Martın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan Lent.az-a verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, bölmənin sədri, akademik İradə Hüseynova akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamına uyğun olaraq, bölməyə daxil olan elmi müəssisələrdə dezinfeksiya işlərinin aparıldığını bildirib. O, koronavirus pandemiyasına qarşı AMEA-nın institutlarında maarifləndirici tədbir və seminarların təşkil olunduğunu diqqətə çatdırıb.
İclasda koronavirusun genomu, quruluşu, mənşəyi, biotəhlükəsizliyi və ona qarşı vaksinlərin hazırlanması barədə müzakirələr aparılıb. Bildirilib ki, elmi müəssisələrin əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri və hazırlanması prosedurları istiqamətində geniş tədqiqatlar aparılır.
Tədbirdə Nazirlər Kabinetinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2020-ci il fevralın 24-dəki sərəncamından da bəhs olunub. Sərəncamın AMEA-ya aid edilmiş müvafiq bəndlərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, sözügedən sərəncamdan irəli gələn məsələlər Humanitar və İctimai Elmlər Bölməsi ilə birgə işlənib hazırlanacaq.
Sonda BTEB üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.