Üsyan yaşı: valideynlər necə davranmalıdır? - ARAŞDIRMA
19 may 2020 15:40 (UTC +04:00)

Üsyan yaşı: valideynlər necə davranmalıdır? - ARAŞDIRMA

“Yeniyetmələrin gün rejiminə, dəyərlərinə qarşı çıxdıqda olduqca aqressiv davranış nümayiş etdirir və özlərinin tam doğru oduqlarını sübut etməyə çalışırlar. Ən böyük münaqişə valideynlərlə yarana bilər. Onlar üçün həmyaşıd qrupun, həmyaşıdların fikirləri daha düzgündür. Yeniyetməni ən çox qıcıqlandıran hallardan biri onu digərləri ilə müqayisə etməkdir”.

Bunu Lent.az-a müsahibəsində Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

Psixoloq yeniyetməlik dövrü ilə bağlı ortaya çıxan problemlər və onların həlli yollarından danışıb.

 - Yeniyetməlik dövrü hansı yaşdan başlayır? Yəni konkret yaş həddinin üzərində durmaq doğrudurmu?

 - Yeniyetmə yaş dövrünün hansı yaşdan başlanması ilə bağlı fikirlər fərqlidir. Çünki müxətəlif yeniyetmələrdə şərait, fərdi xüsusiyyətlər və mühitlə bağlı olaraq bu yaş dövrünün başlanması müxtəlif ola bilər. 

Eyni zamanda yeniyetməliyin müəyyən edilməsində inkişafın fizioloji, yoxsa psixoloji xüsusiyyətlərini nəzərə alaraq yeniyetməliyin müəyyən edilməsində mübahisələr indi də mövcuddur. Lakin onun təsviri, inkişaf xsusiyyətləri ilə bağlı fikirlərin bir çoxu üst-üstə düşür. Yeniyetmə yaş dövrü iki yaş mərhələsindən ibarətdir.

Kiçik yeniyetmə yaş dövrü 12-14 yaş;

 

Böyük yeniyetmə yaş dövrü 15-17 yaş.

 

Bu dövr eyni zamanda erkən gənclik dövrü də adlanır.

Müasir dünya elmi 12-17 yaş aralığını yeniyetmə yaş dövrü kimi qəbul edir. Beynəlxalq qanunvericilikdə 10-14 yaş erkən yeniyetməlik, 15-19 yaş böyük yeniyetməlik dövrü kimi qeyd edilir.

Yeniyetməlik dövrünün başlanması oğlan və qızlarda fərqlidir. Qızlar həmyaşıd oğlanlara münasibətdə yeniyetməlik dövrünə daha tez qədəm qoyurlar. Mənim subyektiv fikrimcə, yeniyetməlik yaş dövrünün başlanması şəraitdən asılı olaraq getdikcə daha tez başlanır. Təbii ki, fərdi olaraq bəzi insanlarda bu 9 yaşdan başlayır və erkən inkişaf daha tez-tez özünü büruzə verir.

- Azərbaycanda, digər ölkələrlə müqayisədə yeniyetməlik yaşının daha aşağı və ya yuxarı olduğunu demək olar?

- Bu ilk növbədə fərdi xüsusiyyətlərdən və şəraitdən asılıdır. Təbii mühit və yaşayış şəratinin, qidalanmanın təsirindən asılı olaraq yeniyetməliyin başlanmasında fərqlər mövcuddur. Lakin əsas göstərici fərdi xüsusiyyətlərə bağlıdır və kənara çıxmalar özünü büruzə verir.

- Yeniyetməlik dövründə uşaqlarla necə davranılmalıdır?

- Yeniyetmə dövründə uşaqla necə davranmaq barəsində düşünərkən ilk növbədə yeniyetmələrin psixoloji xüsusiyyətləri, dəyərləri, maraqları, tələbatları, fəaliyyəti ilə bağlı məlumatları bilməyimiz vacibdir.

Fizioloji dəyişikliklər və psixoloji dəyişikliklərin bir-biri ilə bağlılığını yadda saxlamaq lazımdır. Bu dövürdə uşaqlarda hansı dəyişikliyin yarandığını sadalayım.

Bədən ölçülərində və xarici görünüşdə dəyişikliklər başlayır.

Qəfil boy artımı olur. Əl və ayaqların nazikləşir və uzanır.

Bədənin arıq uzun görkəm alması, qızlarda ciyinlərin yuvarlaqlaşması, belin incəlməsi, ombaların böyüməsi, süd vəzilərinin inkişafı və böyüməsi baş verir.

 

Oğlanlarda çiyinlərin böyüməsi və əksinə belin incəlməsi, əzələlərin inkişafı, cinsi orqanların böyüməsi, səsin qalınlaşması və ya incəlməsi prosesi başlayır. Tər vəziləri aktivləşir,

ağızdan kəskin qoxu gələ bilir.

 

Üz dərisində sızanaqlar meydana gələ bilir. Kobudluq, bədən səthində tüklərin sərtləşməsi, qoltuq altında və qasıq nahiyəsində tüklərin meydana gəlməsini göstərmək olar. Oğlanlarda bığ yerinin tərləməsi, üzdə tüklərin çıxması, pollyusiya halları baş verir.

Bu fizoloji dəyişikliklər uşağın emosional psixoloji durumuna da təsir göstərir. Yeniyetmə dövründə onun koqnitiv idrak prosesləri yeni keyfiyyətlər qazanır. Diqqəti, yaddaşı təfəkkürü güclənir, təxəyyülü yeni keyfiyyətlər qazanır. Şəxsiyyətində fərdi xüsusiyyətlər daha aydın özünü büruzə verməyə başlayır.

Psixoloji dəyişiklikləri də qeyd etmək lazımdır.

Bu yaş dövründə uşaq özünün xarici görünüşü ilə həddindən artıq maraqlanmağa başlayır. Bu maraq ideal gözəlliklə bağlı fikirlər, qiymətləndirmələrə gətirib çıxarır. Çox zaman öz bədənində olan dəyişikliklərdən utanır. Bəzən bu dəyişikliklər həddən artıq qabarıq göründükdə, digərlərindən sərt seçildikdə, bu onun üçün ciddi stressə səbəb olur.

Yeniyetmələrin belə dövründə onların fiziki görünüşünü lağa qoymaq, mənfi münasibətlə onun üzünə vurmaq qəti olmaz. Bu onlarda çox böyük emosional partlayışa gətirib çıxara bilər və həmyaşıd və böyüklərə qarşı aqressiv, düşməncəsinə münasibətə gətirib çıxara bilər. Əksinə onun görünüşündə baş verən dəyişikliklərin normal olması və bir müddətdən sonra hər şeyin qaydasında olacağı inamını ona aşılamaq lazımdır. Qızlar üçün mənfi yanaşma və onun xarici görünüşünü tənqid edilməsi onda özünə qarşı nifrət yaradır. Özünü gözəl hesab etməyərək digər həmyaşıdları ilə ünsiyyətdən qaçaraq tənhalığa meyl göstərir, özünəinamsızlıq və özünəqressiyaya çevrilir. Oğlanlarda bu gücsüzlük zəiflik hissi yaradır.

Geyim və danışıq tərzində baş verən dəyişikliklər...

Yeniyetmələr daha gözəl, böyüklər tərəfindən qəbul edilmək üçün böyüklər kimi geyinməyə, həmyaşıd qrupunda qəbul edilən geyim tərzinə üstünlük verir. Adətən daha demonstrativ olaraq diqqəti cəlb etmək, seçilmək məqsədi qoyurlar. Qızlar daha tez-tez güzgüyə baxır və bəzən özlərini bəyənməyərək erkən kosmetik vasitələrə əl atırlar. Onlar danışarkən daha çox emosional, səs-küylü olur, kiçik qruplar yaradırlar. Hər bir sinifdə, məsələn, bir neçə kiçik oğlan və qız qrupu yaranır və onlar arasında münaqişələr meydana çıxır.

Yeniyetmələr həyat tərzi və seçimlərinə olan müdaxilələrə qarşı sərt reaksiya verirlər

Qızlar daha çox anaları, oğlanlar ataları ilə münaqişəyə girir. Onlar tərəfindən əvvəlki kimi kiçiltmə, əzizləmə formasında olan müraciətlərə kəskin etiraz edir, adlarının tam çəkilməsini tələb eldir. Geyim və saç tərzinə müdaxilələr dözmürlər. Özlərinin seçimi ilə geyim almağa çalışırlar. Xüsusən indiki zamanda qadjetlər əldə etməyə meyl göstərirlər.

Bu yaşda olanlar tənqidə qarşı kəskin reaksiya verir, yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq hiss edirlər

Onların gün rejiminə, dəyərlərinə qarşı çıxdıqda olduqca aqressiv davranış nümayiş etdirir və özlərinin tam şəkildə doğru oduqlarını sübut etməyə çalışırlar. Ən böyük münaqişə valideynlərlə yarana bilər. Onlar üçün həmyaşıd qrupun, həmyaşıdların fikirləri daha düzgündür. Yeniyetməni ən çox qıcıqlandıran hallardan biri onu digərləri ilə müqayisə etməkdir. “Camaatın uşağı” mifik obrazını nümunə gətirməkdən uzaq olmaq vacibdir. Valideyn tənqiddən daha çox onunla müzakirə etməyə, bu zaman daha çox onu dinləməyə çalışmalı və müzakirələri onun emosional vəziyyəti stabilləşdikdən sonra həyata keçirməlidir. Əmr etmək düzgün deyil.

Yeniyetmələr həmyaşıd qrupunda öz problemlərini, fikirlərini bölüşməyə çalışır. Bu qrupda özünü aktuallaşdırır və bəzən diqqət almadıqda daha düşünülməmiş hərəkət və risklərə meyl göstərərək nüfuz qazanmağa çalışırlar. Yeniyetmə ideal axtarışında olur. Onun üçün kumirlər ideallıq göstəricisidir. Onları təqlid etməyə çalışırlar. Yeniyetmə üçün orta ölçü yoxdur. Hər şeyi ya ağ, ya da qara qəbul edir. Bu yaşda əks cinsə qarşı meyil yarandığını da qeyd edək.

- Yeniyetməlik və sosial şəbəkələr. Onları bu vasitənin mənfi təsirlərindən qorumağın bir yolu varmı?

 - Yeniyetmə üçün ən aktual tələbat həmyaşıdlarla ünsiyyət tələbatı və öz şəxsiyyətini aktuallaşdıraraq təsdiq etməsidir. Adətən, həmyaşıd qrupunda kollektivdə özünü həddən artıq çox tənqid edən yeniyetmə klaviatura arxasında gizlənir. Təbii ki, sosial şəbəkələr müasir dünyanın ünsiyyət vasitələrindən biridir. Lakin o canlı ünsiyyəti heç bir zaman əvəz etməyəcək. Sosial şəbəkələrdə ünsiyyət geniş imkanlar yaradır, lakin o eyni zamanda yeniyetmənin öz hislərini tam dolğun ifadə etməsinə, psixoloji müdafiəsinin gücləndirməsi üçün təcrübənin əldə edilməsinə mane olur. O öz statusunu real xarakter keyfiyyətləri, uğurları, ətrafdakıların real qyimətləndirmələri ilə deyil, “like”lar formalaşdıraraq özü üçün illüziya yaratmış olur. Digər tərəfdən vaxtının böyük br hissəsini bura sərf edərək real bilik, bacarıq və vərdişlərin, təcrübənin ədə edilməsində gecikmələrə yol açır. Pandemiya dövründə bir çox İKT imkanları hazırda dərslərin keçirilməsinə imkan yaratdı. Lakin əgər diqqət yetirsək görərik ki, məktəblilələrin böyük əksəriyyətinin tələbatını tam ödəmədi. Müəllmlə canlı ünsiyyət daha çox imkanlar yaradır.

Bunun qarşısının almağın ən uyğun yolu böyüklərin - valideyn və müəllimlərin uşaqların birgə, bərabərtərəfli ünsiyyətini təşkil etmələridir. Müxtəlif ekskursiyalar, pikniklər, dərsdən kənar tədbirlər təşkil edilməli və canlı ünsiyyət üçün motiv və şərait yaratmalıdırlar. Rəsmi münasibətlər çərçivələrə tabedir. Yeniyetmə üçün qeyri-rəsmi bərabərtərəfli ünsiyyət, öz sözünü, özünüifadə və özünütəsdiq imkanları yaratdıqda o öz qorxu və inamsızlığını adlayacaq, ünsiyyət mədəniyyəti mənimsəyəcək və ən əsası ətrafdakılara etibar edəcək. Xüsusilə məktəb psixoloqu sosial psixoloji treninqlərdə uşaqların ünsiyyət və özünüifadəsini təşkil etməkdə önəmli rol oynayır. Bir məsələni də qeyd etmək laızmdır ki, yeniyetmə üçün onun qabiliyyət və imkanlarını, fərdi xüsusiyyətlərini inkişaf etdirmək üçün müxtəlif məşğələlərə - idman zallarına, musiqi, rəqs, rəsm, natiqlik məşğlələrinə, ünsiyyət klublarına getməsini təmin etmək lazımdır. O öz qabiliyyətlərini bir çox yerdə sınamalıdır ki, nəticədə özünü təsdiq etməyin yolunu tapsın. Bu kurs və məşğələlərdə o daha çox həmyaşıdı ilə tanış olur və onun özünütəsdiqi üçün daha geniş meydan yaranır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, əgər valideyn yeniyetmə ilə ünsiyət yaratmaq əvəzinə özü smartfonla sosial şəbəkələrdə oturursa, bu artıq özü bir nümunədir və nümunədən imtina etmək lazımdır. Günün müəyyən saatlarında modemi söndürüb ailə, yeniyetmə ilə birgə ünsiyyət saxlamaq, parka getmək düzgün davranış və nümunə olardı. Belə tövsiyələr çox vermək olar. Valideyn özü yeniyetmə ilə ünsiyyəti üçün qarşısına məqsəd qoymalıdır.

- Ailədə ata və ya ananın olmaması keçid dövrünü yaşayan uşaqlarda hansı izləri buraxır?

- İlk növbədə yeniyetmə üçün ana ideal qadın, ata ideal kişi obrazıdır. Bu valideynlərdən biri olmadıqda sosial cins rolunun mənimsənilməsində pozuntular, kənara çıxmalar özünü göstərir. Valideyni olmayan uşaq özünəinamsız, dəstəksiz, tənha hiss edir. Ümimiyyətlə, kiməsə inamının formalaşması çətin yaranır. Valideynlər olmadıqda uşağa nəzarət və qayğının olmaması onun riskli davranışa və risk qruplarına daxil olması üçün şərait yaradır.

- Yeniyetməlik dövrünün böhranlı keçməsi insanın gələcək həyatında necə rol oynayır?

- Yeniyetməlik şəxsiyyətin inkişafında böhran dövrlərindən ən mürəkkəbidir. Bu böhran insanın özünütəsdiq və öz dəyərlərini müəyyən etməsi üçün vacib və normal sayılmalıdır. Onun problemli keçməsi şəxsiyyətin özünütəsdiqi, özünü aktuallaşdırması, xarakter və dəyərlərin formalaşmasıdır. Psixoloji özünümüdafiə təcrübəsinin yaranmasıdır. Yaşlılıq, gənclik üçün bünövrənin yaranmasıdır. Yeniyetmə səhvlər edir və sonradan səhvlərini dərk edərək nəyin yaxşı, nəyin pis olduğunu özündə müəyyən edir. Bu isə onun gələcək həyatı üçün təcrübədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18640
avatar

Aygün İbrahimli

Oxşar yazılar