Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tarix üzrə elmlər doktoru Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)” adlı kitabı çap olunub.
Tarix İnstitutundan Lent.az-a verilən məlumata görə, kitabın elmi redaktoru görkəmli ortaəsrşünas alim, akademik Yaqub Mahmudovdur.
Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyəti öyrənilib. Əsərdə Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinin öyrənilməsində Türkiyə tarixçilərinin baxışı təhlil olunub. Müəllif əsərində XVI-XVIII əsrin əvvəllərində Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr, Səfəvilərin Məmlük dövləti, Şeybanilər, Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, gürcü knyazlıqları və Avropa ölkələri ilə qarşılıqlı əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi vəziyyətini araşdırıb və dövrün mənbələrindən istifadə edərək təhlil edib. Nəşrdə Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixinə dair zəngin faktik materiallar verilib.
Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiya tarixçilər, Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.