Adına küçə verilən, Neft Daşlarını kəşf edən Neftçi Qurban KİMDİR?
24 may 2023 20:15 (UTC +04:00)

Adına küçə verilən, Neft Daşlarını kəşf edən Neftçi Qurban KİMDİR?

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

İnsanın ağlına ilk gələn budur ki, əgər bir küçəyə hansısa ad verilibsə, deməli, bunun bir səbəbi var. 

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az-ın “Bizim küçələr” adlı rubrikasının növbəti yazısı “Neftçi Qurban küçəsi”nin tarixi ilə bağlı olacaq. Haqqında danışacağımız küçə Bakının Bayıl qəsəbəsində yerləşir. 

Bəs, Neftçi Qurban kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Arayış:

Neftçi Qurban - Qurban Abbasqulu oğlu Abbasov

Xalq arasında “Neftçi Qurban” adı ilə məşhur olan Qurban Abbasov 1926-cı il oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə Artyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Təhsilini davam etdirərək, Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirib.

Qurban Abbasov Bakı Neft Texnikumunda təhsil aldığı dönəmlərdə əlaçı tələbə olub. 1959-cu ildə diplom işini əla qiymətlə müdafiə edib, texnik-qazmaçı sənətinə yiyələnib. 

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 

Q. A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. Şelf-1 tipli yarımdalma üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olub. Bu qurğular 200 metrlik dərinlikdə işləyə bilmiş, Kaveroçkin adına (indiki "Çıraq" yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaradıb.

Neftçi Qurban cəsarətli insan kimi dənizlə mübarizədə öz daxili "mən"ini qoruya bilib, neçə-neçə fırtınalar, qəzalar, uçqunlar görüb. Neftçi Qurban rəhbər işçi kimi də ən qorxulu vaxtda, hətta dəqiqələrin, saniyələrin çox şeyi həll etdiyi anlarda özünü itirməz, təmkinini pozmaz, kollektivə arxalanar və qalib gələrdi. 

Onun haqqında danışılan əfsanələrdən biri də o idi ki, Qurban Abbasov Neft Daşlarında buruq ustası işləyən zaman, soyuq payız günlərindən birində dənizə düşmüş çox qiymətli qazma baltasını çıxarmaq üçün, heç kəsə imkan verməyib. O, özü dənizə atılaraq, həmin baltanı çıxarıb və iş davam edib. Sonralar bu hadisə neftçilər arasında bir qəhrəmanlıq rəmzi kimi danışılıb.

Qurban Abbasov hələ sağlığında özünə neftçilərin, onu yaxından tanıyanların qəlbində mənəvi abidə ucaldıb və iftixar hissi ilə ürəklərə köçüb. 

Bu da belə... Bütün ömrünü neft daşlarına həsr edən qəhrəman Neftçi Qurbanı siz də tanıyın.

# 13695
avatar

Fidan İlqar

Oxşar yazılar