Ucar şəhərindəki Səttarxan adına küçənin sakinləri kanalizasiya problemi ilə üzləşiblər.
APA TV-nin yerli bürosunun məlumatına görə, sakinlər deyir ki, uzun müddətdir rayonda kanalizasiya sistemi qurulsa da, bu küçənin kanalizasiyası yeni sistemə qoşulmayıb.
Halbuki yeni kanalizasiya sistemi qurulanda çox seviniblər. Düşünüblər ki, yaxın vaxtlarda onların da problemi həll olunacaq, antisanitar vəziyyətdən, su heyvanlarının səsindən, evlərə dolan üfunətli qoxudan canları qurtaracaq. Çox təəssüf ki, belə olmayıb.
62 yaşlı şikayətçi İlham Səmədov deyir ki, problemlə əlaqədar rayonun bütün müvafiq qurumlarına müraciət edilib, lakin bu günə kimi heç bir müsbət nəticə əldə olunmayıb.
Digər sakin, təqaüddə olan müəllimə Təhminə Hüseynova qeyd edib ki, küçənin kanalizasiyasının mərkəzi kanalizasiya sisteminə qoşulması elə də böyük məsrəf tələb etmir. Sadəcə, aidiyyəti qurumlar bu işlə ciddi məşğul olmalıdırlar.
Dəfələrlə rayon rəhbərliyinə yaranmış problemlə bağlı şikayət edən Nərgiz Süleymanova deyir ki, rayon icra hakimiyyətinə yazılı şikayət edib. Aldığı cavabda göstərilib ki, 2018-ci ilə kimi məsələyə əncam çəkiləcək. Üç il keçsə də, problem hələ də həllini tapmayıb.
Ucar şəhər inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi Abdulla İbrahimov APA TV-yə açıqlamasında şifahi olaraq qeyd edib ki, adı çəkilən küçədəki vəziyyətdən xəbərdardırlar və sakinlərin narazılığını haqlı sayırlar. Amma rayonda hər hansı küçənin və ya prospektin kanalizasiya sisteminin yenidən qurulması rayon icra hakimiyyətinin gücü daxilində olan iş deyil. Çünki icra hakimiyyətlərinə bu məqsədlə heç bir vəsait ayrılmır.
A.İbrahimov onu da qeyd edib ki, Ucar rayonunda kanalizasiya sisteminin 2012-ci ildə cəmi 18 faizi yenidən qurulub. Hansısa səbəbdən işlər yarımçıq qalıb. Bu səbəbdən kanalizasiya ilə bağlı sakinlər arasında narazılıq yaranıb.
Məsələyə münasibət bildirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Ucar şəhərinin su təchizatlarının və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2011-ci ildən başlanılıb. Yarım qalan işlərin gələcəkdə davam etdirilməsi nəzərdə tutulub.
Görünən odur ki, sakinlər hələ bir qədər də səbr etməli olacaqlar.