İstirahət üçün Bakıdan çıxa bilməyənlər: haraya gedək?
02 iyun 2020 09:33 (UTC +04:00)

İstirahət üçün Bakıdan çıxa bilməyənlər: haraya gedək?

“Mən Romada Kolizeyi, Milanda Duomonu, Parisdə Eyfel qülləsini, Moskvada Kremli, hətta İslamabadda Şah Feysəl məscidini belə görmüşəm. Bu yerlər həmin şəhərlərin simvolu olduğu kimi, Qız qalası da Bakı üçün elədir”.

Bu sözləri dünyanın 40-a yaxın ölkəsində olmuş və gəzib görməli yerlərə yaxşı bələd olan jurnalist Səbuhi Məmmədli deyir. Səbuhi bəyi həm də ölkəmizin görməli yerlərinə yaxşı bələd olan biri kimi də təqdim edə bilərik. Çünki onunla söhbətimiz zamanı bizə ölkəmizdə səyahət edə biləcəyimiz məkanlarından bəhs etdi.

Nəzərə alsaq ki, koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejimi ilin sonuna qədər davam edəcək, o zaman ölkə xaricinə çıxıb yay istirahəti etmək, gəzintilərə getmək mümkün olmayacaq. Eyni zamanda, rayonlara getmək də müəyyən müddət mümkün olmadı. Əgər pandemiya səbəbi ilə rayonlara gediş-gəlişin təxirə salınma müddəti uzadılsa, deməli uzun yay günlərində istirahət üçün üz tutduğumuz rayonlardan da məhrum olacağıq. Yaxşı, bəs qarşıda gələn yay aylarını harada, necə dincələk? Bakıda gəzib görməli yerlər haralardır?

Lent.az-ın əməkdaşı bu suallara cavab tapıb:

 

“Bakı, təbii ki, Roma və ya Peterburq deyil. Amma yetərincə qədim tarixi var. Və Bakı Avropanın paytaxt şəhərləri arasında, həm qədim, həm də yetərincə müasir şəhərlərindən sayılır. Paytaxtımızın görməli yerlərinə gəlincə, mən ilk növbədə Neft Daşlarını qeyd edərdim. Nəinki Bakının, hətta dünyanın ən unikal yerlərindən biri olan Neft daşları turistlər üçün çox maraqlı məkan sayıla bilər. Dünyanın 8-ci möcüzəsi adına iddialı olan bu dəniz içində şəhərdir.

Növbəti görməli yer kimi İçərişəhəri deyə bilərəm. Dünyanın paytaxt şəhərləri arasında İçərişəhər kimi məkanı olan çox az yer var.

Qız qalası... Qız qalası sözün həqiqi mənasında Bakının simvoludur. Mən Romada Kolizeyi , Milanda Duomunu, Parisdə Eyfel qülləsini, Moskvada Kremli, hətta İslamabadda Şah Feysəl məscidini görmüşəm. Bu yerlər həmin şəhərlərin simvolu olduğu kimi Qız qalası da Bakı üçün elədir.

Növbəti yer Bakı Nəbatat bağlıdır. Sadəcə, buranı bir az səliqəyə salmaq və bir qədər sərmayə qoymaq lazımdır. Şirvanşahlar sarayı turistlər üçün cəlbedicidir. Oranın tarixini yaxşı bilən bələdçi turistlərdə böyük maraq yarada bilər. Bu sırada Azərbaycan Xalça muzeyini qeyd edərdim. Azərbaycan xalçaçılıq sənətinin ən unikal nümunələrinin saxlanıldığı Xalça muzeyi turistləri heyrətə gətirə bilər. Qobustan qayalıqları da tarixi və möhtəşəmliyi ilə seçilir.

Heydər Əliyev mərkəzi nəinki Bakının, deyərdim ki, bütün dünyanın ən gözəl memarlıq nümunələrindən biridir. Avropanın ən böyük dənizkənarı bulvarlarından biri olan Bakı bulvarı da turistlər üçün çox cəlbedicidir. Burada qiymətlər münasib olsa, əvəzsiz istirahət yerlərindən birinə çevrilər. Atəşgah məbədi isə sözün əsl mənasında turistlərin heç vaxt unuda bilməyəcəyi bir məkandır.

Nəhayət, Bakı milyonçularının 19-cü əsrin axırı, 20-ci əsrin əvvəllərində tikdiyi binalar... Arxitektura nümunələrinin tarixini yaxşı bilən bələdçi bu haqda danışmaqla turistlərdə unudulmaz təəssüratlar qoya bilər. Bura Alov Qüllələrini, Dağüstü parkı, “Torqovı” və Fəvvarələr meydanını misal göstərmək olar. Ümumiyyətlə, əminliklə demək olar ki, Bakı əcnəbi qonaqlarda xoş təəssürat yaradacaq bir şəhərdir. Mən turizm agentliyinə təklif edərdim ki, “Bakının 7 möcüzəsi” adlı bir proqram hazırlasınlar. Reklam çarxları çəksinlər. Bu barədə təbliğat aparsınlar. Bütün bunlar turistlər üçün çox maraqlı olar".

Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov deyir ki, Bakıda kifayət qədər tarixi məkan var:

 

“Bakının tarixi mərkəzi İçərişəhərdə onlarla yerli və dünya əhəmiyyətli abidə mövcuddur. İçərişəhərin məscidləri, karvansarayları, hamamları, qüllələri, yaşayış binaları və ən əsası da Şirvanşahlar Sarayı və Qız Qalası ilə tanış olmaq üçün İora səyahət edin.

Qədim zərdüştlərin mirası ilə tanış olmaq üçün Atəşgah Məbədi Dövlət Tarix Memarlıq Qoruğu və Yanardağ Dövlət Tarix – Mədəniyyət və Təbiət qoruğuna baş çəkin. Qədim dövrlərdə insanlar necə yaşayıb? Gündəlik həyat necə olub? Qobustana ziyarət edərək qayaüstü rəsmlərlə tanış olun və 40 min əvvəldən orta əsrlərə kimi insanların necə ov etdiyi, həyat tərzi, mədəniyyəti barədə unikal məlumatlar öyrənmək fürsətini əldən buraxmayın. Bundan başqa, bu ərazi dünyanın yeddi təbii möcüzəsindən biri hesab olunan palçıq vulkanları ilə də zəngindir.

Azərbaycan xalçaları bütün dünyada tanınır. bu xalçalar barədə geniş məlumat almaq, onların üzərindəki elementləri anlamaq və tkilməsi qaydalarını canlı görmək üçün Xalça Muzeyinə tur edin.

Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu – masterklasslar, interaktiv turlar və ekskursiyalar üçün Qalaya ziyarət edin. Bundan əlavə, Çovqan oyunu barədə nə bilirsiniz? Bu milli Azərbaycan oyunu YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qala ərazisində çovqan oyunu üçün atçılıq mərkəzi də mövcuddur.

Dünya şedevrləri, nadir rəsmlər və heykəllər və əlbəttə, muzey binası – incəsənətlə maraqlanan hər kəs Azərbaycan Milli İncəsənət Muzeyinə təşrif buyura bilərlər. İtaliya, ya Fransa zalı? Ömər Eldarovun heykəlləri, yoxsa Tahir Salahovun rəsmləri? Seçim edin və zövq alın! Qafqazda qolf macərası üçün Bakıda yerləşən Dreamland Golf Club-a baş çəkə bilərsiniz. Bakı küləyi bu macəraya xüsusi bir ahəng qatır.

Paytaxt ərazisində təbiət qoynunda istirahət etmək üçün insanların üz tutduğu yerlərdən biri də, Mərdəkan Dendrarisidir. Burada, yerli və Avropa bitkiləri sizlərdə xüsusi bir maraq yaradacaqdır.

Bakıda kənd abı-havasını hiss etmək istəryirsiniz? Ənənəvi bazarlardan əlavə, "Kənddən Şəhərə" satış mərkəzlərində əlverişli qiymətlərlə kənd təsərrüfatı məhsullarını tapa bilərsiniz. "Kənddən Şəhərə" kənddə yaşayan insanlar üçün yeni imkanlar yaratmaqla yanaşı yerli tələbatı ödəmək üçün ölkənin ən yaxşı kənd təsərrüfatı məhsullarını paytaxta gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən başladılan innovativ aqro layihədir. Burada ən yaxşı yerli məhsulu şəhər mərkəzindən çıxmadan əldə edə bilərsiniz. Bakıda təbiət sevərlər üçün bir sıra geniş parklar salınmışdır. Ailəniz və yaxınlarınız ilə birgə əyləncəli vaxt keçirmək üçün Central Park-a üz tuta bilərsiniz. Bundan əlavə, Heydər Əliyev Mərkəzinin ətrafında yerləşən parkda səmərəli vaxt keçirmək üçün bir sıra sərgilər və sosial şəbəkələrdə aktiv istifadəçilər üçün “I Love Baku” yazı simvolu qarşısında şəkil də çəkə bilərsiniz”.

Hə, beləliklə bütün bu söhbətlərdən belə qənaətə gəlirik ki, yay mövsümündə Bakıda da istrahətinizi istədiyiniz kimi təşkil edə bilərsiniz. Çox pul xərcləmədən üz tutduğunuz məkanlarda həm vaxtınız xoş keçəcək, həm də tariximiz haqqında bilmədiyiniz məlumatları əldə edə biləcəksiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10177
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar