“Koronacvirusla mübarizədə hökumətlə cəmiyyətin birgə fəaliyyəti çox önəmlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M. Quliyev bildirib ki, hökumətin bu vəziyyətə davranışı hadisəyə adekvatdır: “Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinəı alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür. Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitimiz var. Operativ qərargahdan və KİV-dən xahişim ondan ibarətdir ki, gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya versinlər. Bu zaman fake informasiyalara yer qalmayacaq. Bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir.
Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız sadəcə operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.
M. Quliyev bildirib ki, virusla mübarizənin ən effektiv yolu xəstə insandan qaçmaqdır: “İnsanların ehtiyac olmadığı hallarda çox yerə toplaşması arzu olunan deyil. Hesab edək ki, müharibə şəraitindəyik. Biz bir-birimizi, yaxınlarımızı qorumalıyıq. Eyni zamanda iş yerlərində də dizenfeksiyaedici məhlullardan istifadə məqsədəuyğundur. Bu şərtlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin. İş yerlərində əməkdaşların maaşları saxlanılmaqla, 2 həftəliyinə kənarlaşdırılması və sosial məzuniyyətə göndərilməsi ilə bağlı qərar verilməlidir. Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”.