Mənim canım möhkəmdir - KORONAVİRUS BAZARDA
05 may 2020 14:57 (UTC +04:00)

Mənim canım möhkəmdir - KORONAVİRUS BAZARDA

Koronavirus pandemiyasının təhlükəsi davam edir. Artıq 3 aydan artıqdır səhərimiz  bu virus söhbəti ilə açılır, günümüz onunla başa çatır. İki aydır təhsil müəssisələrində tədris dayanıb. Karantin rejimi tətbiq olunduğundan vacib işimiz olmadığı halda bayıra çıxmamaq çağırışı olsa da, əhalinin əksəriyyətinin davranışlarını müşahidə edəndə koronavirusun yaddan çıxdığını düşünməmək olmur.

Lent.az-ın əməkdaşı Xırdalan şəhərindəki bazarda kiçik bir müşahidə aparıb. Ortaya çıxan nəticədən aydın olub ki, insanların çoxu koronavirus pandemiyasına ciddi yanaşmır.

Onu da qeyd edək ki, xüsusilə mayın 4-dək əhalinin ən çox üz tutduğu məkanlar market və bazarlar idi. İnsanlar sanki parka, işə gedə bilməməyin heyfini çıxırdı.

Xırdalan bazarında nələr yaşandığına gəldikdə... Ara-sıra maska taxanlar gözə dəysə də, əksəriyyət maskasız və heç bir məsafə gözləmədən hərəkət edir.

Adam əlindən bazara daxil olmaq çətinləşib. Adi vaxtlarda bazarda bu qədər adam olmurdu, bunu iddia etməyin də yeri var. Nənə-babalar nəvələrinin, valideynlər azyaşlı uşaqların əlindən tutub bazarda gəzişir.

Önündəki piştaxtanın üzərinə 15-20 çeşid turşu yığan orta yaşlı xanımdan bir-iki söz soruşmaq üçün ayaq saxlasaq da, gözlərini süzdürüb cavab verməkdən imtina edir. Amma söz atmağından qalmır: "Tünlük indi yaranmayıb. Karantinin ilk günləri adam az gəlsə də, sonrakı günlərdən bazarda kifayət qədər alıcı olur".

Nədənsə bazara gedib alış-veriş eləmək haqqımızı unutmasaq da, sosial təcrid qaydalarına əməl etmək məsuliyyətimizi yaddan tez çıxarmışıq.

Yaşlı bir kişi limonlara baxan nəvəsinin qarşısını ala bilmir. Uşaq birini götürür, o birini qoyur. "Ay dayı, niyə virus təhlükəsinin olduğu bir vaxtda nəvə ilə çölə çıxıbsan" sualının cavabı gülümsəmə ilə gəlir: "Hansı xəstəlik, qızım? Elə bir xəstəlik yoxdur. Hamısı uydurmadır".

Tərəvəz satan satıcılar söhbətə qoşulur: "Bacı, mən Füzuli rayonundanam. Yanımdakı qardaş Biləsuvardan. İndiyə kimi rayonda nə virusa yoluxan görmüşük, nə də ölən. Maska taxmıram, çünki nəfəs ala bilmirəm. Belə bir xəstəlik olduğuna inanmıram".

Biləsuvardan olan satıcı həmkəranın sözlərini başı ilə təsdiqləyir. Məlum olur ki, bu insanlar gündə yüz nəfərlə qarşı-qarşıya dayansa da, heç bir gigiyenik qaydalara, sosial məsafə anlayışına əməl etmir.

Bazarda tək satıcılar deyil, alıcılar arasında da yaşı 65-i çoxdan keşmiş insanlar az deyil.
Pendir satan Sara nənə deyir ki, yaşı nəinki 65-i, hətta 70-i də keçib: "Deyirlər ki, 65 yaşdan yuxarı insanlar risk daşıyır. Elə xəstəlik olsaydı, birinci gərək mən tutardım. Özüm İsmayıllıdanam, pencər satan qadın Bərdədəndir. Biz heç qonum-qonşuda, qohumda o xəstəliyin olduğunu görməmişik. Oğlum narahat olur, deyir, "ana gedib virus gətirərsən". Deyirəm, "virus olsaydı, çoxdan çıxardı".

Sara nənənin fikrincə, o virus başqa ölkələrdə var: "Allahın köməyi ilə bizdə yoxdur, olmayacaq da".

Uşaqları ilə bazara gələn valideynlərə səbəbini soruşanda gülürlər. Xəstəlikdən qorunmaq fikrini özlərinə yaxın buraxmayan sakinlər balacaları təhlükəyə atdıqlarını düşünmək belə istəmir.
Göy-göyərti satan yaşı 65-i keçən dayı isə deyir ki, cavanlıqda yaxşı yeyib-içib: "Yemək-içməyimə həmişə fikir verən olmuşam. Canım möhkəmdir. Ona görə xəstəlik mənə yaxın gəlməz".

Bazarda müşahidələrimiz, söhbətimiz zamanı, sadəcə iki yaşlı xanımın maska və əlcək geydiklərini gördük. Səbəbini soruşanda isə qadınlardan biri dedi ki, sağlamlığının qayğısına qalır: "Bu söhbət çıxandan zibil atmağa da maska ilə gedirəm. Mən öz sağlamlığımı qoruyuram. Buna əməl etməyənlər özləri bilər".

Xülasə, bazarda, bazarın yaxınlığındakı böyük marketdə iynə atsan yerə düşməz. Əli çəlikli babadan tutmuş, ağbirçək nənələrə, qucaqda gəzəcək yaşda olan körpələrə, hamilə qadınlara qədər hamı öz işindədir. 

P.S Göründüyü kimi bazarda çalışan insanlarımız koronavirusun Azərbaycanda olmadığına inanırlar. Bu virusun ölkəmizdə olmaması hər birimizin arzusu olsa da, təəssüf ki, reallıqlar var. Son iki ayda ölkəmizdə 2000-ə yaxın koronavirusa yoluxub. 29 insan vəfat edib. Bu xəstəliyə yoluxanları sağaltmaq və virusun ölkədə geniş yayılmasının qarşısını almaq üçün dövlət tərəfindən vəsait ayrılır, çətinliyin aradan qaldırılması üçün zəhmət çəkilir. Həkimlər bu xəstəliklə mübarizədə əmək sərf edir. Pandemiyanın vurduğu zərərləri hər bir azərbaycanlı ailəsi hiss edir. Bunun üçün mütləq hər ailədə xəstəliyə yoluxanın olması şərt deyil. Xəstəliklə bağlı təşvişə düşməmək müsbət haldır. Amma xəstəliyin olmadığını iddia etmək, buna özünü və ətrafdakıları inandırmaq aparılan tədbirlərlə uzlaşmır. İnanmamaq olar, amma təəssüf ki, bu sabit fikir özlüyündə məsuliyyətsizliyə, qoyulan qayda-qanuna əməl etməməyə səbəb olur.

İnsanlar xəstəliyi ciddiyə almır. Belə çıxır ki, gigiyenik qaydalara, kütləvi yerlərdə özünüqoruma tədbirlərinə ancaq qorxu hissi yaşayarsaq, əməl edəcəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12702
avatar

Aygün İbrahimli

Oxşar yazılar