Səngərdəki şairlər, 35 min konsert, 1 milyon şüar – Səbuhi Məmmədli yazır
09 may 2020 14:00 (UTC +04:00)

Səngərdəki şairlər, 35 min konsert, 1 milyon şüar – Səbuhi Məmmədli yazır

Qələbənin 75 illiyi ərəfəsində Rusiya Müdafiə Nazirliyi unikal arxiv materialları yayıb. Amma bu, müharibə zamanı hansısa hərbi əməliyyatlarla bağlı gizli arxiv sənədləri deyil.

Ruslar bu dəfə İkinci Dünya mühaibəsində iştirak etmiş, lakin sonralar SSRİ-nin məşhur kino və teatr ulduzlarına çevrilmiş nəhəng şəxsiyyətlərdən bəhs ediblər. Onların arasında kimlər yoxdur? Oynadığı rolları sevə-sevə izlədiyimiz Anatoli Papanov, İnnokenti Smoktunovski, Yuri Nikulin, Leonid Qayday, Mixail Puqovkin, Vladimir Etuş…

Mühribənin od-alovundan salamat çıxmış bu insanlar, sonradan bütün SSRİ-də məşhur olacaqdılar. Amma müharibə, o qanlı-qadalı günlər heç vaxt onların yadından çıxmayacaqdı.

O dəhşətli müharibədə Azərbaycan təkcə 600 min insanı və neftiylə iştirak etməmişdi. Azərbaycanın görkəmli mədəniyyət xadimləri, artistləri, şairləri, rəssam və bəstəkarları da müharibə başlayandan ön cəbhədə olmuşdular. Hətta döyüşənləri ilə birgə. Məsələn, sonradan Azərbaycan kinosuna Cahandar ağa kimi obrazla damğa vuran Ələddin Abbasov kimi.

1941-ci ildə müharibəyə gedəndə Ələddinin 19 yaşı vardı. Sıravi əsgər kimi 1945-ci ilə qədər cəbhənin alovundan keçib. Döyüş yoldaşları ilə nəfəslərini dərməyə imkan tapan kimi səngərin bir hissəsini səhnəyə çevirib, onlara Otellonun monoloqunu, Vaqifin şeirlərini deyərmiş.

Müharibə illərində döyüşən ordu ilə canlı əlaqə, əsgər və zabitlərlə görüş yazıçıları və şairləri təkcə vətənpərvərlik ruhunda yeni əsərlər yaratmağa ilhamlandırmırdı. Səməd Vurğun, Rəsul Rza, Mir Cəlal Paşayev, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev və İlyas Əfəndiyev tez-tez 416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyaları görüşə getmişdilər. Mirzə İbrahimov və Mir Cəlal Paşayev 1942-ci ilin sentyabrında Uzaq Şərqdəki qızıl ordu hissələrinə yollanan nümayəndəliyin tərkibinə daxil olunmuşdular.

1942-ci ilin payızında Qafqaz uğrunda gərgin döyüşlər getdiyi günlərdə də bu insanların əksəriyyəti uzun müddət Sevastopol və Kerçdə döyüşçülərlə birgə səngərlərdə idilər. Həmin illərdə cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 172 adda 247 min nüsxə kitabça, 106 adda 736 min plakat, 66 adda 813 min vərəqə, 213 adda 1 milyon 200 min şüar göndərilmişdi.

Azərbaycan bəstəkarları müharibə illərində 400 yeni əsər-marş, simfoniya, mahnı, opera və s. yaratmışlar. Üzeyir Hacıbəyovun “Şəfqət bacısı”, “Qələbə himni”, Səid Rüstəmovun “Cəbhəyə”, Süleyman Ələsgərovun “Gözlə məni”" mahnıları dillər əzbəri olmuşdu.

1941-ci ildə Radio Komitəsi nəzdində Üzeyir bəyin təşəbbüsü ilə Xalq çalğı alətləri ansamblı təşkil olunmuşdu. Döyüşçülərə xidmət üçün cəbhə konsert briqadaları yaradılmışdı. 22 briqada döyüşən ordu hissələrində, 70 briqada sərhəd və ehtiyat hissələrində çıxış etmişdi.

1941-ci il iyunun 23-dən 1943-cü ilin əvvəllərinədək Azərbaycan incəsənət nümayəndələri hərbi hissələrdə 19261 konsertlə çıxış etmişdilər. Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki hospitallarında müalicə olunan yaralılara xidmət məqsədilə Bakıdan xüsusi briqadalar göndərilirdi. Xalq artisti Bülbül, bəstəkarlar Cahangir Cahangirov, Səid Rüstəmov, Niyazi və digərləri daim səngərlərdə olurdular. Onların bir çoxu Belarus cəbhəsində, Azərbaycan diviziyalarının döyüşçüləri önündə çıxışlar etmişdilər. Teatr artistləri Kerçdə, Voroşilovqradda, Uzaq Şərqdə 100-ə qədər konsert-tamaşa təşkil etmişdilər.

Müharibə illərində Azərbaycan artistləri hərbi hissələrdə ümumilikdə 35 min konsert vermiş, Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda və kənd rayonlarında 15 min dəfədən artıq çıxış etmişdilər. İncəsənət xadimlərinin əsgər və zabitlər qarşısında çıxışları döyüşçülərə yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi. Azərbaycan kinematoqrafçıları hərbi xronika və vətənpərvərlik mövzusunda kinolentlər yaradırdılar. Bu dövrdə “Vətən oğlu”, “Bəxtiyar”, “T-9 sualtı qayığı” filmləri daha populyar idi. Cəbhəyə xidmət üçün 67 səyyar kino qurğusu, 42 kino dəzgahı göndərilmişdi.

Respublikanın 20-dən artıq rəssam ordu sıralarına getmişdi. Onların çoxu bilavasitə döyüşən ordu sıralarında vuruşmuşdu. Əfsanəvi Mehdi Hüseynzadə, Leninqrad cəbhəsində döyüşən Qafar Seyfullayev, Krım cəbhəsində vuruşan Həsən Haqverdiyev və başqaları belə döyüşçü rəssamlar idilər.

Yeri gəlmişkən, bir maraqlı fakt: Faşist işğalçıları ilə döyüşlərdə yazıçılardan Hüseyn Natiq, Ənvər Qazıyev həlak olmuşdular.

Bu hələ, necə deyərlər, bizim bildiklərimizdi. O lənətə gəlmiş müharibə barədə arxivlərdə nələr var, bax, bu artıq başqa mövzudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5667
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar