Aliment ödəməyən şəxsi  hansı cəza   gözləyir?
20 may 2024 12:58 (UTC +04:00)

Aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

Lent.az-ın " bir sual, bir cavab" rubrikasında növbəti mövzu alimentlə bağlıdır.

Maraqlıdır, görəsən, aliment ödəməyən şəxsi hansı cəza gözləyir?

Lent.az xəbər verir ki, aliment mövzusunda ən ciddi problem alimentlə bağlı məhkəmə qətnamələrinin icra edilməməsidir.

Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.).

Bundan əlavə, borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə və Daxili İşlər nazirlikərinin birgə əmri var.

Alimentdən boyun qaçıran şəxsi hansı cəza gözləyir?

Alimentlə bağlı qətnamənin icrasına aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir:

İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər.

Alimentin ödənilməsi barədə qərarların icrasına nəzarət edən əsas məsul orqan olan Ədliyyə Nazirliyindən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər inzibati (İctimai Xətalar Məcəlləsinin 528-ci maddəsi) məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur.

Dünya praktikasına nəzər salaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə aliment fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5529
avatar

Arzu Qurbanlı

Oxşar yazılar