükranlıq duası oxunur. Sonra süfrəyə müxtəlif piroqlar düzülür. Adətən, çayı nəlbəkidə, qənddən bir dişləm alıb içirlər. Maraqlıdır ki, bu vərdiş məhz onlardan azərbaycanlılar keçib.
Molokan mətbəxində əriştə xüsusi yer tutur. Nazik kəsilmiş, uzunluğu 60 santimetrə çatan “molokan əriştəsi”nin hazırlanması indi də bu yerlərin kulinariyasında önəmli yer tutur. Molokan ailəsində həm bayram, həm də matəm günlərində süfrəyə mütləq əriştə verilir. Soyutma kartof və ət də onların əsas qida rasionuna daxildir. Hə, bir də borş. Molokanlar ruslardan və ukraynalılardan, elə azərbaycanlılardan da fərqli olaraq, borşu noxudla bişirirlər.
Yekaterina xanım deyir ki, molokanların kilsələri yoxdur. Bu təriqətin banisi Ukleinin təliminə görə, Tanrı ancaq ruhi etiqadı qəbul edir. Onların fikrincə, oruc müəyyən vaxt müddətində deyil, insanın özünü günahkar olduğunu və nəfsinin ağlına üstün gəldiyini hiss etdikdə tutulmalıdır.
- Bizə miras qalan adət və ənənəyə görə, qidalanmada donuz əti və pulsuz balıqdan başqa, hər şeydən istifadə edə bilərik.
Xilmillidə həm molokan, həm də müsəlman icmaları mövcuddur. Hamının xeyri də, şəri də birdi. Kənd sakinlərindən molokanlarla ailə qurub oğul-uşaq sahibi olan xeyli azərbaycanlı var. Amma Lent.az elə bir faktın üstünə çıxdı ki…
“Gedək sizi bir ailəylə tanış edim” deyir Yekaterina Nikolayevna.
- Mənim 70-dən çox yaşım var. İki yüz il olacaq buralar köçməyimiz. Nə özüm şahidi olmuşam, nə də ata-babamdan eşitmişəm. Düzdür, xeyli molokan qızımız azərbaycanlılara ərə gedib. Amma bu iki yüz ildə yeganə haldır ki, azərbaycanlı qız rusa, molokana ərə gəlib.
Qapını Ləman açır. Yanında da iki körpəsi – Vitali və Lyubov. Ləman heç bu kənddən, Xilmillidən də deyil əslən, qonşu Təklədəndi. Əri Vasili sə Xilmillidə anadan olub, burda böyüyüb. Valideynləri vəfat etsə də, cavan olmasına baxmayaraq, kəndi tərk etməyib və günlərin bir günü vurulub bu əsmər azərbaycanlı gözələ.
Ləman da elə ona könül verib. Nəhayət, evlənmək qərarına gəliblər.
- Evlənməyimizdə heç bir problem olmadı. Evdə Vasyanı sevdiyimi bilirdilər. Hamı kimi evləndik. Vasya traktorçudur. Zəhmətkeşdi. Kənd camaatı da onu çox istəyir. Əməlli hörməti də var.
Ləman deyir ki, onlar çox xoşbəxtdirlər. Vitali və Lyubanı böyüdürlər.
- Vitalinin adını Vasyanın anası qoyub. Lyubov anadan olanda anası rəhmətə getmişdi. Adını Vasya qoydu. Allah qoysa, üçüncü uşağımız olsa, yəqin Azərbaycan adı qoyacağıq. Uşaqlar məktəbə gedirlər. Azərbaycanca təhsil alırlar. Vasya həm mənə, həm də uşaqlara rus dilini öyrədir (Gülür)
- Öyrənə bilirsiniz?
- Çalışırıq.
- Bəs evlənəndə hansı dildə danışırdız?
- Azərbaycan dilində. Vasya bizim dili yaxşı bilir.
Ləman deyir ki, uşaqları təbii olaraq atalarının soyadını daşıyır.
- Mən qızlıq soyadımda qalmışam: Hüseynova. Uşaqlar Vasyanın familiyasındadırlar – Uklein...
Familiya tanış gəldimi?