Göyçayın 15-ə yaxın kəndində su çatışmazlığı
25 iyun 2020 14:46 (UTC +04:00)

Göyçayın 15-ə yaxın kəndində su çatışmazlığı

Yayın isti günlərində Göyçay rayonunda minlərlə insan suvarma suyunun çatışmazlığı problemindən əziyyət çəkir.

Son bir ayda yağıntının az olması səbəbindən Göyçay çayında, Yekəxana gölündə və Yuxarı Şirvan kanalında suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə rayonun 15-ə yaxın kəndində su qıtlığı yaranıb, insanlar meyvə bağlarını, tərəvəz və bostan məhsullarını vaxtında suvara bilmir. Su problemi ilə üzləşən Şəhadət və Qarabağlar kəndlərinin sakinləri Agah Orucov, Müslüm Məmmədov və başqaları Lent.az-a bildiriblər ki, əziyyətlə yetişdirdikləri meyvə ağacları, tərəvəz bitkiləri isti havada susuzluqdan quruyaraq tələf olub. Onlar hazırda kəndin su arxlarının boş olduğunu, çarəsiz duruma düşdüklərini bildiriblər:

"Biz arxın suyundan həm evdə, məişətdə istifadə edirik, həm mal-qaranı, toyuq-cücəni su ilə təmin edirik. Həmçinin həyətyanı sahəni, ağacları, tərəvəz və bostan bitkilərini suvarırıq. Bir aydır ki, kənddə su qıtlığı yaranıb. Səsimizin eşidilməsini, bizə köməklik olunmasını istəyirik".                   

Məsələ ilə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov Lent.az-a bildirib ki, quraqlıq səbəbindən su kanallarında və çaylarda suyun səviyyəsi aşağı düşüb, həmin kəndlərdə su çatışmazlığı yaranıb:

"Göyçayda əkin sahələri mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalı, Göyçay çayı və Yekəxana gölü vasitəsilə suvarılır. Həmişə Qəbələ və İsmayıllıya yağan yağışlar hesabına Göyçay çayının və Yekəxana gölünün hövzəsinə su toplanır. Son bir ayda yağıntı olmadığı üçün hazırda Göyçay çayının məcrasi quru vəziyyətindədir, su tamamilə azalıb. Biz mövcud olan az su ehtiyatından səmərəli istifadə etməyə çalışırıq, suyu növbəli bölgü əsasında kəndlərə ötürürük. Hamılıqla israfçılıq etməsək və sudan qənaətlə istifadə etsək vəziyyətdən çıxa biləcəyik".

Qeyd edək ki. Göyçayda torpaqların 17 min 772 hektarı Yuxarı Şirvan kanalı, 7 min 19 hektarı Göyçay çayı, 1609 hektarı Yekəxana su anbarı vasitəsilə suvarılır. Rayon suvarma sistemləri idarəsinin əməkdaşları hazırda suyun bölüşdürülməsi işini nizamla həyata keçirməyə çalışır və yerli əhali əkin sahələrini gecə-gündüz növbəsi ilə suvarır.

Şahnəzər Bəşirov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3526
avatar

Oxşar yazılar