Sərlövhəni gördünüzmü? Bax, beləcə yazılıb vəsiqəsində. Və nə “dövlətin yaşadılmas”ı qəribə gəldi, nə də vəsiqədəki vəzifənin adı. Beləri çoxdu. Lap çoxdu...
Mən adı “Dövlət” sözüylə başlayan bilirsiz nə qədər qəzet sadalaya bilərəm? Eləcə də adında “Respublika”, “Azərbaycan”, “Xalq”, “Millət”...
Heç kim, heç bir qanun qəzet təsis etmək hüququnu kiminsə əlindən almayıb. Yetər ki, məhkumluğun olmaya. Və ali təhsilin olsun həm də. Qanun bunu tələb edir. Bu qəzetlərin təsisçisi bilirsinizmi kimlərdir? Dostumuz Akif Aşırlının dediyi kimi “bu tip jurnalistlərin böyük əksəriyyəti orta məktəb səviyyəsi həcmində savaddan da bixəbərdirlər. Azərbaycan mətbuatında savadsız bir kütlə-"jurnalistlər" peyda olub və onlar mətbuatı korlamaqla məşğul olurlar. Öz tərcümeyi-hallarını yazanda belə səhvə yol verirlər. Nəinki ifadə səhvlərinə, orfoqrafik səhvlərə də yol verirlər”.
Çox təsadüfi adamlar mediada. Öz sahəsində, ilk peşəsində uğur qazana bilməyənlər, əli hər yerdə üzülənlər dolub mediaya. Bəzən “sarı mətbuat”ın bolluğundan danışırlar.
Bəzən saytları, qəzetləri şou xəbərlərin, sarı mövzuların ixtiyarına verildiyini iddia edirlər. Bir dəfə yazmışdım, dərd odu ki, bu axı “sarı mətbuat” da deyil, yazılanlar şou xəbər də deyil. 5-6 ay əvvəl, az qala bir sutka meyxanaçı Kərimin ölüm xəbərini dəqiqləşdirə bilmirdi bizim mətbuat. Mediada sayı bir əlin barmağı qədər mədəniyyət müxbiri yoxdu. Amma Həsən Məmmədovla, Həsən Turabovu ayıra bilməyən, şou-mədəniyyət müxbirin vəsiqəsini gəzdirib Aynişanın liftdə qalmasının birinci kim verdi deyib dava açıb və bununla fəxr edənlərlə doludur.
Azərbaycanda “Paz” adlı qəzetin olduğun bilirdinizmi? Bax, 3 nəfərlik “Paz”ın redaksiyası dağılandan sonra baş redaktora asi çıxanlar “Yeni paz” qəzetini təsis etmişdilər. Burada da üsyan qalxdı. Və növbəti etirazçılar sonradan “Ən yeni paz” redaksiyasını yaratdılar. Sizə qəribə gəldi, inanmadınız hə? Gedin “Azərbaycan” nəşriyyatında kimdən istəsəniz soruşun. Səhv etmirəmsə, 9-cu mərtəbədə yerləşirdi redaksiyaları. Nəşriyyatın 9-cu mərtəbəsindən söz düşmüşkən, illər öncə bir cavan oğlan “Ləyaqət” qəzetində işləmək üçün nəşriyyata gəlir. 9-cu mərtəbədə yerləşən bu qəzetin redaksiyasına qalxır. Amma görür ki, qapı bağlıdır. Bir qədər gözləyir heç kim gəlmir. Bu vaxt görür ki, qonşu otaqlardan birinin qapısı açıqdır. Qapıdan içəri girir, işləmək istədiyini deyir. Sən demə, “Azadlıq qəzet”inə gəlib çıxıbmış. Təsəvvür edirsiz, adam sonradan orada işlədi də.
O nəşriyyatda nə adda qəzetlər olmayıb ki? Orda “Sirlər açılıb”, “Cik-cik” də ediblər. "Müstəqil mühakimə" edənlər, "Qabaqcıl Texnika Uğrunda" "Zəli kimi yapışıb qalıblar. "Bizdən demək", "Prikol", "Əqrəb", "Dəyənək", “Hər bir qadının arzusu” olub, "Müasir kirpilər", "Partapart" edib, "Qəti qərar" veriblər. "Qəzetlər qəzeti", "Həkimin həkimi", "Qərbin qərbi"nə "Qulaqburması" verib, "Şapalaq" vurub, “Arı” kimi sancıb.
"Sözün məqamı"dı deyim, "Dəryaz", "Şeytan", “Taran”a gedib. “Turqut-A”, “TatlıSeS-Market” də qəzet açıblar, “Xalq vəkili”, “Müfəttiş”ə, “Zərbə” vurub, “İynə”ləyib. “Qanun və şah”, “Sehirli xalat”, “Şeş-beş”, “Məmur, sahibkar və qanun”, “Xalq nəzarəti” “ və Yol sürücü”, “Siyasi Azərbaycan”, “Azərbaycan, dövlət, lider”, “Elimiz, günümüz”, “Cənab 37”, “24 Bakı”, 2x2, “Arena b”, Alfa 001” də qəzet adlardır, təəccüblənməyin. Nəşriyyatın mərtəbələrini gəzəndə adama elə gəlir ki, sanki korrupsiya ilə mübarizə ocağıdır bura: “İT spektr Korrupsiyaya yox”, “Korrupsiya və bəşəriyyət”, “Antikorrupsiya”, “Korrupsiya XXI əsrdə”, “Korrupsiya və dövlətçilik”, “Korrupsiya”, “Korrupsiyaya qarşı”. Bu siyahını nə qədər desən, uzatmaq mümkündür. Bəsdi məncə. Hə, yadımdan çıxmamış bir “Kriminal 107” qəzeti də vardı. Rəhmətlik Maarifin qəzeti. Bir dəfə soruşdum ki, niyə qəzetin adına 107 əlavə etmisən? Dedi, maşınımın nömrəsidir.
Ən səmimisi də elə Maarif idi…